30 Aprel 2020 22:38
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Belə bir atalar sözü var, deyir, tələsən təndirə düşər. Bu ümumdünya bioloji müharibəni bir an da yaddan çıxarmaq olmaz. Başqa ölkələrdə ikinci dalğa başlayır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisi İlham Namiq Kamal deyib.

O, insanları evdə darıxmamağa və səbrli olmağa çağırıb: "Niyə narazı olaq ki, evdə otururuq. Evdə oturanda daha da ailələr arasında mehriban münasibət yaranır. Bu, həm də virusdan qorunmaqdır. Əvvəllər belə bir söz vardı, kişi evdə oturar? Kişi səhər yeməyini yeyib, işə çıxırdı.

Bir məzəli məqamı deyim, evdə otura bilməyən kişilər koronavirusdan sonra bəlkə də qərara gəliblər ki, həyat yoldaşım nə gözəl xanımdır. Mən ona niyə fikir verməmişəm?

Bu müddətdə ailəyə qayğı göstərmək üçün gözəl fürsət yarandı. Millətim mənim doğmamdır. Ona görə onlara müraciət edirəm, evdə darıxmayın. Yüz ölçək, bir biçək.

Əlbəttə, gigiyenik qaydalara daim riayət etmək lazımdır. Əlləri təmiz saxlamaq, spirt vurmaq, maskadan istifadə etmək vacibdir. Koronavirus bəlası bütün dünyanı götürüb. Biz özümüzü qorumalıyıq. Hər bir Azərbaycan vətəndaşı özünü qorumağı bacarsa, bu, həm də dövlətimizi qorumaq deməkdir. Mən düşünürəm ki, mayın 4-də karantin rejiminin bitməsi çox tezdir".

İlham Namiq Kamal İncəsənət Universitetinin professoru olduğunu xatırladıb: "Biz onlayn dərslər keçirik. Başa düşürəm ki, internetlə əlaqədar kiçik problem var, bu danılmaz haldır. Biz bilmirdik ki, koronavirus yayılacaq. Buna hazırlıq görməmişdik.

Mənə elə gəlir ki, karantin rejimi uzun müddətli davam etməlidir. Təsəvvür edin ki, teatrda 450 nəfər işçi var. Birdən Allah göstərməsin, onların birində xəstəlik olar, 450 nəfər koronavirusa yoluxsa, nə edərik? Belə bir şəraitdə insanı beyni, düşüncəsi, səbri idarə etməlidir. Bu qaydalar yumuşalacaq, gediş-gəliş olacaq. Bununla bərabər iki metrlik məsafəni gözləmək lazımdır. Başa düşürəm ki, insanlara bir parça çörək lazımdır. Məsələn, indi toy etmək, min nəfərlik zalı doldurmaq lazımdırmı? Kimsə pul yığacaq və toyda qonaq qismində iştirak edən min nəfər koronavirus tutacaq.

Yaxud mərasimlərdə dolma, aş, kabab verirdilər. Düşünün, bu israfçılıq nəyə lazımdır? Ona görə də koronavirus bizə böyük bir dərs oldu. Harınlıqdan, tamahkarlıqdan, yaltaqlıqdan qurtulmalı idik. Koronavirus bir bəladır və bundan da ibrət götürmək lazımdır".

İlham Namiq Kamal ailəsi ilə Şamaxıda qaldığını açıqlayıb: "Ailəmlə bağdayam. Arada mağazaya gedirəm.
Karantin rejimi bitsə, Bakıya qayıdacam. Amma mənə elə gəlir ki, karantin rejimi mayın 4-də bitməyəcək.
Yenə də xalqıma, doğmalarıma müraciət edirəm ki, özlərini qorusunlar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər