Aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında paylaşım edərək müğənni Nazənini dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, Tarix Əliyev İnstaqramda bu sözləri qeyd edib: "Nazənin xanım, düz vurğuladınız ki, sənətkarlar meydanı boş qoyublar, efirlərə çıxmırlar. Aparıcılar məcbur olub, hər gün eyni müğənniləri dəvət edirlər. Amma sənətkarların da çoxunda o qədər komplekslər var ki, xüsusən xanım xalq artistlərində, xanımlarda... Efirə tək çıxmaq istəyirlər. Yanlarında cavanları görmək istəmirlər. Deyir, çıx bütün günü məni təriflə, haqqımda danış. Bəzi əməkdar artistlər var ki, ürəkləri gedir ki, onları tərifləsinlər.
Bu komplekslərdən nə vaxt azad olacaqsınız? Yaşınızın üstünə yaş, sənətinizin üstünə təcrübə gəlir. Amma hələ də təkkəbbür, paxıllıq, qısqanclıq, əsas da xanım müğənnilərdə var ki, buna görə efirə çıxmırlar".
Qeyd edək ki, müğənni Nazənin Salayeva "Rəngarəng" verilişində xalq və əməkdar artistlərə səslənərək onların tez-tez efirlərə çıxmasını xahiş edib.