Xalq şairi Vahid Əziz MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, xalq şairi şəxsi həyatından danışıb:
"Evlənəndə 32 yaşındaydım. Evim, stabil maaşım vardı. Ayağım üstə dayanmağı bacarırdım. İnsan müstəqil olanda evlənməlidir. Cavanlar evlənəndə valideynlərdən nə qədər uzaq yaşasalar, bir o qədər səmimi, mehriban olarlar. Çünki bir də görürsən aranı qarışdırırlar. Qayınana gəlini alınca, onun qapısına gedincə bəh-bəh olur, sonra başlayırlar bir-biri boğmağa. Axı, nə olub? Hər iki tərəfin valideyni düşünür ki, mənim övladım bundan yaxşısı ilə evlənə bilərdi.
Qadınlar bir-birinə hörmət etməlidirlər. Ailə dağılırsa, onu dağıdan o biri qadın olur. Əgər kişi xanımını atıb, başqa qadın yanına gedirsə, bu, sevgi deyil. O biri qadının bu birisinə qarşı etdiyi iblislikdir. Qadın qadının ləyaqətini qorumalıdır. O birisini yiyəsiz, evsiz, ərsiz qoymamalıdır”.
Xalq şairi boşanma hallarından da danışıb: “Düzdür, bu gün boşanmaların sayı çoxalıb. Subordinasiya pozulduğuna görə ailələr dağılır. İllərlə bir evdə yaşayırlar, zaman gəlir, qadın kişiyə qarşı kobudluğa başlayır, artıq bu onu yorur. Kişi də eynisini edir, hörmət itir. Ailədə qadın-kişi münasibətlərində qadın bilməlidir ki, bu kişidir. Bizim qanunlarda bəzi şeylər dəyişməlidir. Deyək ki, ailə dağıldı, iki uşaq qadınla qaldı. Əmlak də hər iki tərəfə bölünür, bəs bu iki uşaq nə etsin? Sən evin, maşının yarısı ilə getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın gələcəyi?!”
Vahid Əziz onu da deyib ki, qadın özünə dəyər verməlidir: "Qadın kimdənsə özünə yaxşı münasibət gözləməkdənsə, özünə dəyər verməlidir. Özü-özünü alçatmamalıdır. Kişinin də vəzifəsi o qadını qorumaqdır".