Xalq artisti Brilliant Dadaşova Türkiyənin “Kemal Müzik Yapım & Menajerlik” şirkəti ilə işbirliyinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu münasibətlə sənətçi və sözügedən şirkətin rəhbəri Kamal Aslan mətbuat konfransı keçiriblər. Tədbirdə “Türkiyə və Azərbaycan mədəniyyət körpüsü” layihəsi təqdim edilib.
Brilliant Dadaşova Kamal Aslanla çox maraqlandığını qeyd edib: “Mənim xasiyyətimə bələdsinizsə, bilirsiz ki, hər təklifi qəbul etmirəm. Kamal bəyin təklifini məmnuniyyətlə qəbul etdim. Çünki o, sevdiyim sənətçilərlə işləyir. Onun haqda Bəyazdan, Ajda xanımdan və s. şəxslərdən eşitmişəm. Onun ciddi biri olduğunu bilirəm. Qeyri-ciddi yerlərdə yoxam. Bizim işbirliyimiz artıq başladı. İnanıram uğurlu olacaq”.
Kamal Aslan bildirib ki, iki ölkənin qardaşlığını daha da gücləndirmək niyyətindədirlər: “İlk addımımızı ən böyükdən başlayaraq atırıq. Onun üçün də Brilliant xanımla işləmək istədik. Mənim üçün çox özəl biridir. Birlikdə duetlər, konsertlər və s. edəcəyik. Eyni zamanda hər iki ölkə bir-birinin sənətçilərini görmək, məclislərində iştirakını istəyir. Ortada böyük pullar olduğu üçün bəzən alınmır. Bunu tənzimləmək istəyirik”.
Qeyd edək ki, işbirliyi çərçivəsində yeni albom hazırlanacaq, mahnılar yazılacaq, kliplər çəkiləcək. Eyni zamanda müğənni Türkiyədə də konsertlər verəcək.