26 May 2023 19:25
17 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Gülyanaq Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Gülyanaq xanım, Azərbaycan muğamının hazırkı durumunu necə qiymətləndirirsiniz? Təzə gələn nəslin göstəricisi necədir?

- Muğam elə bir sənətdir ki, onun zamanı yoxdur, daim yaşayacaq. Ustadlarımızın səsində, avazında gəlib bizə çatıb. Bu gün biz onların davamçılarıyıq və düşünürəm ki, bizdən sonra da davamçıları olacaq. Birinci vitse-prezident Mehriban Əliyevanın muğam sənətinə dəstəyi, muğam müsabiqələrinin keçirilməsi sənətin inkişafına yeni stimul verir.

Bizim Elm və Təhsil Nazirliyi ilə birgə bir maraqlı layihəmiz var və artıq neçə illərdir davam edir. Bu layihə çərçivəsində universitetlərdən istedadlı gəncləri seçirik. Məqsədimiz gəncləri axtarıb üzə çıxarmaq, musiqimizin bünövrəsini möhkəmləndirmək, qorumaq, istedadları irəli çəkməkdir.

2004-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıram. Müəllim kimi deyə bilərəm ki, muğam sənətinə həvəs həddindən artıq çoxdur. Təsəvvür edin, demək olar ki, hər il muğam müsabiqəsi keçirilir. Beynəlxalq muğam müsabiqəsinə azı 60-70 nəfər, Respublika muğam müsabiqəsinə 1000-1500 nəfərə yaxın iştirakçı qatılır. Onlardan 20 nəfər seçilib, sonda beş-altı nəfər qalib olaraq səhnəmizdə dəyərləndirilir, mükafatlandırılır. Bu isə səhnəmizə yeni xanəndələrin gəlməsi deməkdir.

Hətta müsabiqədə yer tuta bilməyən xanəndələrimiz var ki, səhnəmizdə öz ifaları ilə məşhur sənətçiyə çevriliblər. Muğam sənətinə həvəs çoxdur və ifaçıların tərbiyəsi, mədəniyyəti diqqətə çıxır, axı, muğam ifaçılığı insandan ədab-ərkan, əxlaq, mədəniyyət istəyir, o gənclərin də bu xüsusiyyətlərinin şahidiyik. Mən öz tələbələrimdən çox razıyam, ədəb-ərkanlarından, muğama olan sevgilərindən, müəllimə olan hörmətlərindən...

- Sizin özünüz də tələbələrinizə dəstək olursunuz...

- Bəli, gənclərimizə dəstəyəm, yeri gəldikcə onları efirə də çıxarıram. Televiziyalarımız çox sağ olsunlar, qapılarını gənc ifaçılara açıblar. Efirdə nə qədər Gülyanaq oxusun?.. Düşünürəm ki, indi tələbələrimi efirə çıxarım, onları tanıdım.

- Amma həmkarlarınızın hamısı bunu eləmir.

- Artıq bu estafeti bir çox müəllimlərimiz də qəbul edib. Onlar da tələbələrini efirə çıxarırlar.

- Adətən, muğam ifaçılarımızın “Leyli və Məcnun” operasında oynamaq arzusu olur. Siz də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında oynamısınız...

- Bəli, mən də “Leyli və Məcnun” operasında Leyli obrazını oynamışam. Xalq artistimiz Mənsum İbrahimov Məcnun, Təyyar Bayramov İbn Səlam rolunu ifa edib. Tamaşanın rejissoru Hafiz Quliyev idi. İki dəfə öz istəyimlə "Leyli və Məcnun" operasında oynadım.

Bacım Gülyaz Məmmədova 30 ildir Akademik Opera və Balet Teatrının solistidir. 1993-cü ildən Gülyaz xanımın tamaşalarının canlı şahidi olmuşdum. Ustadımız Canəli Əkbərov, Mənsum İbrahimov və Gülyaz xanımın məşq prosesini izləmişəm. “Leyli və Məcnun”un vurğunu idim və deyirdim ki, mən də bu obrazı oynayacam. Mənə deyirdilər ki, sən əsl Leylisən, niyə oynamırsan?

Nəhayət, arzum yerinə yetdi. Akademik Opera və Balet Teatrına özüm müraciət etdim, teatrın keçmiş direktoru Akif Məlikov sağ olsun, qapıları üzümə açdı. Hər iki tamaşamda teatrda bütün biletlər satılmışdı, yer yox idi. Bu dərəcədə tamaşaçı sevgisini görmək çox xoş idi.

- Necə düşünürsünüz, “Leyli və Məcnun”dan sonra niyə muğam operaları yazılmadı?

- Dahi Üzeyir Hacıbəyov muğam üzərində xalq musiqilərinə köklənərək "Leyli və Məcnun” operasını yazdı. “Arşın mal alan”da milli musiqilərimizin çalarları var. “O olmasın, bu olsun” tamaşaya qoyuldu.

Biz keçən il tələbələrimizlə "Sitarə” tamaşasını hazırladıq. Xalq artisti Teyyub Aslanov muğamlarımıza bölgü etdi. O vaxt tamaşa yarımçıq qalmışdı. Hətta həmin tamaşada keçmiş rektorumuz Fərəh Əliyeva da iştirak etmişdi. O, bizi çox dəstəklədi.

Baş rola muğam ifaçılığı üzrə tələbə cürət edə bilmədiyi üçün müəllim olaraq mən oynadım, onlara dedim ki, sizə dəstək olaram. Tələbəm Günayın diplom işi idi. Çox yaxşı tamaşadır və istəyirəm ki, “Sitarə” tamaşası səhnədə qurulsun.

- Son illər “Leyli və Məcnun” operasında yeniliklər edilib və fərqli quruluşda tamaşaçılara təqdim edilir. Bu haqda nə deyə bilərsiniz?

- Bəli, "Leyli və Məcnun" operasında müəyyən dəyişikliklər edilib. Obrazların geyimlərini də dəyişiblər. Operanın quruluşunu dəyişmək olar, amma musiqi, obraz dəyişmir. Leyli öz hisslərini gizlətmir, Məcnun və digər obrazlar yerində qalır. Operanın quruluşunu daha da gözəl etmək olar, dövr dəyişib, inkişaf çoxdur. Səhnədə dekorasiyaların dəyişməsi mümkündür.

- Ümumiyyətlə, operada siz hansı hissəyə xüsusi önəm verirsiz?

- Mənim ən çox heyran olduğum səhnə "Leyli ilə Məcnun"un xəyalən bir-biri ilə qovuşması idi. Məsələn, bu səhnəni çıxarıblar. Əvvəlki və indiki quruluşda maraqlı səhnələr var, amma operaya daha gözəl quruluş vermək olar.

Akademik Opera və Balet Teatrında indi rəhbərlik dəyişib. Daha böyük yeniliklər etmək olar. Gülyaz xanım operada oynayandan iki dəfə şahid oldum ki, səhnə dekorasiyaları, quruluş fərqliydi, amma tam da dəyişiklik yox idi. Əvvəl gümbəzin üzərində oxuyurdularsa, sonra səhnədə çadırlar quruldu.

Ümumiyyətlə, “Leyli və Məcnun” tamaşasından ayrılmaq olmur. Quruluş dəyişdi, dəyişmədi Üzeyir Hacıbəyovun yazdığı notlar insanı valeh edir. Tamaşa insanı özündən alır. Bu tamaşaya canlı baxmağı sevirəm və tələbələrimə də bunu tövsiyə edirəm. Nəinki Akademik Opera və Balet Teatrına, digər teatrlarımızın da tamaşalarına gedib baxsınlar. İfaçılıq sənəti təkcə oxumaqdan ibarət deyil.

- Özbəkistan prezidenti Şafkat Mirziyoyev tərəfindən həmin ölkənin xalq artisti fəxri adına layiq görülmüsünüz. Bu haqda danışmağınızı istərdik.

- Mən son 6-7 ildə Özbəkistana tez-tez gedirəm. Konkretləşdirsəm deməliyəm ki, bu ölkəyə getməyimin səbəbkarı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Onun dəvəti ilə ilk dəfə Özbəkistana getdim və Müstəqillik günümüz münasibəti ilə böyük bir konsert proqramında çıxış etdim.

Daha sonra Azərbaycan və Özbəkistanın müstəqlillik günlərinə həsr olunmuş konsert proqramlarında iştirakçı oldum. Son illər isə demək olar ki, Özbəkistanı qarış-qarış gəzdim. Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri çərçivəsində səfərim çox oldu. Buna da yenə təşkilatçılıq edən Samir Abbasovun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzidir. Eyni zamanda da bizim hörmətli millət vəkilimiz Qənirə Paşayeva idi.

Səfərlərimin hamısı mənim üçün maraqlı anlar və xatirələrlə yadda qalıb. Özbəkistanda tamaşaçı sevgisi, Azərbaycana, musiqimizə olan sevgini gördüm. Son olaraq isə ötən il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün bədii hissəsində prezidentlərin qarşısında çıxış etdim. Yaxın günlərdə yenə də Özbəkistandan gəlmişəm. Heydər Əliyevin 100 illiyi ilə bağlı Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən tədbirin bədii hissəsində iştirak elədim. Bu ay yenidən oraya yola düşürəm, dövlət tədbirində iştirak edəcəm.

Bizimlə xalq artisti Teyyub Aslanov, Gülyaz Məmmədovanın tələbəsi Kamilə Nəbiyeva da tədbirdə iştirak edəcək. Mayın 29-da isə Başkənddə konservatoriyada solo konsertim, Səmərqənddə Gənclər salonunda konsert proqramı ilə çıxış edəcəm. Oraya ansamblımla gedirəm.

Bu konsertim də Heydər Əliyevin 100 illiyi və 28 May Müstəqillik Günü ilə bağlıdır. Bu, dostluq konserti və Özbəkistan prezidentinə təşəkkür olaraq dəyərləndiriləcək. Bütün bu xidmətlərin nəticəsində ötən il Özbəkistanın xalq artisti fəxri adına layiq görüldüm.

- Prezidentlər qarşısında çıxış etmək necə hissdir?

- Mən ilk dəfə 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirak etdiyi tədbirdə, Gülüstan sarayında çıxış eləmişəm. Məni konsertə ustadım Kamil Vəzirov hazırlamışdı. O zaman Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu idi. Yadımdadı, Polad müəllim səsimi bəyəndi və məni tədbirə dəvət etdi. Həmin tədbirdə Ramiz Mirişlinin “Bəri bax” mahnısını oxudum. Ulu Öndərimiz məni yanına çağırdı və xeyir-dua verdi. Prezident qarşısında çıxış etmək elə bir hissdir ki, onu sözlə ifadə etmək çətindir.

O vaxtdan mütəmadi olaraq tədbirlərdə çıxış etməyə başladıq. Heydər Əliyev Gülyazla mənim çıxışımı efirdə görüb bəyənmişdi. Polad müəllim ikinci dəfə Gülyaz xanımla məni birlikdə tədbirə dəvət etdi. "Heyratı" muğamını ifa etdik.

O vaxtdan Ulu Öndərimiz Heydər Əliyev bizə “Bacılar” deyə müraciət edirdi. Hər səhnə arxasına gələndə bizi axtarır və soruşurdu ki, Bacılar haradadır? Zarafatla deyirdi ki, bunların hansı Gülyaz, hansı Gülyanaqdır?.. Heydər Əliyevin səhnə arxasına gəlişi bir qayğı və diqqət ritualı idi. Ona görə, konsert proqramlarından sonra onun gəlişini gözləyirdik. Üzündə nur, səmimiyyət, mehriban davranışı ilə bərabər bir zəhmi də var idi.

Bir dəfə konsertdə çıxış etdikdən sonra başqa bir tədbirə getməli olmuşduq. Ulu Öndər soruşmuşdu ki, bəs Bacılar hardadır? Əlbəttə, Ulu Öndərlə görüşmək bizim üçün önəmli və şərəfli idi.

Bir dəfə yadımdadır ki, Heydər Əliyev əlimdən tutub, “Alagöz” mahnısını mənimlə sona qədər oxudu. Mənə bildirdi ki, indicə oxuduğun "Alagöz" mahnısını çox sevdiyimi hardan bilirdin? Cavab verdim ki, ustadım Kamil Vəzirov demişdi, Heydər Əliyev Rəşid Behbudovun ifasında "Alagöz" mahnısını çox sevir. Ona görə mən də bu mahnını oxumaq istədim. Əlimdən tutub dedi ki, gəl "Alagöz" mahnısını birlikdə oxuyaq. O anları heç vaxt unuda bilmərəm.

Fransanın Strasburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının bir illiyi münasibəti ilə keçirilən tədbirdə də Ulu Öndərimizin qarşısında canlı ifa etmişik. O qədər sevinirdi və deyirdi ki, bizim qızlarımız həm də boy-buxunludurlar. Sonra özü bizə ziyafətdə dedi ki, Fransada dövlət məmurları Azərbaycan qızlarının gözəl ifasından razı qalıblar. Fransızlar birimizə Juliyana, o birimizə Juliya deyirmişlər.

Ümumilli liderimizin bizə olan diqqət və qayğısı heç vaxt yadımızdan çıxmaz. Azərbaycan musiqisində iki bacının eyni anda Əməkdar artist fəxri adına layiq görülməsi və cənab prezidentimiz İlham Əliyev tərəfindən eyni gündə Xalq artisti adı il təltif edilməyimiz böyük şərəfdir.

- Gülyanaq xanım, gələcəkdə millət vəkili olmaq fikriniz varmı?

- Biz hazırda öz sənətimizlə məşğuluq. Hansı ölkədə olsaq, mədəni siyasətimizi musiqimizlə ifadə edirik. Ulu Öndərimiz deyirdi ki, musiqi xalqı təbliğ edir və göstərir ki, bu xalq nəyə qadirdir və kimdir? Mən də bu sahədə öz işimi görürəm.

Amma belə bir fikrin ürəyimdən keçdiyini də gizlətmək istəmirəm. Zamanında millət vəkili olmaq istəyərəm.

- Növbəti parlament seçkilərində namizədliyinizi verməyi düşünürsünüzmü?

- Hələlik bu haqda qəti qərarımı deyə bilmərəm. Keçən parlament seçkilərində namizədliyimi vermək istədim, amma sonra düşündüm ki, hələ zamanı deyil. Səhnə fəaliyyətimdə özümü bir az da təsdiqləyim. Tələbələr yetişdirirəm, sənətlə bağlı işlərimiz çoxdur. Siyasətə hər zaman müraciət edə bilərəm, hazırda səhnə ilə bağlı görəcəyimiz işlər var.

Yaxınlarımızdan da millət vəkili var. Milli Məclisin üzvü Cavanşir Feyziyev ata nəslimizdən qohumumuzdur, onunla fəxr edirik. Nənəm Zərnigar xanım 1950-cü illərdə kənd sovetinin deputatı olub və həmin dövr üçün bu o qədər də kiçik məsələ deyildi.

- Yaxın günlərdə "Turan Ərdoğan deyir" adlı mahnınızı təqdim etdiniz. Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu baş tutacaq. Belə aydın olur ki, Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirsiniz...

- Əlbəttə.

- Ərdoğana simpatiyanızın kökündə nə dayanır?

- Tamamilə doğrudur, Rəcəb Tayyib Ərdoğana simpatiyamın kökü var. 30 il işğalda olan torpaqlarımız üçün nələr çəkdiyimizi heç kəs unutmayıb. Millət olaraq hamımız sarsıntı ilə yaşayırdıq, "Qarabağ" şikəstəsini boynubükük oxuyurduq.

Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev və ordumuzun səyi nəticəsində torpaqlarımızı işğaldan azad etdik. Bu savaşda hər zaman bizə qardaş demiş Türkiyə yanımızda oldu. Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyini əsirgəmədi. Doğmalığı sözdə yox, işdə gördük.

Mən bu gün Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən bir addım atdım. Ümid edirəm ki, ikinci turda ciddi bir üstünlüklə prezident seçiləcək. Türkiyənin bir dövlət olaraq dünyada tanınmasına Rəcəb Tayyib Ərdoğanın töhfəsi böyükdür.

Mən də dəstək olaraq "Turan Ərdoğan deyir" mahnısını təqdim etdim. İnanıram ki, bir gün Turan öz sözünü deyəcək.

- Sənətə gəlişinizin də maraqlı tarixçəsi var... Şəkidən Bakıya necə gəldiniz?

- Böyük bacım Rəhimə Məmmədova Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Asəf Zeynallı adına Musiqi Kolleci) oxuyurdu. Bacım ustadım Nəriman Əliyevin tələbəsi olmuşdu. Bizim bu sənətə gəlişimiz bacım və qardaşım Əsədullanın dəstəyi ilə baş tutdu. Bizi səhnəyə çıxaran, müsabiqəyə aparan qardaşım idi.

Uşaqlıq illərimdən deyirdim ki, oxuyacam, artist olacam, diktor kimi səhnəyə çıxacam. İncəsənət məni heyran eləmişdi. Valideynlərimiz düşünürdülər ki, qız uşağıyıq, Bakıda bizə çətin olar, ailə qurmalıyıq. Ailədə 10 uşağıq və indi hər birimizin gözəl ailəsi var. Valideynlərim ailəyə xüsusi dəyər verirlər.

Mən də çox bacarıqlı qız idim, bütün işlər əlimdən gəlirdi. Ona görə mənim anamın ata yurdunda gəlin olmağımı istədilər, amma mən sənət sevgimin, arzularımın arxasınca getdim.

1992-ci ildə test üsulu ilk dəfə tətbiq olunurdu, mən də sənəd verdim. Nəticələr payızda, oktyabrda açıqlandı.

Sənəd təqdim edəndə başımıza maraqlı bir hadisə gəldi. Sanki film idi. Pulum çatmadı, çeki götürəndə səhv yazdım. Qardaşımda da pul qalmamışdı. Ağdaş rayonundan bir nəfər bizə yaxşılıq etdi. Dedi ki, bu qız niyə ağlayır, qardaşım cavab verdi ki, sənəd üçün yazanda üç dəfə səhv etdi, başa salan da yoxdur ki, düzgün yazsın. Dedi, mən buradayam, nə qədər yazsa, pulunu verəcəm. Onun bizə verdiyi pulla ərizəmi yazıb keçdim.

Sonra imtahan verdim və 420 bal topladım. O vaxt balım Azərbaycan Milli Konservatoriyasına daxil olmağa çatırdı, amma uşaqlıqdan arzum Nəriman Əliyevin tələbəsi olmaq idi. Çünki bir az öncə dediyim kimi, bacımın ustadı olmuşdu. Ona görə də Asəf Zeynallı adına Musiqi Texnikumuna sənədlərimi təqdim etdim və orada təhsil aldım. O ustaddan sənəti öyrəndim.

Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirdikdən sonra İncəsənət Universitetində aktyorluq ixtisasına daxil oldum. Universitetdə müəllimim Canəli Əkbərov oldu. Beləcə sənətə üz tutub gəldim.

- Həyat yoldaşınız Ziya ilə necə tanış oldunuz?

- Türkiyədə konsertə gedəndə tanış olduq. O vaxt Mədəniyyət naziri Polad Bülbüloğlu "TÜRKSOY"un sədri idi. Onun rəhbərliyi ilə Türkiyənin bir çox şəhərlərində konsert proqramı ilə çıxış etdik. Son olaraq İstanbulda konsert verdik. Konsert proqramında gələcək qayınanam, qaynım, həyat yoldaşım da iştirak edirmişlər.

Konsertin səhəri günü gələcək qaynım sənət yoldaşım Mehmanın tanışı olaraq bizi şəhəri gəzməyə apardı. Bizə bələdçilik etdi, sonra evlərinə çay içməyə apardı. 2001-ci il idi. Qayınanam bizə çay dəstgahı açdı, plov dəmlədi. Evin bəzək-düzəyi, ab-havası bizi heyran etdi. Tamam milli aura idi. Amma mənim ağlıma gəlməzdi ki, bu ailəyə gəlin gedərəm.

Heç demə, Ziyanın məndən xoşu gəlirmiş. Biz evdən çıxanda sənətdə ustadım olmuş Kamil Vəzirov Ziyanın məndən xoşu gəldiyini hiss etmişdi. Mənə dedi ki, bu oğlan sənə vurulub. Cavab verdim ki, Kamil müəllim, ailə qurmamışam deyə harada subay var, mənə çıxırsınız. Dedi , Ziya yaxşı oğlandır. Onun da ailədən xoşu gəlmişdi.

Bakıya gələn kimi mənə elçi düşdülər. Ziya məni beş il istədi. Ona deyirdim ki, hələ oxuyuram. Sonra gördüm ki, sənət arzularıma çatmışamsa, artıq ailə qura bilərəm. Həyat yoldaşım beş il məni sevdi, gözlədi və qalib gəldi.

Bu gün Ziya başımın tacıdır, övladlarımın atası olaraq sənətimə, xanımlığıma, ailəsinə, balalarına dəyər verir. Xoşbəxtəm ki, çox gözəl həyat yoldaşım var. Tərifləmək düzgün deyil, amma bunu da Allahın yazısı kimi dəyərləndirirəm. Nə yaxşı ki, qismətimə o çıxdı.

- Bir müddət əvvəl həyat yoldaşınızın səhhətində problem əmələ gəlmişdi. Hazırda necədir?

- Şükür Allaha, hazırda səhhəti yaxşıdır...


Müəllif: Qurban Yaquboğlu, Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər