25 İyul 2018 07:02
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində süni intellektlə təchiz edilən iri və nisbətən ucuz başa gələn “XLUUV” avtonom sualtı qayıqlarının istehsalına başlanılıb. Sualtı qayıqlar geniş spektrli tapşırıqların yerinə yetirilməsi, o cümlədən kəşfiyyat, minalama və düşmən gəmilərinin taranı üçün nəzərdə tutulacaq.

Teleqraf.com "İKTnyus"a istinadən xəbər verir ki, robotlaşdırılmış qayıqların 2020-ci ildən sonra istifadəyə veriləcəyi gözlənilir. Gəmilər insanlar tərəfindən idarə edilən adi sualtı qayıqları əvəz etməyəcək, lakin çinlilər onların vasitəsilə İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri tərəfindən ələ keçirilən mövqelərə etiraz etməyi planlaşdırırlar. Mütəxəssislərin sözlərinə görə, yeni sinifli sualtı qayıqlar Cənub Çin dənizində və Sakit okeanın qərb hissəsində ABŞ hərbi gəmilərinin qarşısında duracaqlar.

Mütəxəssislər qeyd edir ki, süni intellekt gəmilərə döyüş tapşırıqlarını müstəqil həll etməyə imkan verəcək, lakin bu, tam avtonomluq kimi başa düşülməməlidir. Robotlar öz işini 039 tipli dizel-elektrik sualtı qayıqlar kimi pilotlu sistemlərlə koordinasiya edəcəklər, son qərarlar isə insanlar tərəfindən qəbul olunacaq.

Mövcud avtonom sualtı aparat modellərinin (unmanned underwater vehicles, UUV) hərəkət imkanları məhduddur. Kiçik ölçüyə malik olan modellərin quraşdırılması üçün digər gəmi və ya qayıqlar tələb olunur. Yeni qayıqların ölçüsü adi gəmilərə uyğundur, onların bölmələri isə torpeda və ya raketlərin yerləşdirilməsi üçün yetərincə böyükdür. Onlar, həmçinin dizel-elektrik mühərriklərlə təchiz ediləcək, lakin aparatın iş qabiliyyətini bir neçə ay ərzində saxlayan alternativ enerji mənbələri də mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər