Nərmin Bezmenin “Qurd Seyid və Şura” və “Qurd Seyid və Murka” romanlarının motivləri əsasında çəkilən “Qurd Seyid və Şura” serialında Murka obrazını canlandıracaq aktrisa bəlli olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, istehsalçı şirkət bu rol üçün iki aktrisanı - Handə Doğandəmir və Fahriyə Evcenin namizədliyi arasında seçim edib, qərarını Evcendən yana verib.
Bezmenin nənəsi Murakını canlandıracaq Evcen yeni mövsümdə Kıvanç Tatlıtuğla kamera qarşısına keçəcək.
Bezmenin romanında Qurt Seyid 1923-cü ildə Münəvvər xanımla evlənir və ona Murka deyə xitab edilir. Bu evlilikdən Nerminin anası Ləman və xalası Şükran doğulur. Yazıçı hər iki qadın haqqında düşüncələrini belə ifadə edib: “Hər iki qadın babamı çox sevib. Amma mədəniyyətləri və həyata baxışları fərqli olduğu üçün öz sevgilərini fərqli ifadə ediblər”.
Qeyd edək ki, ötən mövsüm yayımlanmağa başlayan və baş rollarını Farah Zeynəb Abdullahla Kıvanç Tatlıtuğ oynayan “Qurd Seyid və Şura” serialının Türkiyədə reytinqləri zəif olsa da istehsalçı şirkət ekran əsərinə bir şans da tanıdı. Kino tənqidçilərinin fikrincə, serialın istənilən reytinqi qazana bilməməsinin ən başlıca səbəbi Farah Zeynəb Abdullah və Kıvanç Tatlıtuğ cütlüyünün tamaşaçılar tərəfindən qəbul olunmamasıdır. Əcnəbi ölkələrdə maraqla izlənilən serialın istehsalçıları ümid edirlər ki, Fahriyə Evcenin heyətə qatılması ilə “Qurd Seyid və Şura”nın Türkiyədəki reytinqləri yüksələcək.
Pərvin