Son illər istehsal olunan komediya tipli filmlər, habelə TV layihələri heç də cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəziləri aidiyyəti qurumların cəza tədbirlərinə tuş gəlirlər, bəziləri də cəmiyyətin qınağına.
Bəs günümüzün insanı nəyə gülür, hansı zarafata gülmək istəyir? Bu sualla insanları güldürən, güldürməyə çalışan komediya aktyorlarına müraciət etdik.
"Gərək qurşaqdan aşağı..."
Aktyor Müşfiq Şahverdiyevin fikrincə, bu gün tamaşaçını güldürmək çətinləşib: "O vaxt bir televiziya kanalı var idi - AzTV. Arif Quliyevin televiziyada səhnəcikləri gedəndə çöldə bir adam tapmaq olmazdı. Həmin dövrdə o gülməli səhnələrə gözlərimizdən yaş gələnə qədər gülərdik. Sovetlər dağılandan sonra kino istehsalı dayandı, təəssüf ki, sənətçilər potensiallarını ekrana daşıya bilmədilər. Mənə elə gəlir ki, aktyorlarımız da öz üzərilərində işləmədilər. Təkrarçılıq oldu, tamaşaçı bunu bəyənmədi. İndi nəsil də fərqlidir. İnsanları güldürmək də çətinləşib. Bu sözümə görə üzr istəyirəm, amma reallıq budur ki, insanlar bir səhnəcikdə, filmdə qurşaqdan aşağı zarafat olmasa, gülmürlər. Ona görə biz də məcburuq çəkdiyimiz hər məhsulda qurşaqdan aşağı zarafatlara yer verək. "My name is İntiqam"ın treylerləri sosial şəbəkədə yayılandan sonra bizi tənqid edənlər çox oldu. Bəli, filmdə açıq-saçıq səhnələr var, amma söyüş yoxdur. Hamının təriflədiyi və Azərbaycanda da nümayiş olunan türk komediyalarında da söyüş var, amma bununla belə insanlarımız bunu normal qəbul edib, gülürlər. "My name is İntiqam"ın birinci və ikinci hissəsində söyüş yoxdur, sadəcə həm ssenariyə uyğun, həm də tamaşaçı marağına səbəb olacaq açıq səhnələr, ikibaşlı zarafatlar var".
"Yeni yazarlar lazımdır"
Arif Quliyev: "Zəmanə dəyişir, inkişaf edir. Bu dəyişiklik zəminində səhnə də dəyişir, amma bütün hallarda bunların yaxşı tərəfə dəyişilməsi daha yaxşı olardı. Yeni süjetlər və səhnəciklərini təqdim edəndə insanlar gülür. Əvvəllər gedirdin, bilet satırdın, hamı gəlirdi. İndi isə hər şey sponsora birləşib. Hansısa mədəniyyət evini kirayələmək istəyirsən, hamısı qiymət "oxuyur". Əvvəl güldürdüyün səhnəciklərlə indiki tamaşaçıları güldürmək mümkün deyil. Yeni yazarlar lazımdır. Yazarı da cəlb etmək üçün maddiyat lazımdır. Özüm monoloqlar deyirəm. Sabah camaatı yığsınlar, iki saat çıxış edim, amma o zalı kirayələməyə mənim imkanım çatmaz. Mən deyim ki, bu gün komediya sahəsində fəaliyyət göstərən istedadlı gənclər var. Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev, Rəfael İsgəndərov, Coşqun Rəhimov daim öz üzərlərində işləyirlər və uğurlu obrazlarla tamaşaçıların qarşısına çıxırlar. Mən onları alqışlayıram".
"Yığışdırın, ayıbdır"
İlkin Həsəni: "Bu işlə məşğul olan biri kimi deyirəm, indiki tamaşaçını güldürmək həqiqətən çox çətindir. Biz "Bozbaş pictures" layihəmizi gerçəkləşdirməyə başlayanda, bir neçə aydan sonra tənqid atəşinə tutulduq. "O nədir eləmisiniz, yığışdırın, ayıbdır, orada gülməli heç nə yoxdur" tipli mesajlar alırdıq. Hansısa xarici serial olanda gözəl, möhtəşəm deməyə öyrəşmişik. Özümüzünkülər olanda "bu nədir edirsiniz, ayıb olsun" tipli şərhlər yazırdılar. Fikirləşirdik ki, artıq bağlayaq, mənasız şeydir. Amma başlayanda əlimizdən gələni edirdik ki, alınsın, düzdür, maddi sıxıntılarımız vardı. Yavaş-yavaş tamaşaçılar obrazları tanımağa və sevməyə başladılar. Bu gün artıq biz bilirik tamaşaçı nəyi gülür və ekranda nə görmək istəyir".
Nərmin Muradova