O, tibb tarixindəki ən ucaboy insandır. Sağlığında “İllionis nəhəngi” ləqəbi ilə tanınırdı. Üzləşdiyi xəstəlik səbəbindən ölənədək durmadan böyümüşdü. Sakit və yumuşaq xarakterinə görə, dostları ona “Kübar nəhəng” adını vermişdilər. O, öz nəhəng boyu ilə bu günə qədər yaşamış ən uzun insan olan Con Roqanı (2.67 sm) üstələyib.
İki əl arasında ən uzun məsafə
Öləndə boyu 2.72 m, çəkisi 220 k1 olan Robert Uodlou anormal boyu ilə bütün zamanların ən uzun insanı hesab olunur. Uodlou yeriməyə başlayanda boyu 90 sm idi. 9 yaşında atasını qaldıra biləcək qədər güclənən və boyu sürətlə uzanan Robert Uodlounun əllərinin ortalama ayaq uzunluğunda, bir əldən digərinə olan məsafə 2.87 m idi.
Eddi və Harold Uodlouların ilk övladı idi. 1918-ci il fevralın 22-də İllionis ştatının Alton şəhərində 3 kq 790 q ağırlığında anadan olan Robert Uodlou doğuşdan dərhal sonra inanılmaz ölçüdə böyüməyə başladı. Altı aylıq ikən 13 kq-a çatdı.
Yüz min dollarlıq ayaqqabı
Doğularkən 3.8 kq çəkisi ilə normal bir körpə kimi görünürdü. Lakin fövqəladə sürətli inkişafı nəticəsində 1 yaşında 100 sm, 13 yaşında isə 2.24 m-ə çatdı və dünyanın ən uzun uşağı adını aldı. İbtidai məktəb illərində həddən artıq uzun boyu səbəbindən xüsusi hazırlanmış stulda otururdu.
5 yaşında məktəbə gedən Robert 1.87 sm boyu və 90 kq çəkisi səbəbiylə 17 yaşındakı bir insana uyğun paltar geyinirdi. Robertin bədəni yaşı ilə müqayisədə ortalama bədən ölçüsü meyarlarına uyğun gəlmirdi.
Robert Uodlou 10 yaşındaykən çəkisi 95 kq, boyu 1.80 m-dən daha uzun idi. 53 ölçülü ayaqqabı geyinirdi. Bir müddət sonra ayaqları daha da böyüyən Robert hər cüt üçün 100 dollar ödəməli olurdu. Lakin bir firma ilə reklam müqabilində anlaşdı. Robert Uodlouya uyğun olaraq hazırlanan, ölçüləri normadan xeyli böyük olan 37 ayaqqabı 100 000 dollara başa gəlmişdi. Robert reklam anlaşması sayəsində bu ayaqqabıları pulsuz alırdı. Ayaqqabıları hələ də Alton İncəsənət və Tarix Muzeyi daxil olmaqla, ABŞ-ın müxtəlif yerlərində nümayiş olunur.
Qulliver cırtdanlar adasında
O, 12 yaşında boyunun bu qədər artmasının əsas səbəbini öyrəndi. Hiperaktiv hipofiz səbəbi ilə Robert Uodlounun boyu standartdan çox böyüyürdü.
13 yaşında Robert yenidən baxışdan keçirildi, yaşıdlarından 5 dəfə daha çox kalori istehlak edirdi.
1936-cı ildə Alton Liseyini bitirdikdən sonra adını Hüquq fakültəsi üçün Şurtleff Kollecinə yazdırdı. Zehni baxımdan çox da savadlı sayılmırdı. Orta məktəbi bitirdikdən sonra daxil olduğu kolleci birinci kursun ilk semestrində tərk etdi.
Robert Uodlou beş qardaşın böyüyü idi. Son dərəcə uzun olmasına baxmayaraq, ailə üzvlərinin ortalama boyları ölkə standartlarında idi. Robert üçün hazırlanan xüsusi geyimlər 3 dəfə daha çox parça tələb edirdi.
Nəhəng tolerantlıq
19 yaşında Robertin boyu 2.61 m-ə çatdı və rəsmi olaraq dünyanın ən uzun adamı oldu. “Kübar nəhəng” ləqəbli Robert Uodlou bundan sonra tez-tez yerli telekanallarda görünməyə başladı və uzun boyu gəlir mənbəyinə çevrildi. Bir radioya müsahibəsində aparıcının insanların ona baxmağından narahat olub-olmadığını soruşanda Robert belə cavab vermişdi: “Xeyr, tolerant davranıram”.
1937-ci ildə 2.6 metr boyu ilə bütün zamanların ən uzun insanı rekordunu qırdı. Lakin həmin ildən çəlik olmadan yeriyə bilmirdi. Ömrünün son illərində bədəni artıq uzun boyunu qaldırmağı bacarmadı. İndi gəzmək üçün dayağa ehtiyac duyurdu. Artıq ayaqlarında az hissiyyat qalmışdı. Ölümündən cəmi 18 gün əvvəl, yəni 1940-cı il iyunun 27-də həkimləri boyunu ölçdülər, 2.72 m idi.
Qəribə rol
Öləndə Amerikanın ən məşhur insanlarından biri idi. Şöhrətini xüsusilə 1936-cı ildə “Rinqlinq qardaşları” sirki ilə çıxdığı ABŞ turnəsi, 1938-ci ildə isə “INTERCO” ilə ölkə səyahəti, eləcə də ABŞ-ın milli bayramları ilə əlaqədar keçirilən şənliklərə borclu idi. Ölümünə qədər bu turnələri davam etdirdi.
Bir neft şirkətində işləyən atası işindən ayrıldı və ömrünü oğlunun karyerasına sərf etdi. Ancaq yenə atasının özü tərəfindən bir növ bu qəribə rola məcbur edilən Robert bədəninə və həyatına nifrət edirdi.
Yarım tonluq tabut
1940-cı il iyulun 4-də keçirilən Milli Meşə Festivalı zamanı səhnədə olarkən ayağından zədələndi, nəticədə infeksiyaya yoluxdu. Robertin ömrü boyu qədər uzan olmadı. Təcili əməliyyatlar və həkimlərin müdaxilələrinə baxmayaraq, Robert iyulun 15-də öldü. 22 yaşında vəfat edən Robert Uodlou ölən zaman boyu 2.72 m, çəkisi 220 kq idi. Robertin nəhəng, 453 kq-lıq tabutunu yerindən qaldırmaq mümkün deyildi. Nəşi doğulduğu İllionis ştatının Alton şəhərində dəfn edildi.
1940-cı il iyulun 19-da baş tutan dəfn mərasimində təxminən 40 000 nəfər iştirak etdi. Tabutu yarım ton ağırlığında idi və onu 18 nəfər daşımışdı. Robertin ailəsi onun cənazəsinin müqəddəs sayıldığına inandığı üçün oğurlanmasının və ya narahat edilməsinin qarşısını almaq üçün üzərinin betonla örtülməsini istədi.
Robert Uodlounun gerçək boyu hündürlüyündə hazırlanmış bürünc heykəli bu gün də Altonda ucalır.