Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış türkiyəli müğənni və bəstəkar Kayahan Açar vəfat edib. Bu barədə ilk məlumatı müğənni Suat Suna “Twitter” səhifəsində yazıb: “Bu gün qara gündür... Mən ikinci atamı, Türkiyə isə böyük müəllimini itirdi... Rahat yat, unudulmayacaqsan...”.
Tanınmış sənətçi martın 23-də xəstəxanaya yerləşdirilmişdi və reanimasiyada saxlanılırdı.
Qeyd edək ki, Kayahan bu günə kimi 16 alboma imza atıb. O, bir çox türk sənətçinin səsləndirdiyi hit mahnıların müəllifidir. Onun son albomu hazırda Türkiyədə satış rekordları qırır.
Hər zaman özünəməxsus düşüncəsi ilə seçilən Kayahan vəfatından bir müddət əvvəl türk mətbuatına maraqlı müsahibə verib. Tam 45 illik yaradıcılıq həyatında Atatürk nişanını pencəyinin sol yaxasından heç çıxartmayan, hər konsertlərində Atatürkü sayğı ilə yad edən Kayahanın həmin müsahibəsini təqdim edirik:
- Atatürk sevginizi hər zaman dilə gətirirsiniz. Bununla yanaşı dininizə bağlı olduğunuzu da qeyd etməkdən çəkinmirsiniz. Ancaq bəzən bu sənət yoldaşlarınız tərəfindən birmənalı qarşılanmır.
- Mən həm Atatürkü sevirəm, həm də İslamı. Mən dinimə bağlı insanam. İkisi də mənim bədənimdə dalaşmadan yaşayır. Bu cəmiyyətinin təməlində Atatürk, onun silahdaşları və imanımız var. Ancaq gərək bu təməllə çox oynamayasan. Çünki bunun heç kimə faydası yoxdur. Yolu sevgidən keçən hər kəslə bir gün görüşəcəyik.
- Musiqi mükafatlarının verildiyi tədbirdə səhnədəki çıxışınızın sonunda “Allaha əmanət olun” dediniz. Bu isə bir çoxları tərəfindən xoş qarşılanmadı.
- Mən hər zaman bu ifadədən istifadə edirəm. İmanlı adamam. Mən Hz. Məhəmməd (s.a.s) peyğəmbərimizin mövlud günün də çıxışlar edirəm. Fərqli düşünməyimiz heç bir problem yaratmır. Sevgisiz, sayğısız qalmasaq mütləq bir-birimizi başa düşərik.
- Səhhətiniz necədir?
- Çox şükür, yaxşıyam. Mən heç vaxt xəstəliyindən çox bəhs edən biri olmamışam.
- Bir az da eşqin vəziyyətindən danışaq.
- Bir-birini sevən cütlüklər dünyaya gətirdikləri uşaqları ilə birlikdə gələcəklərini müəyyənləşdirirlər. Bir günlük eşq yaşayanların uşaqları isə sevgisiz, küçələr isə bəzəksiz qalır. Bu sevgisiz və bəzəksiz küçələrdən də düzgün həyat ortaya çıxmır. Eşq əməklə dəyər qazanır. Əgər belə davam etsə təəssüf ki, dünyada hər şey sürətlə çirklənməyə davam edəcək. Buna görə mən mahnılara çox əhəmiyyət verirəm.
- Haqlısınız, amma eşqi düzgün təsvir edən mahnılar olmalıdır...
- Əlbəttə. Əks təqdirdə dediyiniz mahnılar tam başqa şeylərdən bəhs edir.
-"Mevsim Hala Sen" mahnınız çox bəyənildi.
-Mahnı da, klip də çox sevildi. Sakitlik, səssizlik, hüzur istəyənlər üçün şiddətlə tövsiyə edirəm. Dərman kimi bir mahnı yazmışam. Baxın, günümüzdə heç kim durduq yerə “ Salam, necəsən?” demir. “Salam” səninlə barışığam deməkdir. “Necəsən?” maraqlanmaq deməkdir. Günümüzdə bizim bunlara ehtiyacımız var. Ona görə mahnımda “Ah canım, merhaba nasılsın demen yeter” deyirəm.
- Həyat yoldaşınız İpək xanımla olan layihənizdən danışaq.
- Dörd ildir çalışırıq. İpək xanım ABŞ-da Berkli caz məktəbində gitara, müğənnilik və mahnı sözü yazarlığını ötən il bitirdi. Öyrənmədən heç bir peşəni icra etmək mümkün deyil. Görürsünüz, musiqi sahəsi artıq çöküb. Hər kəs bunun günahını plagiatdıqda görür. Məncə bunun yeganə səbəbi qalıcı və zövqlü mahnıların olmamasıdır.
- İnsanlardan istədiklərini almaq onların istədiklərinə qovuşmasına kömək etməkdən keçirsə, bunu necə edə bilərik?
- Birincisi insanlara bir şey verərək xoşbəxt olmaq egonun ən böyüyüdür. Kiməsə nə isə verərək xoşbəxt olursunuz. Əslində o insanı sevindirdiyiniz üçün xoşbəxt olursunuz. Yəni belə düşünənlər var. Məncə insanları sevindirməkdən aldığımız zövq bizim sevincə, xoşbəxtliyə olan aclığımızın göstəricisidir. Bu mənim müşahidəmin nəticəsidir.
Türkiyədə sənətçi deyəndə müğənnilər yada düşür. Necə ki, idman deyəndə futbol. Bu düşüncədə əskiklik var. Bizim memarlarımız, heykəltəraşlarımız və bir çox sahədə öz qabiliyyətlərini göstərən sənətkarlarımız da var. Ancaq həmin sənət adamlarının heç biri ilə türk toplumu maraqlanmır. Bizim sahədə hər kəsi tanrılaşdırmağa çalışırlar. Birinə pərəstiş etmək və onu ən zirvəyə qoymaq heç də gözəl xüsusiyyət deyil. Bu heç vaxt mənim yolum olmayıb. Mənim illərdir ki, əlimə toxunub yıxılanlara, köynəyinə imza istəyənlərə bir sözüm olub. “Sizin atanız nə işə məşğul olur? O da “Atam dülgərdir” deyib. Mən də “Bax, mənim atadan heç bir fərqim yoxdur. Çünki o yaxşı dülgərdirsə, mən də yaxşı musiqiçi olmağa çalışıram. Sənin köynəyinə imza qoymağım məni və səni kiçildir. Bu düzgün bir addım deyil” deyib hər dəfə bu istəkləri geri çevirmişəm.
- Hər cənnəti ayrı-ayrı əxlaq normaları ilə əlaqələndirirlər. Hər kəsin cənnəti əxlaq ölçüsündədir?
- Cənnət Cənab-ı Allahın bizə bu fani həyatdan sonra cəza ilə və ya cəzasız gedə biləcəyimiz bir hədiyyəsidir. Biz bu dünyada kimisə əzərək, aldadaraq özümüzü xoşbəxt ediriksə, cənnətə çətinliklə qovuşacağıq. Yox əgər siz bu dünyada başqalarını daha çox düşünürsünüzsə və bunu səmimiyyətlə edirsinizsə cənnətə daha tez qovuşacaqsınız. Və ya siz bu dünya insanlarının sizi xoşbəxt etmədiyi üçün Allaha şükür edirsinizsə o zaman yenə siz cənnətə daha yaxın olacaqsınız.
İnsanlar daha yaxşı qidalanıb nəfəslərinin sayını artırmaq istəyir. Əlbəttə bu çox gözəl addımdır. Ancaq öz həyatlarının dəyərini bilmədikdən sonra, həyatın qayəsini dərk etmədikdən sonra o həyatın heç bir mənası olmur. Uzun ömür sürmək mənalı yaşamaq deyil. Bu dünyaya gələn hər bir kəsin vəzifəsi var. Kimi o vəzifəni düzgün yerinə yetirər, kimi də səhv. Bəzi insanlar da öz səhvlərini talehin, qismətin üzərinə yıxır. Amma mənim fikrimcə kifayət qədər çalışaraq, cəhd edərək sizə verilən rolun, vəzifənin düzgün yerinə yetirmək mümkündür.
Dəniz ƏLİYEVA