30 Aprel 2014 16:19
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar, müğənni Elza Seyidcahan türklərə 50 min avrodan aşağı mahnı satmayacağını bildirib. Bu açıqlama mahnıları türk müğənnilər tərəfindən oxunan bəstəkarların qiymət şərtlərini gündəmə gətirib.

Türkiyədə mahnıları daha çox oxunan bəstəkar Gövhər Həsənzadə Teleqraf.com-a açıqlamasında bildirib ki, bu cür şərtlər əslində bizim bəstəkarların reytinqini aşağı salır: “Tək Türkiyə deyil, dünyanın istənilən ölkəsində mahnım ifa olunan zaman əsas fikir verdiyim məqam orada Azərbaycan sənətimizin təmsil olunmasıdır. Bu, mənim üçün önəmlidir. Pul olsa da olmasa da harada təmsil olunacaqsa “Azərbaycan bəstəsidir” deyə müraciət edəndə xoşbəxt oluram. Əgər sabah xarici ölkədə yaşayan tanınan müğənni mahnımı oxuyub, bunun qarşılığında mənə pul ödəməyəcəksə, yenə də onunla qəti şərt qoymaram. Bilirsiniz, bu, Azərbaycan bəstəkarının reytinqini yerə salmaq kimi anlaşılacaq.

Ona görə də mən heç vaxt elə kəskin münasibətlərə getmirəm. Onsuz da xaricdə Gövhər Həsənzadə adı çəkən yoxdur, mahnılarıma hər zaman “Azərbaycan musiqisi” deyə müraciət edirlər. Mən MESAM-ın (Türkiyə Musiqi Əsər Sahiblərinin Məslək Birliyi) üzvüyəm. Qiymətləri mən müəyyən etmirəm. Şirkətlə bağladığım müqaviləyə əsasən birlik mənim mahnılarımı müğənnilərə təqdim edir və pul məsələlərini də özü tənzimləyir. Ya hansısa məbləği mənim hesabıma ödəyirlər, ya da mahnı harada ifa olunursa, faizi mənə çatır. Ona görə orda mahnılarımın neçəyə satıldığını dəqiq bilmirəm”.
Azərbaycana gəlincə, bəstəkar xanım Azərbaycanda bir mahnının 5-6 min manata başa gəldiyini bildirib:“Mahnını 5-6 min manata satıram deyəndə düzgün başa düşmürlər. Elə bilirlər, Gövhər hansısa mahnını müğənniyə göstərir və sonra o pulu götürüb qoyur cibinə. Elə şey yoxdur. Mahnının aranjemanı, səs yazma studiyasının xərci, canlı instrumentlər, eləcə də mahnının hazırlıq müddətində əziyyət çəkən hər kəsin zəhmət haqqı ödənilir və son nəticədə bütün bunlar 5-6 min manata başa gəlir. Kim istəsə Gövhərə əlavə 2-3 min də pul verir, o zaman qiymət 7-8 min manat olur. Amma onu heç kim vermir. Ona görə də ortama rəqəm belədir: 1500-2000 arası aranjeman, 500-600 studiya xərcləri, nəticədə bəstəkara orta hesabla 1500-2000 pul qala qalmaya.

Eləsi var ki, gəlir deyir, mən ancaq aranjemanın pulunu ödəyəcəm, Gövhər, sənin də qulluğunda hər zaman hazıram”. Onun sözlərinə görə, indiki şəraitdə hazır mahnının ərsəyə gəlməsində ən çox instrumental ifaçılar, sonra aranjemançılar, bəstəkarlar, daha sonra şairlər qazanır.

Nərmin


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər