“Bankların konsolidasiyası indiki dövrdə çox vacib məsələdir və bank sektorunun sağlamlaşdırılması üçün atılan bir addımdır. Amma hesab edirəm ki, banklar birləşirsə, yaxud bağlanırsa, onların yerli şöbələrini bağlamaq və yaxud işçiləri ixtisar etmək o qədər də uğurlu addım sayılmır. Ona görə də hesab edirəm ki, həmin bankların yerli şöbələrinin fəaliyyət göstərən digər banklara verilməsi yaxşı olar. Çünki o, artıq qurulmuş işdir. Orada işçi də, mütəxəssis də, deyək ki, lazımi texnoloji avadanlıq və bina var. Onu təzədən bağlamaq və yaxud başqa bir istiqamətə çevirmək o qədər də sərfəli deyil. Eyni zamanda bank sektorunda bizim çox yaxşı bir mütəxəssis korpusumuz formalaşıb. Onlar Azərbaycanın orta təbəqə əhalisini təmsil edirlər. Savadlı, peşəkar insanlardır və bir bankın bağlanması ilə onlarla insanın işsiz qalması da cəmiyyət digər sosial problemlər yarada bilər”.
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Müsahibəni təqdim edirik:
- Milli Məclisin yaz sessiyası 10 gündən artıqdır öz işinə başlayıb. Yaz sessiyasının qanunvericilik işləri planına nələr daxildir?
- Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına həm parlamentin müvafiq komitələri tərəfindən hazırlanan qanunlar, həm cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş qanun layihələri daxildir. Bilirsiniz ki, manatın devalvasiyası və ümumdünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar olaraq Azərbaycanda qeyri-neft sektorunun, xüsusən sahibkarlığın inkişafına geniş hüquqi baza yaradılması üçün çoxlu qanunlar qəbul olunub. Artıq iki sessiya ərzində bununla bağlı xeyli qanunlar qəbul olunub. Bu sessiyanın iş planında da iqtisadi, maliyyə xarakterli qanun layihələri var. Çox güman ki, yaxın iclasların birində biz dövlət büdcəsinə yenidən baxılması barədə hökumətin təklifini müzakirə edəcəyik. Gündəlikdə bu da var.
- Bəs, sədr müavini olduğunuz Səhiyyə komitəsinin yaz sessiyasının qanunvericilik işləri planında nələr var?
- Səhiyyə komitəsinin hazırladığı iki qanun layihəsi gündəlikdədir. Bunlardan biri “Reproduktiv sağlamlığın qorunması” haqqında qanun layihəsidir, demək olar ki, layihə hazırdır. Yəqin ki, mart ayı ərzində sözügedən qanun layihəsini komitədə bir daha müzakirə edəndən sonra Milli Məclisin plenar iclasına təqdim edəcəyik. Üzərində işlədiyimiz ikinci qanun layihəsi “Psixoloji yardım haqqında” qanun layihəsidir ki, onu da bu ilin iş planına daxil etmişik. Yəqin ki, birinci qanunumuz qəbul edildikdən sonra onu da Milli Məclisə tövsiyə edəcəyik.
- Dünya bazarında neftin qiymətinin 4 dəfədən artıq yə yaxın aşağı düşməsi ölkəmizə də öz təsirini göstərib. Hökumətin yaranmış vəziyyətdən çıxmaq üçün atdığı addımları nə cür qiymətləndirirsiniz?
- Mən cənab Prezidentin bu sahədə atdığı addımları çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, cənab Prezident həm hökuməti, həm Milli Məclisi, həm də ictimaiyyəti, sahibkarları səfərbər edən, bir məqsədə yönəldən tədbirlər görür və görməkdədir. İlk növbədə cənab Prezidentin son ay yarım ərzində keçirdiyi görüşlər, apardığı müşavirələr, o müşavirələrdə etdiyi çıxışlar və verdiyi tövsiyələr artıq həm hökumətin fəaliyyət istiqamətini müəyyənləşdirir, həm də cəmiyyətin bu məsələyə dair lazımi informasiya alması və gələcək öz həyat ritmini qurmaqda böyük rol oynayır. Eyni zamanda cənab Prezidentin imzaladığı bir sıra fərman və sərəncamlar, un və un məmulatlarının əlavə dəyər vergisindən azad olunması, yoxlamaların iki il müddətinə dayandırılması, sahibkarlığın inkişafı ilə bağlı verdiyi digər fərman və sərəncamlar, cənab Prezidentin göstərişi ilə nazirlərin millət vəkilləri və yerli icra hakimiyyətləri birgə vətəndaşlarla görüşmələri, həmin görüşlərdə rayonun aktual problemlərinin və strateji məqsədlərin müzakirə olunması mühüm əhəmiyyətə malikdir. Yəqin ki, bu görüşlərin nəticəsi olaraq bir ümumiləşdirmə də aparılacaq, ondan sonra ya baş nazir, ya da cənab Prezident səviyyəsində ciddi qərarlar qəbul olunacaq. Eyni zamanda cənab Prezidentin tapşırığı ilə ictimai dəstəklə, ictimai nəzarətlə bağlı yaradılan şuralar, o cümlədən Apelyasiya Şurasının yaradılması - yeri gəlmişkən qeyd edim ki, cənab prezidentin verdiyi göstərişlə bağlı artıq Milli Məclisin müvafiq komitəsində “İctimai nəzarət haqqında” qanun hazırlanır - bütün bunlar hamısı vətəndaş-məmur münasibətlərinin daha hüquqi və sivil müstəviyə keçirilməsinə gətirib çıxaracaq. Vətəndaşlara, onların sahibkarlıq fəaliyyətində olan maneələrin aradan qaldırılmasına kömək edəcək, Azərbaycanın daxili bazarının qorunması üçün lazım olan tədbirlər görüləcək. Əsas məsələ burada kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması, aztəminatlı insanların sosial müdafiəsidir ki, bu işlərlə də bağlı cənab Prezidentin rəhbərliyi altında lazım olan tədbirlər görülür. İnşallah, hesab edirəm ki, biz ilin ikinci yarısında görülən işlərin əməli nəticələrini hiss etməyə başlayacağıq. Ümumiyyətlə, milli valyutaların devalvasiyasında üç proses bir-birinin ardınca baş verir. Birinci iki ay ərzində psixoloji gərginlik və yaxud psixoloji şok mərhələsidir. Artıq bu mərhələ arxada qalıb. İkinci mərhələ 4-6 ay çəkən sabitləşmə mərhələsidir. Artıq Azərbaycan manatın devalvasiyasından sonra sabitləşmə mərhələsinə qədəm qoyub, bundan sonrakı dövr isə inkişaf mərhələsidir ki, inşallah, yaxın vaxtlarda o inkişafın təzahürlərini görə biləcəyik. İlk növbədə kiçik və orta sahibkarlığın inkişafı, yerli məhsulların istehsalının artması, xarici ölkələrə ixrac olunması, bununla əlaqədar ölkəyə qeyri-neft sektorundan gələn valyutanın artımını müşahidə edəcəyik.
- Qanunverici orqanın bir üzvü kimi Sizin özünüzün yaranmış vəziyyətdən çıxmaq üçün hansı təklifləriniz var?
- Mən təkliflərimi Milli Məclisdə etdiyim çıxışlarım zamanı dilə gətirirəm. Biz ilk növbədə kiçik sahibkarlığın inkişafına çox ciddi, əməli şəkildə dəstək verməliyik. Bütün hallarda müdaxilələr aradan qaldırılmalıdır, yerli və mərkəzi icra orqanları sahibkarlara kömək etməlidirlər. Əməli köməkliklər olunmalıdır. Digər tərəfdən, mənim Milli Məclisdə qaldırdığım məsələlərdən biri də dərman vasitələrinə olan əlavə dəyər vergisinin aşağı salınması, yaxud aradan qaldırılmasıdır ki, bu da Azərbaycan əhalisinin dərman əlçatanlığını daha da yaxşılaşdıracaq. Ən azı dərmanın qiyməti əlavə dəyər vergisinin məbləği qədər aşağı düşəcək. İndi əlavə dəyər vergisinin 18 faiz olduğunu nəzərə alsaq, deməliyik ki, ən azı dərmanların qiyməti 18 faiz aşağı düşə bilər. Bir də Səhiyyə komitəsi olaraq səhiyyə ilə, insan sağlamlığı ilə bağlı vaxtaşırı öz təkliflərimi səsləndirirəm.
- Son vaxtlar ölkədə bir sıra bankların bağlanması və ya birləşdirilməsi prosesi gedir. Bu prosesə münasibətinizi bilmək istərdik...
- Bankların konsolidasiyası indiki dövrdə çox vacib məsələdir və bank sektorunun sağlamlaşdırılması üçün atılan bir addımdır. Amma hesab edirəm ki, banklar birləşirsə, yaxud bağlanırsa, onların yerli şöbələrini bağlamaq və yaxud işçiləri ixtisar etmək o qədər də uğurlu addım sayılmır. Ona görə də hesab edirəm ki, həmin bankların yerli şöbələrinin fəaliyyət göstərən digər banklara verilməsi yaxşı olar. Çünki o, artıq qurulmuş işdir. Orada işçi də, mütəxəssis də, deyək ki, lazımi texnoloji avadanlıq və bina var. Onu təzədən bağlamaq və yaxud başqa bir istiqamətə çevirmək o qədər də sərfəli deyil. Eyni zamanda bank sektorunda bizim çox yaxşı bir mütəxəssis korpusumuz formalaşıb. Onlar Azərbaycanın orta təbəqə əhalisini təmsil edirlər. Savadlı, peşəkar insanlardır və bir bankın bağlanması ilə onlarla insanın işsiz qalması da cəmiyyət üçün digər sosial problemlər yarada bilər. Ona görə də uğurla fəaliyyət göstərməyən, zərərlə işləyən, likvidlik problemi olan bankların mərkəzi ofisləri bağlansa da olar. Amma mən çox istərdim ki, onların yerli filialları və şöbələri fəaliyyət göstərən, yaxud da bağlanan bankın öhdəliklərini öz üzərinə götürən bankın yerli təşkilatlarına çevrilsinlər. Çünki onlar ən azı öz-özlərini saxlamaq imkanlarına malikdirlər.
Səxavət Həmid