Türkiyənin “Eşkiya dünyaya hükümdar olmaz” serialından İlyas kimi məşhurlaşan aktyor Ozan Akbaba sosial şəbəkədə azərbaycanlı istifadəçi ilə anlaşılmazlıq yaşayıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb aktyor Elşən Orucovun aparıcılıq etdiyi
"Fəlidən doğru xəbər" verilişindən Ozan Akbabanın "Ay Laçın" mahnısını ifa etdiyi görüntünü İnstaqram hesabında paylaşması olub.
Şəbəkə izləyicilərindən biri aktyorun Azərbaycandan paylaşım etmədiyini deyərək iradını bildirib: "Bir çox azərbaycanlıların sevimlisidir. Amma nədənsə Azərbaycanda olduğunu demir və bu haqda danışmır".
Aktyor Ozan Akbaba isə şəbəkə izləyicisinin sərhinə cavab verib: "Niyə sosial media hesabından Azərbaycana aid heç nə paylaşmır deyən, küfr edən sənin kimi çox insan var. Azərbaycana aid heç nə mənim üçün göstəriş üçün deyil və ona görə paylaşım etmirəm. Gəlirəm, dostlarımı görürəm, gedirəm. Sənin və sənin kimilər üçün də problem yoxdursa, öz sosial media hesablarımdan paylaşımlarıma davam etməyimə icazə verirsən?! Səndən icazə ala bilsəm, xoşbəxtəm. Bir də on sual işarəsi qoymusan. Demək ki, mənim bilmədiyim, amma sənin bildiyin bir şey var. Sən mənim yerimə cavabla, səncə niyə paylaşım etmirəm?!".
Qeyd edək ki, Ozan Akbaba yaxın günlərdə "Anka" filminin təqdimatı üçün Azərbaycana gəlmişdi.