Bu gün Nizami Kino Mərkəzində "Ər quyusu" filmi nümayiş olundu. Teleqraf.com xəbər verir ki, film yazıçı Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilib.
Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadədir.
Aktrisa Ülviyyə Əliyeva filmdə maraqlı personajı yaratdığını deyib:"Mənə təklif olunan heç bir rolu geri qaytarmıram. Səidə xanım belə bir film çəkmək istədiyini deyəndə məmnuniyyətlə bu rolu oynayacağımı dedim.İnanıram ki, tamaşaçılar da filmi bəyənəcək".
Komik hadisələrlə zəngin filmdə əsas rolları Əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa edirlər.
90-cı illərin həyat tərzi və münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Belə ki, yaradıcı heyət 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın və bütün bunların fonunda “evdəqalmış” damğası alan qızların dramını sarkazmla ekrana köçürüb.
Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılib.
Nərmin