Əməkdar artist Mətanət İsgəndərli Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Bir "El qızı" titulunuz vardı, sonra "Kleopatra" tituluna sahib oldunuz. İlhamə Quliyevanın sağlığında heç kim özünə titul verməyə cürət etməzdi…
- İnsanın özü-özünə titul verməsi yaxşı deyil. Mənə "El qızı" adını insanlar verib. 2000-ci ildə Rusiyanın bir çox regionlarına qastrol səfərlərinə getmişdik, həmin vaxt yeni diaspora cəmiyyətləri yaranmışdı. Onlara dəstək üçün bir çox şəhərlərdə konsert verdim. Sonuncu konsertimiz Moskvada baş tutdu. Səfir alnımdan öpdü, dəstək üçün minnətdarlığını bildirdi. Konsertdən sonra Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürnamə göndərildi və mənə "El qızı" tituli verildi.
"Kleopatra" tituluna gəlincə, bir dəfə müxbir mənə dedi ki, “daha deyin, səhnənin Kleopatrasıyam da...” O müsahibədən sonra Kleopatra adı qaldı. "El qızı" mənim üçün daha önəmlidir. Kleopatra deyiləm, artıq bu addan imtina edirəm.
- Elza Seyidcahanla "Gözlərin" mahnısına görə küsülü idiniz. Elza mahnısını gec ifa etdiyinizə görə sizdən incimişdi. Hazırda münasibətiniz necədir?
- Elza çox yaxşı insandır. O tıxsız balıqdır, əlindən pislik gəlmr. Sadəcə mahnıda bəzi çatışmazlıqlar vardı. Yaxın günlərdə Xəzər TV-də eyni verilişə qonaq olduq, münasibətlərimiz düzəldi.
- Sizi həmişə pozitiv görmüşük. İndisə gözlərinizdə kədər var. Nə ilə bağlıdır?
- Bugünlər özümü güclə toplayıram… Bilmirəm. Yəqin ki, yorulmuşam... Nə isə... Anam yaxın günlərdə ağır əməliyyatdan çıxıb. May ayı ərəfəsində çoxlu toylarda oldum, yoruldum.
- İnsan hər zaman xoşbəxt ola bilirmi?
- Xeyr, insan ömrü boyu xoşbəxt ola bilməz. Amma həyatda elə anlar yaşayırsan ki, deyirsən, Allahım, bundan o yana ölsəm də dərdim olmaz. Yaxın günlərdə Rəşad Kəsəmənli ilə "Nəğmə olub gecələr" klipimə çəkildik. Elə bilirdim ki, Rəşad həqiqətən sevgilimdir. Mən çox duyğusal insanam. Uşaqlıqdan xasiyyətim belədir. Hər şeyi qəlbən, dərindən yaşayıram. Mənim öz dünyam var.
Ümumiyyətlə, təbiətə bağlı insanam. Təbiətdən və nəvələrimdən aldığım enerjini heç nədən, heç kimdən almıram. Məni onlar yaşadırlar. Amma təəssüf ki, nəvələrimlə də, təbiətlə də çox az-az bir yerdə oluram…
- Nəvələrinizi gec-gec görməyinizə səbəb nədir?
- Sənət adamıyam, vaxtımın çox hissəsi sənətimə gedir. Həm də ailə başçısıyam, evin problemləri, qayğıları olur. İşləyirəm. Bizim işimiz də toydur, pulumuzu ordan qazanırıq. İki övladım, üç nəvəm var. Hamısına mən baxıram. Ona görə normal istirahətə vaxt tapmıram.
Əslində istirahətim elə işimdir. Şəxsən mən iş görə-görə istirahət edirəm. Keçən yay hamı istirahətdə edəndə mən mahnı yazdırırdım. Oxuya-oxuya dincəlirəm...
- Duyğusal insan olduğunuzu dediniz. Bu tip insanlar depresiyaya meyilli olurlar. Siz necə?
- Kiminsə bədbəxtliyini görəndə depressiyaya düşürəm. Deyirəm, ay Allah, həyat budur? Başqasının dərdini öz dərdim bilirəm. Adam var, yanında öl, vecinə olmaz. Mənsə insanların dərdinə biganə qala bilmirəm. Çox həssasam.
Adam var, dərdini danışırsan, deyir, danışma, qanım qaralır. İnsan dərdini insana danışar da... Neçə illər idi depressiyadan uzaq idim. Amma sonuncu dəfə qışda elə depressiyaya düşdüm ki, dedim, Allahım, bu qaranlıqdan çıxsam, deməli, çox güclü insanam. Depressiyadan yaxa qurtara bilmirdim. Hətta təbiət də kömək eləmirdi.
- Səbəb nə idi?
- Şəxsi məsələ… Çox şükür, Allahın köməyi ilə özümə gəldim, depressiyadan çıxdım.
- İlk evliliyiniz uğurlu alınmayıb. Gec də olsa, ikinci dəfə ailə qurmağı düşünürsünüzmü?
- Hələ qızım Ülkər ailə qurmayıb. Hər zaman övladlarımı düşünürəm, özümü düşünməyə vaxt qalmır. Azərbaycan anaları fədakardırlar... Bilmirəm... Bəlkə də nə vaxtsa ailə qurmağı düşünəcəm. Doğrudan da qadın üçün tək yaşamaq çətindir. Düzdür, elə ömür yoldaşı da olur, sanki həyatda təksən. Sənə həmdəm olmur.
Ömür-gün yoldaşın həmdəmin, dostun olmalıdır. Hazırda sənətimlə bağlı ora-bura qaçıram. Özümə deyirəm, Mətanət, sənin də sakit vaxtın gələcək... Həmişə belə olmayacaqsan ki.
Övladlar da öz ailələrinin yanınadı. Nə qədər nəvə ilə oynamalısan? İnsana həyat yoldaşı yaşa dolanda lazımdır.
- Özünüzü tənha hiss etdikdə neynirsiz?
- Allaha şükür, yenə də övladlarım, nəvələrim…Allah adama hər şeyi bütöv vermir axı… Şükür, yaxşı nəvələrim var. Darıxanda nəvəm Tuncayla harasa gedirəm. O mənim məhəbbətimdir, eşqimdir. İlk nəvənin yerini heç kəs verməz. Tənha qalanda Tuncay yanımdadısa elə bilirəm, dünya mənimdir.
Eybi yox, həyat yoldaşım olmasın, amma əvəzində Allah mənə Tuncayı verib. Bəlkə də gələcəkdə qarşıma elə bir insan çıxar ki, ailə qurmağı düşümərəm. Hələ ki qızımı ərə verməyi düşünürəm. İstəyirəm, gözəl ailəsi olsun.
- Mətanət xanım, həmkarlarınız toy qıtlığından şikayətlənirlər...
- Hazırda toylar azdır. 25 ildir bu sənətdəyəm. Amma sənətimlə qazandıqlarımı da sənətimə verdim. Əlavə gəlir yerim, biznesim yoxdur. İndi biznes qurmaq da çox çətindir.
- Bəs, toylar olmasa neynəyərsiniz? Maddi baxımdan nəzərdə tuturam...
- İnanın, özüm də düşünürəm ki, toylar olmasa neynəyərəm? Nə bilim... Allah böyükdür.
- Toya hansı qiymətə gedirsiniz?
- Toy qiymətimi açıqlamaq istəmirəm.
- Mətanət xanım, yaxın günlərdə pəhrizlə arıqlayacağınızı demişdiz. Xeyli çəki atmısınız...
- 20 kiloqram çəki atmışam. Artıq çəkidən plastik əməliyyat etdirmədən, iradəmin gücünə xilas oldum. Nəyəsə nail olmaq üçün əziyyət çəkməlisən. Əməliyyat stoluna uzanmaq tənbəl insanlar üçündür.
Amma stress keçirən kimi kökəlməyə başlayıram. Yenə bir az kökəlmişəm. Ötən günlərdə cəbhə bölgəsində baş verən hadisələr məni depressiyaya saldı. Əsgərlərin şəhid olması mənə çox pis təsir etdi. Mən də anayam. Şəhidlərimizə görə səhərə qədər ağlayırdım.
Dediyim kimi, ruhdan düşəndə çox yeməyə başlayıram. Amma artıq çəkimi idman və pəhrizlə atdım. Fərqli həyat tərzi keçirirdim. Səhər yuxudan oyanırdım, çoxlu su içirdim, hər gün iki saat gəzirdim. Axçam saat 6-dan sonra un məmulatları yemirəm. Müğənni olmağın belə çətinlikləri də var…
Rəqsanə