“İki gündür bu iyrənc xəbəri məndən soruşurlar. Dost-tanış, qohum-qonşu, həmkarlarım məni şok etdilər! Bu işdən, şərəfsizlikdən xəbərim yoxdur! Qazanacağım pul ,reklam müqabilində olsa belə, bu yola əl atmaram”.
Teleqraf.com xəbər verir ki, aparıcı Vüsalə Əlizadə bu sözləri İnstaqramda qumardan pul qazanması haqqında yayılan xəbərlərə münasibət bildirərkən yazıb.
Aparıcı buna görə hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib:
“Hələ ki, bu şərəfsizliyin kim tərəfindən edildiyini bilmirəm! Amma vəkilimin şikayəti ilə polis orqanları işə nəzarət edir! Bunu edən alçaq, qürursuz bilir ki, Vüsalə Əlizadə məşhurlar arasında hörmətli və insanların güvəndiyi, etimad etdiyi, hər xəbərinə maraq göstərilən insanlardandır.
Elə ona görə də bu rəzilliyi edib, mənim adımla insanları aldadır ki, guya qumarla milyonlar qazanmışam.
İnsanları aldatmaq, başqasına böhtan atıb adından sui-istifadə edərək pul mənimsəmək nə ilə nəticələnəcək görəcəksən, şərəfsiz! Xahiş edirəm,inanmayın bu iyrənc oyunlara, mənə heç bir aidiyyatı yoxdur!”.