4 Noyabr 2021 09:05
5 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York sakinləri şəhərin 110-cu merini seçmək üçün səsvermə məntəqələrinə gediblər. Şəhərin 5 rayonundan biri olan Bruklin meri Erik Adams Respublikaçı rəqibi Kertis Sliva ilə yarışıb. Adams mer seçkilərində qalib gəlib.

Teleqraf.com xəbər verir ki, 61 yaşlı Adams Nyu-Yorkun meri seçilən ikinci qaradərili amerikalıdır. 2022-ci il yanvarın 1-də bu vəzifəni iki müddətdir icra edən Bill de Blasiodan mer postunu təhvil alacaq.

Erik Adams siyasətə gəlməzdən əvvəl 22 il Nyu-Yorkun Polis İdarəsində işləyib və baş komissar vəzifəsinə qədər yüksəlib.

Kirayə ev

Erik Adams 1960-cı il sentyabrın 1-də Braunsvil şəhərində anadan olub. Anası zəngin ailələrin evlərində qulluqçu işləyib, atası isə spirtli içki aludəçisi olan qəssab idi. Ailə o qədər kasıb idi ki, tez-tez kirayə qaldıqları evlərin sahibləri onları pullarını ödəyə bilmədikləri üçün qovurdu. Erik bu səbəbdən məktəbə tez-tez paltarlarını yığdığı çamadanla gəlirdi.

Amma anası 1968-ci ildə ev almaq və ailənin Kvins şəhərinə köçməsi üçün pul yığa bilmişdi. Erik Adams altı uşağın dördüncüsü idi və erkən yaşlarında işləməyə məcbur olmuşdu.

Mafiya arasında

Adams 14 yaşında “7-Crowns” adlı mafioz dəstəyə qoşulmuşdu. Onun bu dəstədəki “vəzifəs”i Miki adlı fahişə də daxil olmaqla, mafiya üzvlərinə pul və digər şeyləri daşımaq idi. Adams 15 yaşında olarkən, o və qardaşı Mikinin televizor və pullarını oğurladıqlarına görə həbs olunmuşdu. Nəzarətdə olarkən bir polis müdaxilə edənə qədər döyülmüşdülər.

Adams şərti cəzaya məhkum edilməzdən bir neçə gün əvvəl yetkinlik yaşına çatmayanlar üçün həbsxanaya göndərilir. Bundan sonra əsəb pozğunluğundan əziyyət çəkir, amma bu zorakılıq onu polis orqanlarına girməyə sövq etdiyini söyləyir. Adams xüsusilə bir qaradərili polisə olan hörmətdən zövq almaq istəmişdi. Bir keşiş ona bu yolda kömək edəcəyini dedikdən sonra motivasiyası bir qədər də artdı.

Nyu-York polisində

Erik Adams 1978-ci ildə Kvinsdəki Baysayd Liseyini bitirib. Bundan sonra Bruklin Prokurorluğunda mexanik və poçt işçisi kimi işləməklə yanaşı, kollecdə oxuyub. Nyu York Şəhər Texnologiya Kollecində bakalavr dərəcəsi alıb.

Erik Adams 22 il Nyu-York polisində və Nyu-York Şəhər Polis Departamentində işləyib. Eyni zamanda, Nyu-York Polis Akademiyasında oxuyub və 1984-cü ildə buranı bitirib. Adams bundan sonra Nyu-York polisində işə başlayıb.

1986-cı ildə ağdərili polislər mülki geyimdə olan zabit Adamsı yanlışlıqla şübhəli kimi saxlamışdılar.

O, 1990-cı illərdə afro-amerikalı patrulçular assosiasiyası olan Böyük Qəyyumlar Şurasının prezidenti vəzifəsində işləyib.

11 Sentyabr

1995-ci ildə məşhur boksçu Mayk Tayson məhkum olunduqdan və həbsdən azad edildikdən sonra onun mühafizəsinə rəhbərlik edib.

Adams Nyu-Yorka 11 Sentyabr hücumlarından sonra Ümumdünya Ticarət Mərkəzinin ərazisində ilk çıxış edən şəxs olub. Sentyabrın 11-də hadisədən dərhal sonra olay yerinə gəlib və ikinci hücum zamanı ərazinin təhlükəsizliyini təmin etmək üçün bir qrup polisə rəhbərlik edib.

Adams 2006-cı ildə Nyu-York qubernatoru Maykl Blumberqi tənqid etdiyi üçün saxlanılıb və dindirilib.

20 ildən çox polis kimi xidmət etdikdən sonra - 2006-cı ildə kapitan rütbəsi ilə təqaüdə çıxıb.

Şəhər meri

Erik Adams 1990-cı illərdə Nyu York şəhərinin meri olmaq məqsədi ilə siyasi karyera qurmağa başlayıb. 1994-cü ildə Nyu-York üzrə Demokratlar Partiyasından Konqresə namizəd olub, amma bunun üçün lazımi imzaları toplaya bilməyib.

Erik Adams 2001-ci ildə yenidən Demokratlar Partiyaslna qayıtmazdan əvvəl, 1997-ci ildə Respublikaçı kimi qeydiyyatdan keçib. Amma sonradan bunu “uğursuz seçim” adlandırıb.

O, 2006-cı ildə Nyu York Ştat Senatına namizəd olub və seçilib. Dörd dəfə bu mandatı özündə saxlayıb.

2010-cu ildə Senatın komitə sədri olub.

2012-ci ildə Nyu-Yorkun Qanunsuz Silahlara Qarşı Ştat Qanunvericilərinin həmsədri vəzifəsində işləyib. Nəhayət, Erik Adams bu ilin noyabrın 2-də Demokratlar Partiyasından Nyu-York şəhərinin yeni meri seçilib.

Şəxsi həyat

Erik Adams heç vaxt evlənməyib, amma keçmiş sevgilisi Krisen Koulmandan Cordan adlı oğlu var. Oğlu Amerika Universitetinin məzunudur, kinorejissor və televiziya aktyorudur.

Erik Adams 2016-cı ildə ikinci diabet diaqnozundan sonra vegeterian olub.

Azərbaycan və Türkiyənin dostu

Türkiyədə “türk dostu” adlandırılan Erik Adams Nyu-Yorkdakı Azərbaycan diasporu ilə də sıx əlaqələrinin olduğu bildirilir. O, bir neçə dəfə Bakıda da olub. 2014-cü ildə Bakı şəhərinin Səbail rayonu ilə Nyu-Yorkun Bruklin rayonu arasında dostluq protokolunu imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər