Aktyor Azər Aydəmir MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Azər Aydəmir həmkarlarının ona münasibətindən danışıb:
"Mənə təhsilsiz aktyor damğasını vurmağı çalışırdılar, cəhd edirdilər. Məni tanıdan bir sıra filmlər, seriallar oldu. Əlbəttə, yaradıcılıq intriqalarla doludur. Yeni-yeni tanınmağa başlayanda mənim qulağıma gəlib çatırdı. Yaşlı nəslin nümayəndələri, o cümlədən həmkarlarım təhsilsiz olmağımı mənə qarşı silah kimi istifadə edirdilər. Hər uğurumda deyirdilər ki, bəxti gətirdi. Bir dövr gəldi ki, onları mən prodüser kimi çəkməyə başladım. O dedi-qodunu artıq unutmuşam".
Aktyor kino sahəsinin çatışmazlığından söz açarkən deyib: "Bu gün kino sektoru və televiziyamızda özünəinam çatışmır. Bunun maliyyə ilə heç bir əlaqəsi yoxdur. Xarici seriallara, televiziyalara baxırıq. Bizdə daha yaxşısını edə biləcəyimizə inam itib. Düşünürük ki, bunun nüsxəsini edə bilərik və edirik də. Nəticədə mutant bir şey alınır, həm tanış, həm yaxın, eyni zamanda da iyrənc, tükləri biz-biz saxlayan, əttökən.
Niyə? Çünki o seriallar, verilişlər, xəbərlər "kopya"lanıb. Deyirsən, ay aparıcı, əl çal, fərqlilik olsun, deyir, axı, o etməyib! Ancaq "kopya"lamaq... Mən "Əqrəb mövsümü"nü yazanda onlarla film, seriallara baxdım ki, bu tərzdə, rəngdə olsun. Amma eynisini etmədim".
Aktyor valideynlərini erkən itirdiyini deyib: "Atam rəhmətə gedəndə 47, anam vəfat edəndə isə 63 yaşı vardı. 19 yaşımda artıq hər iki valideynimi itirmişdim.
Ali təhsilim yarımçıq qaldı, tək yaşamağa başladım. Bu, Allahın, taleyin bəxş etdiyi missiya idi. Adam var çətinliyi 26-36, yaxud 50 yaşında görür. Mənim dostumun atası 50 yaşında rəhmətə getdi, necə balaca uşaq kimi ağlayırdı... Həyat bir oyundur, mərhələləri var.
Mənə elə gəlir ki, sonda olanı mən əvvəldə keçdim. Yavaş-yavaş başa düşdüm ki, hara gedirəm və bütün bunlar bir imtahandır. Hesab edirdim ki, mən seçilmiş insanam! 18-19 yaşımdan dostlarımın əhatəsində tək böyüyürəm. Qohumlarla əlaqəm kəsilib. Yox, məni tək buraxmadılar. İllər sonra mənə utanaraq yaxınlaşırlar. Özlərini sanki mən tək qaldım deyə, günahkar hesab edirlər. Bunu hiss edirəm. Zərrə qədər kimsədə günah görmürəm, özüm tək qalmaq istədim..."