1 Fevral 2022 18:24
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Naibə Allahverdiyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Naibə xanım, son günlər seriallarda görünmürsünüz. Buna səbəb nədir?

- Teatr tamaşalarında oynayırıq. Seriallara gəldikdə ssenari və keyfiyyət məni qane eləmir, verilən qonorar kifayət deyil. Biz fiziki cəhətdən yüklənirik. Başqasının həyatını oynamaq çox çətindir. İndi hamı aktyor olub, hər şeyin dadı-duzu qaçıb. Bir filmə çəkilməliyəm, hazırda danışıqlar gedir. Görək necə olacaq.

Amma gözəl bir rolla tamaşaçıların qarşısına çıxmaq istəyərəm. Mənim işim budur. Pandemiyanı çox pis keçirdim, rol və çəkilişlər olmayanda durğun həyat yaşayırıq. Biz səhnə insanlarıyıq. Ətrafdan insanlara asan gəlir, amma hər kəsin öz problemləri var.

- Həyat yodlaşınızdan ayrılmağınızla diqqət mərkəzindəsiniz. Onunla sosial şəbəkədə yenidən fotonuzu paylaşdınız. Bu, barışıq addımı idi?

- Bu haqda danışmaq istəmirəm. Aktrisayam və paylaşımlar yalnız şəxsi həyatımla bağlı deyil. Ətrafımda və cəmiyyətdə baş verən hadisələrlə bağlıdır və yaşananlar insan kimi mənə də təsir edir. Bəlkə bəziləri düşünür ki, sosial şəbəkədə yalnız öz həyatım haqqında paylaşım edirəm, belə deyil. Bu gün cəmiyyətdə çox insanlar etibarsızdır, ikiüzlülük hökm sürür, həyat yalanla doludur. Bilmirsən kimə inanasan, sənin dostun və düşmənin kimdir.

Ətrafında ürəyini açacaq insan tapırsan və bir müddət sonra görürsən ki, bu da yalanmış. Yəni paylaşımlarım yalnız həyat yoldaşımla bağlı deyil. Bir az öncə dediyim kimi mən də insanam, cəmiyyətimizdə və həyatımızda baş verən hadisələr mənə də təsir edir. İnsan o vaxt xoşbəxt olur ki, xoşbəxt bir cəmiyyətdə yaşayır.

- Sizin də qadın kimi xoşbəxt olmağa haqqınız var...

- Təbii ki, qadın kimi mənim də xoşbəxt olmağa haqqım çatır. Sizə bir söz deyim, bəzi insanlar təəccüblənir ki, bu yaşda xoşbəxtlik arzusundadır... Niyə arzu etməməliyəm?! İnsan həyatda xoşbəxt olmalıdır. Uşaq belə xoşbəxtlik istəyir.

Xarici ölkələrdə müəyyən yaşa çatdıqdan sonra insanlar sərbəst həyatlarını yaşamağa başlayırlar, dünyanı gəzir, sevib-sevilir, insanlara yardım edirlər. Niyə də xoşbəxtlik arzu etməyim? Lazım olmasaydı, Allah insandan bu hissi alardı...

"Sevmək-sevilmək" sözünü eşidəndə adama elə baxırlar ki... Sevməklə, sevgini etiraf etməyi səhv salıblar. Sevgi başqa şeydir. Niyə sevgini arzu etməməliyəm? Sevgi mərhəmətdir, insanları, təbiəti, canlıları sevməkdir. Etiraf tamamilə başqa məfhumdur. İnsanın 100 yaşına qədər sevgisi onun daxilində yaşayır. Sevən insan heç vaxt qatil, nankor, biganə olmaz. Bir söz deyirsən, başqa məna yükləməyə başlayırlar.

Mən yaradıcı insanam. Sənətkarın yaşı olmur, onlar ruh adamıdırlar. İnsan yaşlandıqca gözləri görməməyə, qulağı eşitməməyə, üzü qırışmağa başlayır, amma ruhu ölmür. Yenə də yaşamaq istəyir. Allah insanın ruhunu qocaltmır, həyatda sevgi ilə saxlayır. Allah özü bilir, nə edir...

50 yaşdan sonra ruhun gənc qalması böyük xoşbəxlikdir. İnsanlarda xoşbəxtliyi görəndə niyə belə qısqanclıqla yanaşırlar?! Mən aktrisayam, müxtəlif obrazlarda ola bilərəm. Sosial şəbəkədə "Təhminə" filmindən paylaşım etmişəm, bu deməkdir ki, "Təhminə"nin həyatını yaşayıram?! Xeyr. Amma onu paylaşıram, burada nə var ki.

Hamı duyğusal anlarını paylaşır. Şəkil paylaşmışam, yazıblar ki, Naibə Allahverdiyeva ərinin şəklini paylaşdı.

- Fotoda həyat yoldaşınız da var...

- O şəkili həyat yoldaşımla birlikdə çəkdirmişəm, şəkili kəsdim və yarı hissəsi düşüb.

- Şəxsi həyatınız diqqət mərkəzindədir...

- Bəlkə, mən həyat yoldaşımdan ayılmamışam, küsmüşəm, barışacam. Bəziləri bu xəbərə sevinirlər. Mən başa düşə bilmirəm ki, insan insanın bədbəxtçiliyinə necə sevinə bilər?! Sosial şəbəkələrdə rəy yazanların çoxu feyk səhifələrdən yazırlar. Başa düşə bilmirəm ki, birinin ailəsinin dağılması o insanlara niyə xoş təsir edir? Sevinirlər...

Onların fikirlərinə çox əhəmiyyət vermirəm. Elə insanlara yazığım gəlir, gedin, gəzin, sevinin, əlil insanlara yardım edin. Niyə sosial şəbəkələrdə kin qusursunuz? Mən bilməzdim, indi-indi həyatda ayılıram, deyirəm, Allahım, bu dünyadan necə qəddar insanlar var imiş, adam şoka düşür.

Tənqidi yazanlar isə mənə elə gəlir ki, tanımadığım insanlar deyillər. Məni həyatda sevirənlər az deyil. Şəxsi səhifəmdə gözəl sözlər yazırlar. Hara gedirəmsə, hörmət görürəm. Həyat yoldaşımdan ayrılıb- ayrılmamağımın sizə nə dəxli var?! Əksinə, "çox pis oldu", "niyə belə oldu?" və sair yazmalısınız.

Yoldaşından ayrılan tək mən deyiləm. Hazırda Azərbaycanın 70 faizi boşanır. Kaş ki, bir yerdə olardınız, ayrılmazdınız - şəxsən mən bu fikirləri yazardım. Özü kimi davranan insanları nə axmaq, nə də sadəlövh sayın. Sadəcə olaraq bu insanlar maskalanmağı bacarmırlar. Necədirsə, elə də görünürlər.

Bizdə belə bir tendesniya var, deyirlər ki, 50 yaşından sonra sənin taylarının şəkili qara mərmərdən görsənir. Niyə?! 50 yaşından sonra qadınlarımız ölməlidirlər?! İnsan elə o yaşdan sonra yaşamalıdır. İnsan yaşlandıqca həyat ona daha şirin gəlir. Həyatı daha dərindən başa düşür. Məni ancaq duyğusal, mərhəmətli və qəlbi təmiz insanlar başa düşə bilərlər.

- Həyat yoldaşınız ilə yenidən bir araya gələ bilərsinizmi?

- O, gecə-gündüz İnstaqramda ismarış tipli paylaşımlar edir. Mənə sevgisini etiraf edir. Mənə "həyat sənsiz qaranlıqdır" tipli xəbərlər göndərir. Həyat gözəldir, sadəcə olaraq şoka düşürəm ki, bəzi insanlar buna necə sevinirlər. Çox dəhşətli vəziyyətdir. İnsanların bu qədər cılız olmasını, başqasının həyatınının dağılmasına sevindiklərini bilməzdim.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər