Aparıcı Kamran Həsənli telefon danışıqları mətbuata yayıldığına görə müğənni Samir Piriyevdən hüquq-mühafizə orqanlarına şikayət edib.
Məsələ ilə bağlı Samir Piriyevin vəkili Ceyhun Yusifov Teleqraf.com-a açıqlama verib. O, bildirib ki, Samir Piriyev Kamranın dələduzluq hərəkətlərinə məruz qalıb və bununla bağlı cinayət işi açılıb:
"Kamran Həsənlinin Samirdən hüquq-mühafizə orqanlarına şikayət etməkdə məqsədi diqqəti dələduzluqdan yayındırmaqdır. Bu da bizi çəkindirməyəcək və sona qədər gedəcəyik. Onun əməlləri tam şəkildə ifşa olunacaq. Mətbuat konfransı keçirəcəyik və bu haqda geniş məlumat verəcəyik. Biz Kamran Həsənlinin növbəti səs yazılarını təqdim edəcəyik. Əlimizdə çoxlu faktlar var. O təkzib etsə, biz təsdiqini qarşısına qoyacağıq. Kamran nə qədər açıqlama verirsə, özünü o qədər çətinliyə salır. Samir Piriyevi hansı vəziyyətə saldığını daha çılpaqlıqla göstərir. Bu işdə ifaçının bacısı Gülər Həsənlinin də aktiv iştirakı var. Bununla bağlı da hüquq-mühafizə oqranlarına şikayət edəcəyik. Kamran Həsənlinin əlində Samirlə bağlı heç bir fakt yoxdur. Eləcə də Kamranın Samirdən başqa onlarla qurbanları var. O adamlarla bağlı faktları saxlamışıq. İstintaqa təqdim edəcəyik. Kamran Həsənli bizim açıqlamalarımızın şou xarakterli olduğunu bildirir. Guya ki, biz şou düzəldirik. Amma bir şeyi yadından çıxarır ki, şoumen onun özüdür. Onu da deyib ki, Samir üçüncü vəkildir ki, dəyişir. Hər bir vəkil işinə davam edir. Sadəcə, mənimlə də əlavə vəkil kimi yeni müqavilə bağlayıb”.
Rəqsanə