Parkinson xəstəliyi ilə mübarizə aparan aktyor Allahverdi Yolçuyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Allahverdi müəllim, müalicəniz davam edirmi?
- Bəli, müalicəsiz qala bilmərəm. Xəstəxanalardan biri məni öz hesabına həm müayinə edir, həm də dərmanlarımı alır. Üç ildir, xəstəyəm və heç yerdə işləmirəm.
- Bəs, maddi baxımdan ailəniz necə dolanır?
- Xaraktercə pozitiv insanam və anadangəlmə ağlamağı sevməyən adamam. Soy-köküm, atam-anam da elə olub. Bir tikə çörəklə yaxşı övladlar böyüdüblər. Mənim də dörd övladım, beş nəvəm var. Övladlarımın bir-ikisi orada-burada xırda işlərdə çalışır və ailəmizi birtəhər dolandırırlar. Söhbət dolanmaqdan deyil, unudulmaqdan gedir. Məni daha çox yandıran budur.
Mənimlə bərabər bir çox aktyorlar unudulub. İnsan yaşa dolanda... Ata-ananı götürək, yaşlananda bəziləri deyirlər ki, bayıra çıx, qocalmısan. Sənət də belədir. Ağsaqqalları təqaüdə göndərirlər. Aktyorlar o qədər həssas peşə sahibidirlər ki, onlar bir an teatrdan uzaq yaşaya bilməzlər. Çünki bu bir qanundur və aksiomadır ki, aktyor səhnəyə gəlir və sona qədər orada qalır. Axirətə də tamaşaçıların alqışlarıyla yola salınır.
- Qızlarınız heç yerdə çalışmırlar?
-Xeyr, onlara uyğun iş yoxdur. Çünki ali təhsilli deyillər. Həyat yoldaşımla da övladlarımızı çox istədiyimizdən, xətirlərinə dəyməmişik ki, oxuyun, təhsil alın. Bunu bacarmamışıq. Ev uşaqlarıdırlar, peşələri olsaydı, qapı döyərdik ki, qızlarıma iş verin.
- Parkinson xəstəliyindən əziyyət çəkirsiniz. Allah sizə şəfa versin. Xəstəliklə bağlı əllərinizin əsdiyini görürük.
- Bəli, parkinson xəstəliyindən əziyyət çəkirəm. Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxildir, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Müalicəsi olmayan xəstəlikdir.
Amma müalicə edildiyim klinikanın rəhbərliyi və həkimləri sağ olsunlar, xəstəliyimin qarşısını almaq üçün hətta Amerikadan, Almaniyadan dərman gətizdirirlər. Onlar mənə ruh verirlər. Bu xəstəlik əsəbdən, sinirdən və illərcə yığılan problemlərdən yaranır. Gərək aktyor boş qalmasın, evdə qalanda paslanır, çürüyür. Hələlik təqaüd də almıram, gələn il təqaüdə çıxacam. Mükafat da almıram.
Mənim xalq artisti fəxri adına layiq görülən tələbələrim var. On minlərlə filmlər səsləndirmişəm, uşaq verilişləri və sair... Bu mənim işimdir və bununla öyünmürəm. Bu sənətlə məşğul olmaq borcumuzdur. Amma dəyər və qiymət verilməyəndə bu, adamı yandırır.