Həllac Mənsur 858-ci ildə Bəyza şəhərinin Tur kəndində doğulub. Babası Məhəmməd məcusi (atəşpərəst) idi. Sonralar ana tərəfindən Əbu Əyyub əl-Ənsarinin nəslindən gəldiyini söyləyərək, Ənsari soyadını alıb. İbn ən-Nədim onun əhalisinin əksəriyyətinin ərəb olduğu Bəyzadan olduğunu dedikdən sonra atasının peşəsi səbəbindən “Həllac” kimi tanındığını bildirir. Oğlu Həmidin dediyinə görə, insanların qəlblərindəki sirləri pambıq kimi darayıb altını-üstünə çevirdiyi üçün “Həllacı Əsrar” adını alıb.
Başqa bir rəvayətdə həllac dükanında olarkən, sahibini bir yerə göndərir və geri qayıdan bu adam bütün pambıqların satıldığını görür və bunu Mənsurun möcüzəsi kimi qəbul edərək, onu “Həllac” adlandırır. Əsl adı Hüseyn olsa da, Şərq tarixində daha çox atasının adıyla - Mənsur və ya Həllac kimi tanınıb. Rəvayətə görə, “Mənsur” adı apardığı mübarizədə qalib gəldiyi üçün verilib.
Allahla əlaqəsinin olduğuna inanlar onu “Allahın Mənsuru” adlandırmışdılar.
Həllacın dünyası
Xətib əl-Bağdadinin yazdığına görə, Həllac doğulduğu Turdan əhalisi hənbəlilərdən ibarət olan və hafizləri ilə tanınan Vəsidə gedib. On iki yaşında burada Quranın əzbərini tamamlayır. Sonra Tüstərə köçür və burada iki il Səhl ət-Tüstərinin tələbəsi olur. İyirmi yaşında Bəsrəyə gəlir. Buradan Bağdada gedərək Cüneyd ibn Bağdadi, Əmir ibn Osman əl-Məkki və Əbu əl-Hüseyn ən-Nuri kimi tanınmış sufilərin söhbətlərinə qatılır.
Bəsrədə Əbu Yaqub Əqta adlı sufinin qızı ilə evlənir. O, burada Abbasilər Xilafətini hədələyən Zənc qiyamının şahidi olur, ehtimal ki, bu üsyana dəstək verir.
Bəsrədə özünəqapalı bir həyat yaşayır, həmin vaxt qayınatası ilə şeyxi arasında ciddi fikir ayrılığı yaranır. Həllac bu durumda nə edəcəyini Cüneydən soruşduqda, ona səbr etmək tövsiyə edilir. Bir müddət sonra – 896-cı ildə ilk həcc ziyarəti üçün Hicaza gedir. Vaxtını ibadət və zahidliklə keçirən Həllac daha sonra bir qrup sufi ilə Bağdada dönür, Cüneydin söhbətlərinə qatılmağa davam edir.
Amma bu müddət ərzində verdiyi bəzi suallara cavab ala bilmir. Həllacın məqsədyönlü suallar verdiyinə və bu məsələlərdə səmimi olmadığına inanan Cüneyd onun söhbətlərindəki iştirakından narahat olmağa başlayır, nəticədə onu məclisdən çıxarır. Həllac bundan sonra Tüstərə qayıdır. Bir il qaldığı Tüstərdə insanlar özünü hansısa məzhəbə aid etməyən, amma hər məzhəbin ən çətin hökmlərini yerinə yetirməyi müdafiə edən Həllaca böyük maraq göstərir.
Həllac Mənsur beş il davam edəcək səyahətə çıxmaq üçün Tüstərdən gedir. Xorasan, Mavəraünnəhir, Sicistan və Kirmanı gəzir. Getdiyi hər yerdə xütbələr verir, əsərlər yazır. Əhvaza gedir və ailəsini də bura gətirir. Əl-Məkki Əhvaza onu aşağılayan məktublar yazır. Əhvazda məclis qurub xütbələr verməyə başlayan Həllac xalq və ziyalılar tərəfindən bəyənilir, burada “Həllacı Əsrar” adlandırılır.
“Halal edilmiş qan”
Ailəsini Əhvazda qoyaraq 400 müridi ilə birlikdə ikinci həcc ziyarəti üçün Bəsrədən Məkkəyə gəlir. Ona paxıllıq edən sufi Əbu Yaqub ən-Nəhrəcuri Həllaca qarşı çıxmağa başlayır.
Həcdən qayıtdıqdan sonra Bəsrədə bir ay qalaraq Əhvaza gələn Həllac ailəsi və bir qrup tanınmış şəxsi buradan Bağdada aparır. Bir il burada qalır, bundan sonra “küfr və şirk torpaqları”nı Allahın dininə dəvət etmək üçün vəhy gəldiyini söyləyərək ailəsini müridlərindən birinə əmanət edir və dəniz yolu ilə Hindistana gedir. Xorasan, Mavəraünnəhir, Türküstan, Maçin, Turfan və Kəşmirə səyahət edir. Orada xütbələr verir, Allah sevgisindən danışır.
Getdiyi yerlərdə əsərlər yazaraq insanların İslamı qəbul etmələrində böyük rol oynayır. Onun təsiri altında müsəlman olanlar “Mənsuri” adlandırılmışdı. Bu onu məşhurlaşdırdı. Getdiyi yerlərdə insanlar yazdıqları məktublarında ona “Muğis”, “Muküt”, “Zahid”, “Mustaləm” kimi adlarla xitab edirdilər. Bu səfərdən qayıtdıqdan sonra özünə qarşı yönəlmiş fəaliyyətlər yenidən başlayır.
903-cü ildə üçüncü həcc ziyarətinə gedir və iki il orada qalır. Bəzən dua edir, bəzən də insanların arasında qarışıb həcdə kəsilən qurbanlar kimi özünü Allah yolunda qurban verməyə hazır olduğunu qışqırır. Bir dəfə Ərafatda özünə işgəncə verilməsini və təhqir olunmasını istəyir.
Bağdada dönərək ev alan Həllacda baş verən ciddi dəyişiklik diqqəti çəkir. Haqqında söylənən bir əfsanəyə görə, Bağdadda canını Allah yolunda qurban vermək istədiyini və insanların qanını tökməsinin halal olduğunu açıqca bildirir.
Xilafətin gecikən üzrü
Qarmatilərin Abbasiləri təhdid etdiyi bir dövrdə - 870-ci ildə başlayıb 883-cü ilədək davam edən Zənc üsyanının izlərinin hələ silinmədiyi, qeyri-sabitliyin davam etdiyi bir dönəmdə Həllacın fikirləri və davranışları xalq və üləma arasında narahatlıq yaratdı. İbn Davud əz-Zahirinin rəhbərlik etdiyi bir qrup alim Həllaca qarşı hərəkətə keçdi; bəziləri onun sehrbaz, şarlatan və ya dəli olduğunu iddia etdiyi halda, bəziləri müqəddəs olduğunu söyləyirdi. Ona qarşı müxalifət genişləndikdə, bəzi ardıcılları həbs edildikdə eyni aqibətin onu gözlədiyini başa düşdü və Əhvaza qaçdı.
Susdakı bir dostunun köməyi ilə Daniyal peyğəmbərin türbəsi yaxınlığında bir il gizləndi. 913-cü ildə tutularaq Bağdada gətirildi və edam tələbi ilə məhkəməyə çıxarıldı. Lakin məhkəmə edam qərarı vermədi. Səkkiz illik həbs həyatı dostu Nəsr əl-Kuşurinin evindəki bir otaqda keçdi. Bütün ehtiyacları ödənildi, ziyarətçiləri qəbul etməyə icazə verildi. Həbsdə olan Həllacın təsiri Bağdad və ətrafında tədricən artdı.
Eyni zamanda, ona qarşı müxalifət getdikcə böyüyürdü. Keçmiş sufi Əbu Əli əl-Əvarici belə onu məşhur qiraət alimi İbn Mücahidə “saxta möcüzələr göstərən hoqqabaz” kimi təqdim etdi. Cəzalandırılması üçün artan tələblərdən sonra vəzir Həmid ibn Abbas tərəfindən edam tələbi ilə yenidən hakim qarşısına çıxarıldı. Sübutların az olduğunu deyən hakimlər edamın icrası üçün cəza verməkdən yayındılar və məhkəmə prosesi uzandı. Amma vəzirin israrı qarşısında çətin durumda qalan Maliki qadısı Əbu Ömər Məhəmməd ibn Yusif əl-Yəzdi Həllacın edamına qərar verdi.
Hənəfi qazisi İbn əl-Buhülün etirazına baxmayaraq, bu hökm digər hakimlər və şahidlər tərəfindən imzalandıqdan, xəlifə Müqtədir-Billah tərəfindən təsdiqləndikdən sonra Həllac 922-ci ildə Bağdadın Babuttaq adlanan ərazisində əvvəlcə şallaqlandı, burnu, qolları və ayaqları kəsildikdən sonra edam edildi. Başı kəsilərək nizəyə keçirildi və Dəclə çayı üzərindəki körpüyə sancıldı, cəsədi yandırıldı və külləri çayın sularına səpələndi. Kəsilmiş başı iki gün körpünün üstündə saxlanıldıqdan sonra Xorasana göndərildi və burada gəzdirildi.
Həllacın asıldığı yer zaman keçdikcə əhəmiyyət qazanmağa və “Haqq şəhidinin türbəsi” kimi ziyarət olunmağa başladı. Yeni təyin olunmuş vəzir Əli ibn Məsləmənin vəzifəsinə başlamazdan əvvəl Həllacın qəbri kimi tanınan yeri ziyarət etməsi və mənəvi hüzurunda dua etməsi, Abbasilər Xilafətinin ondan üzr istəməsi və nüfuzunu ona geri qaytarması demək idi.
Həm övliya, həm də mürtəd
Həllac Mənsurun öldürülməsinin səbəbi ilə əlaqədar olaraq Abbasilərə üsyan edən “Qarmatilərlə gizli məktublaşmaq”, “ənəlhəqq” sözüylə ilahilik iddiası irəli sürmək”, “həccin vacibliyini inkar etmək” və “yeni anlayış yaratmaq” kimi müxtəlif iddialar irəli sürülüb. Amma edamın əsas səbəbinin bu kimi iddialar olmadığı bildirilir.
Məsələn, IX əsrdə yaşamış və Həllacın bənzər fikirlərini müdafiə edən Bəyazid Bistami kimi sufilərə toxunulmamışdı. Həllacın ölüm fətvası dini yox, daha çox siyasi qərar idi. Bu qərar da siyasi təzyiqlərlə verilə bilərdi. Böyük nüfuza sahib olduğu, ətrafında çoxlu ardıcıl topladığı, saray və hətta yüksək səviyyəli dövlət xadimləri və qurumları arasında tərəfdar tapdığı, zənci kölələrin üsyanına isti yanaşdığı, Mehdi olduğu və Abbasilərə qarşı qarmatilərlə gizli əməkdaşlıq etdiyi barədə şayiələr vardı. Bunlar dövlət adamlarını narahat etmişdi, buna görə təzyiq altında işlədiyi iddia edilən hakimlər heyəti edam qərarı vermişdi.
Həllacın mürtəd və allahsız hesab edən, edamını şəriət tərəfindən zəruri sayan hakimlər də vardı. Hər dövrdə bəzi alimlər onun edamına haqq qazandırıblar. Əvvəlcə Osman əl-Məkki və Cüneyd Bağdadi kimi bəzi müasiri olan sufilər Həllacı tənqid etmişdilər, İbn Ata, Şibli, İbn Xəfif və Nəsrabadi kimi bəzi digər sufilər onu müqəddəs kimi qəbul etmişdilər, daha sonra demək olar ki, bütün sufilər onu övliya saymışdılar.
Sevgi namazı üçün dəstəmaz
Həllaca görə, bütün dinlər mahiyyətcə eynidir. Eyni həqiqətə fərqli tərəflərdən baxmaları dinlərdəki fərqin mənbəyini yaradıb. Yəni, bütün dinlərin hədəfləri və istəkləri eynidir. Bu baxımdan hamısı haqdır. Fərq yalnız ad və formasındadır. Məsələn, Həllac Mənsur həm Musa, həm də fironun sözlərini “həqiqət” adlandırır, bu ifadəni riyazi və taleyə dair fikirləri ilə izah edir: “Bu sözlər sonsuza qədər qiymətləndirilən və dəyişməz bir taleyin nəticəsi olaraq söylənilmişdir”.
Bütün dinlərin ilahi olduğunu söyləyən Həllaca görə, insan seçdiyi dinə yox, Allah tərəfindən onun üçün üstünlük verilən dinə tabedir.
Həllac İblisin Adəmə səcdə etməməsini də tövhid, sevgi və təvazökarlıq baxımından şərh edib. Ona görə, İblis Allahdan başqasına səcdə etməyin vacib olmadığını, bunun ilahi qərar olduğunu bilir və səcdə əmrini imtahan və zahiri məsələ olaraq qəbul edirdi. İblis Allaha dərindən bağlı olduğundan ondan başqasının qarşısında əyilməmiş, səcdə şərəfini yalnız ona aid etmişdi.
Allahın, “Səcdə etməsən, səni əbədi olaraq cəzalandıracağam” xəbərdarlığına qarşı, “Bu əzab içində olarkən məni görəcəksən?” sualına, “Bəli” cavabını aldıqda, “Məni görsən bu əzaba dözməyə dəyər” demişdi.
Həllac sevgini zövq və həzz olaraq yox, ağrı və əzab kimi görür, aşiqin tərəddüd etmədən sevgisi uğrunda ən ağrılı əzabı gözə alması lazım olduğunu düşünürdü. Edam edildiyi gün bədənindən axan qanla dəstəmaz aldığı, “Sevgi namazı üçün dəstəmaz yalnız qanla alına bilər”, dediyi rəvayət olunur.
Allah olmaq
Həllac haqda irəli sürülən iddialardan ən geniş yayılmışı və ən təsirlisi tövhid dünyagörüşünü ifadə edən “ənəlhəqq” sözüdür. Həllacın kafir və bidətçi olduğunu iddia edənlər bununla onun allahlıq iddiasında olduğunu irəli sürüblər. Onu böyük müqəddəs kimi qəbul edənlər bu sözü digər sufilərin “zarafatı” olaraq görüblər və müxtəlif mənalarda təfsir ediblər. Tarixçilərə görə, Həllacın “ənəlhəqq” dediyi doğrudur, amma bununla Allah olduğunu iddia etdiyi mühakimələri səhvdir. Onun bununla bağlı tam izahatı belədir: “Əgər Allahı tanımırsınızsa, onun əsərini tanıyın, o əsər mənəm. Mən haqqam, əbədi olaraq haqq və haqqam”.
Bəzi təfsirlərə görə, “Mən haqqam” ifadəsi “Mən Allahdanam” və ya “Mən batil yox, həqiqətəm” deməkdir.
Qəzali və Fəxrəddin ər-Razi də Həllac Mənsuru müdafiə edir. Həllacın yaşadığı dövrdə və ondan əvvəl təsəvvüf düşüncələrinə görə heç kimin edam edilməməsi, o dövrdə “ənəlhəqq” sözünün edam səbəbi kimi qəbul edilmədiyini göstərir. Əlavə olaraq, Həllacdan sonra bu ifadə sufi ədəbiyyatında qəbul olunub və tez-tez istifadə edilib. Təsəvvüf şairləri bu sözü dərin həvəslə təkrarlamaqdan böyük mənəvi həzz alıblar, hətta ən mühafizəkar çevrələr bu ifadəni istifadə edənləri kafir saymadılar.
Əsrlər sonra
İslam alimlərindən də bəziləri Həllacın haqlı olduğunu müdafiə edir və fikirlərini bölüşür, bəziləri onu “kafir” kimi ittihamlarla qəti şəkildə rədd edirlər. Başqa bir qrup onun günahsız olduğunu düşünür, digərləri mühakimə etməkdən yayınaraq susmağa üstünlük verir. Ümumi olaraq, üləma Həllacı kafir kimi qəbul edib, edamın doğru və zəruriliyini əsrlər keçməsinə baxmayaraq müdafiə edib və onu heç vaxt bağışlamayıb. Bəzilərinə görə Həllac hoqqabaz, hipnozçu, sehrbaz, hiyləgər və şarlatandır. Onların iddiasına görə, Hindistana səfəri zamanı yoqlardan və sehrbazlardan öyrəndikləri əsasında bəzi “möcüzələr” göstərib, bunlarla insanları aldadıb və onları “müqəddəs” olduğuna inandırıb.
Bəzilərinə görə, Həllac haram-halal bilməyən, hər şeyi caiz hesab edən dinsizdir. Amma Həllacı rədd edənlər zamanla azalıb və tənqidlər təsirini itirib, dostları və tərəfdarları isə getdikcə artıb. Həyatda ikən Şibli, İbn Xəfif, İbn Ata və Fariz kimi müdafiəçiləri olan Həllacı sufilər arasında qəbul etməyənlər demək olar ki, qalmayıb.
Həllacın düşüncə və mübarizə tərzi ölümündən sonra da İslam dünyasının ən ucqarlarına qədər yayıldı. İslam-türk ədəbiyyatında özünə yer tutan Həllac Mənsurun düşüncələri Azərbaycan ədəbiyyatından İmadəddin Nəsimi kimi böyük şairlərin yaradıcılığına təsir göstərdi. Misirli yazıçı Salah Əbdüssabir “Məsatük Həllac” kitabında onu ədalətsizliyə qarşı inqilabi düşüncənin cəsarətli və fədakar nümayəndəsi kimi təqdim edir. Həllacın təsiri XX əsrdə də davam edib.