Ötən gecə Heydər Əliyev Sarayında “İlk Media” və ATV televiziya kanalının birgə layihəsi olan “Ay Brilliant” filminin premyerası və təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, filmə maraq böyük olduğundan “Ay Brilliant” mövsümün ən gözlənilən filmlərindən hesab olunur. Təqdimat mərasimində tanınmış mədəniyyət nümayəndələri və şou əhli- Aygün Kazımova, İradə İbrahimova, Faiq Ağayev, İlhamə Qasımova, Xuraman Şuşalı, Müşfiq Hətəmov, Oksana Rəsulova və başqaları iştirak edib.
Təqdimatdan öncə filmin yaradıcı heyəti tamaşaçıları salamlayıb. İlkin Həsəni bu işdə onlara dəstək olan insanlara öz təşəkkürünü bildirib. İlk işləri olduğundan bəzi səhvlərinin də olacağını gizlətməyib.
Bozbash Pictures”-in keçdiyi yola nəzər salan Həsəni vaxtilə kiçik bir süjetdən başladıqlarını deyib: “Düz on il bundan əvvəl “ATV maqazin” verilişinin sonunda kiçik bir süjetlə başladıq. Hər kəs səbirsizliklə verilişin bitməsini, şou-bizneç nümayəndələrinin qalmaqallarının başa çatmasını və nəhayət “Bozbash Pictures”- in süetini gözləyirdi. Hər kəs fikirləşirdi ki, görəsən bu dəfə nəylə bizi güldürəcəklər. Beləcə biraz da böyüdük və ayrıca filmlər, daha sonra serial çəkməyə başladıq. Bu gün artıq “Bozbash Pictures” hər yerdə məşhurdur, sevilir. Ümid edirik ki, ilk filmimizi bəyənəcəksiniz. Amma nəzərə alın ki, filmin nümayişi zamanı bəzi qüsurlar olsun, bu da təbiidir. Çünki film kinoteatrlar üçün nəzərdə tutulub”.
Sonra filmin nümayişi baş tutub.
Qeyd edək ki, film “Bozbash Pictures”-ın yaradıcıları tərəfindən hazırlanıb və komediya janrında çəkilib. Filmin baş prodüsseri İlkin Həsəni, rejissoru Kənan M. M, quruluşçu operatoru Bəhruz Əliyev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Kənan M. M. Rolları isə məhşur aktyorlar İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşaliyev, əməkdar artist Şamil Süleymanov, Pervin Abıyeva və digərləri oynayıb.
Filmlə bağlı təəssüratlarını paylaşan əməkdar artist Şamil Süleymanlı belə bir komanda ilə filmə çəkildiyi üçün özünü xoşbəxt saydığını bildirib: mənim xanımım da burda əyləşib, filmi seyr etdi. Yoldaşım mənə dedi ki, ya mən, ya da bu uşaqlar. Mən “Bozbash Pictures”i seçdim. Buna görə heç də peşman deyiləm. Filmdə uşaqlar mənə hörmətlə yanaşdılar. Amma mən bu uşaqlardan inciişəm. Çünki mənə çox az sayda dəvətnamə verdilər.
Bu küsüsülük uzun çəkməyib, aktyor elə səhnədəcə “Bozbash Pictures”in komandası ilə öpüşüb-qucaqlaşarak barışıb.
Müğənni İlhamə Qasımova Ay brilliantı bəyndiyni deyib: “Mən bilirdim ki, uşaqlar ortaya səviyyəli iş çıxaracaqlar. Bu gün sevinirəm ki, milli kinomuzda belə gözəl filmlər çəkilir. Bu filmlərə çox ehtiyacımız var. Nə vaxtadək onun-bunun filminə baxacağıq”.
Xuraman Şuşalı da çoxdan bəri belə ürəkdən gülmədiyni söyləyib: “Film başlayandan axıradək gülmüşəm. Çoxdan idi ki, ürəiym belə açılmırdı. Uşaqlar əhsən edyirəm, çox uğurlu filmdir. Mən İlkingilin filmlərini ekrandan izləyirdim, çox bəyənmişdim. Bilirdim ki, adlarına laiyq bir film ərsəyə gətirəcəklər”.
Məlumat üçün bildirək ki, “Ay Brilliant” filminin çəkilişləri 2014-cü ildə, əsasən avqust və sentyabr aylarında Bakı və Tiflis şəhərlərində, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda aparılıb.
Film mart ayının əvvəllərindən etibarən ölkənin bir çox kinoteatrlarında - Bakı, Sumqayıt və Naxçıvan şəhərləri daxil olmaqla nümayiş olunacaq.
Rüstəm
Foto:Elçin Murad