3 Oktyabr 2015 12:21
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə bir aydan da az vaxt qalır. Artıq dünən namizədliklərin irəli sürülməsi mərhələsi başa çatıb. Cəmi bir həftə sonra seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start veriləcək.

Sirr deyil ki, seçkiqabağı təbliğat-təşviqat dönəminin ən mühüm elementlərindən birini KİV-lər təşkil edir. Lakin son vaxtlar deputatlığa namizədlərin seçkiqabağı təbliğat-təşviqat dövründə mediadan yan gəzdiyi müşahidə olunur. Bəs, bunun səbəbi nədir? Bu və digər suallarla Jurnalistlərin Həmkarlar İttifaqının sədri, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərliyə müraciət etdik.

- Müşfiq bəy, Sizcə deputatlığa namizədlər niyə seçkiqabağı təbliğat-təşviqat kampaniyası müddətində mətbuatla işləməyə maraqlı olmurlar?
- Bunun bir neçə səbəbi var. Həqiqətən də, əvvəlki dövrə nisbətən hiss olunur ki, namizədlər mediada reklam verilməsinə, təbliğat aparılmasına o qədər də meyilli deyillər. Burada mən konkret iki səbəb görürəm. Birinci odur ki, əvvəlki illərə nisbətən son illərdə seçki kampaniyasının müddəti qısaldılıb. Əvvəllər səhv etmirəmsə, seçki kampaniyasının müddəti kifayət qədər uzun, təxminən iki-üç ay idi. Amma sonradan Seçki Məcəlləsində dəyişiklik edildi və bu müddət azaldıldı. Əslində, bu müddətin azaldılması yaxşı idi. Əvvəllər uzun müddətə kampaniyanın aparılması yersiz hərəkətlərin meydana çıxmasına səbəb olurdu. Yəni, birinci səbəb kampaniyanın müddətinin qısaldılması ilə bağlıdır. Bu, mühüm faktorlardan biridir. Yəqin ki, təbliğat-təşviqat kampaniyası başladıqdan sonra aktiv seçki mübarizəsinin şahidi olacağıq.

İkinci səbəb isə medianın, o cümlədən internet medianın inkişafı ilə bağlıdır. Əvvəllər ortada yalnız ənənəvi media və radio, televiziya və qəzetlər idi. İndi isə təbliğat-təşviqat aparılmasının alternativ variantları ortaya çıxıb. Bu alternativ vasitələrə də xüsusilə internet media və sosial şəbəkələri göstərmək olar. Bilirsiniz ki, ölkəmiz azad və sürətli medianın inkişaf etdiyi ölkələr sırasındadır və orta statistikaya görə əhalinin 70 faizindən çoxu internet istifadəçisiidr. Buna uyğun olaraq da sosial şəbəkələr, bloqlar da inkişaf edir və namizədlərin imkanları var ki, özlərini sosial şəbəkədə kifayət qədər reklam etsinlər, yaxud öz auditoriyalarını formalaşdırsınlar.

- Bəzi namizədlər var ki, onlar seçkiqabağı təbliğat-təşviqat kampaniyasını şouya çevirirlər. 2010-cu ildə namizəd olmuş bəzi bu tipli adamların videoları hələ də internetdə dolaşır. Halbuki, deputat seçiciləri ali qanunverici orqanda təmsil edəcək şəxsdir. Bu cür insanların qeydə alınmasına necə baxırsız?
- Seçki Məcəlləsinə görə, müəyyən prosedurları keçən, yəni ən azı 450 etibarlı imza toplamış şəxs deputatlığa namizəd kimi qeydə alınır. Əvvəldən proqnozlaşdırmaq olmur ki, kampaniya zamanı bu namizədlər hansı addımları atacaqlar. Çox təəssüf ki, bəzən yanlış insanların da düşməsi olur və onlar, belə deyək, əslində, seçki kampaniyasını qazanmaq yox, hansısa digər maraqlarını təmin etmək üçün bu prosesə qoşulurlar. Bəzən isə namizədliyin statusu və mahiyyəti barədə məlumatı olmayan şəxslər qara piar kampaniyasına qoşulurlar. Bilirsiniz ki, təbliğatda anti-təbliğat qadağandır və onlar bunu bilmədən belə hallara yol verirlər. Onların hərəkətində bəlkə də məntiq tapmaq olar. Amma Azərbaycan cəmiyyəti kifayət qədər ayıq cəmiyyətdir və bu cür şəxslərlə qanunvericiliyin sərt dili ilə danışılmalıdır. Bu cür adamlar təbliğatın təhqir və böhtandan kənar olduğunu çox vaxt unudurlar. Təəssüf ki, hələlik bu cür hallar olur və yəqin ki, bu cür hallarla mübarizə aparılma mexanizmləri də təkmilləşdiriləcək.

- Bəzi namizədlər var ki, iş yeri kimi ya işsiz olduğunu, ya da hansısa sahədə sənətkarlıqla məşğul olduğunu qeyd edib. Hər kəsin seçib-seçilmək hüququ olsa da, parlamentdə peşəkarların təmsil olunması daha yaxşı olmazmı?
- Bir vətəndaş olaraq bu məsələ məni də narahat edir. Başa düşmək lazımdır ki, bu cür insanlar daha çox köhnə stereotiplərlə hərəkət edirlər. Əslində, onlar bunu öz reklamlarını qurmaq üçün edirlər. Yəni, auditoriya, seçicilər görsünlər ki, bunlar sadə, şəxsi mənafelərini güdməyən adamlardır və bütün həyatlarını xalqın firavan həyatına həsr ediblər. Amma indiki dövr üçün bu cür yersiz kampaniyalar keçmir. Çünki artıq cəmiyyət başqa cəmiyyətdir. Həmin tipli məsələlər sovet dövründən qalma stereotiplərdir. Yəni, fəhlə ailəsindən çıxan şəxslərə güzəşt olunsun, imkansız şəxslərə xüsusi hörmət olunsun və sair. İndi cəmiyyət tamam başqadır. İnsanların dünyagörüşü dəyişib, insanların zəifliyinə, yaxud əməkdən uzaq olmasına görə yox, daha çox bacarıqlarına görə qiymət verir və əslində, burada qeyri-qanuni heç nə yoxdur. Yetər ki, onun fəaliyyəti, gəlir mənbələri şəffaf olsun və qanuni gəlir mənbələrinə söykənsin. Bu istiqamətdə təbliğat qurmaq daha məqbul olar, nəinki özünü köhnə stereotiplərə uyğun olaraq imkansız, işsiz və sair formada göstərmək. Görünür ki, onlar özləri də müasir siyasi proseslərdən və gündəmdən geri qalmış insanlardır və bu cür davranış onların düşüncələrinin əksinə olaraq reklamlarına deyil, anti-reklamlarının qurulmasına səbəb olan amillərdir. Cəmiyyət və zaman dəyişir, insanlar bu inkişaf və dəyişiklikləri qiymətləndirməlidirlər ki, yeni dövrə uyğun hərəkət edə bilsinlər.
Parlamentin tərkibi barədə düşüncələrə gəldikdə isə, əlbəttə, mən də arzu edərdim ki, burada müasir dövrün ictimai-siyasi mühitini bilən, gündəmdən xəbəri olan, Azərbaycanda və Azərbaycandan kənarda özünü idarə etməyi, ölkəmiz haqqında xoş rəy yaratmağı bacaran, müəyyən dil, hüquqi bilikləri olan şəxslər təmsil olunsun. Bu hal isə ölkəmizin inkişafı üçün faydalı olar.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər