12 May 2016 16:51
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) son günlər Müsavat-AXCP funksionerləri arasında keçirilən görüşlərə münasibət bildirib. AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Müsavat başqanının müavini Tofiq Yaqublunun partiyalararası münasibətləri yaxınlaşdırmaqla bağlı təklifini şərh edib.

O, hazırda AXCP-nin gündəmində belə bir müzakirənin olmadığını deyib: “Müsavat Partiyası ilə birlik məsələsi gündəmdə deyil. Gözəl Bayramlı ilə bir neçə görüş keçirib, çay içiblər. Yəni AXCP-də rəsmi səviyyədə bu məsələ qaldırılmayıb. Biz daha vacib məsələlərlə məşğuluq”.

Aydın məsələdir ki, AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn bu mövqeyini AXCP sədri Əli Kərimli ilə razılaşdırıb. Əks halda onun belə bir mövqe ortaya qoyacağı inandırıcı deyil.

Bəs, bu rədd cavabına Müsavat Partiyasının münasibəti necədir?

Müsavatın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı AXCP-Müsavat yaxınlaşması ilə bağlı Teleqraf.com-un suallarına cavab verib:

- İlham Hüseyn Müsavat-AXCP münasibətlərini, son günlər keçirilən görüşləri şərh edərkən deyib ki, onun partiyası daha ciddi işlərlə məşğuldur. Bu fikrə münasibətiniz necədir?

- Biz AXCP ilə rəsmi görüş və danışıqlar keçirməmişik. Odur ki, AXCP-nin rəsmi cavab verməsi - əgər bu cavab rəsmidirsə - heç bir əhəmiyyət daşımır. Bu, sadəcə münasibətlərin aydınlaşdırılması baxımından atılan addımlardır. Ona görə də, qarşı tərəfin hansısa rəsmi məlumat verməsi Müsavat üçün önəmli deyil. Müsavat üçün əhəmiyyətli olan xalqın, millətin istəyinin yerinə yetirilməsidir ki, biz bu istiqamətdə işləyirik. Qarşı tərəfin necə hərəkət edəcəklərinə də özləri cavab verəcək.

- Müsavat-AXCP münasibətlərini necə görürsünüz?

- Biz hələ ki AXCP ilə rəsmi danışıqlar aparmırıq. Əgər kimsə bunu şişirdərək rəsmi danışıqlar səviyyəsinə qaldırmaq istəyirsə, buyursun.

- O halda başqan müavini Tofiq Yaqublunun təşkil etdiyi görüşlər nə idi?

- Burada məqsəd fikir mübadiləsi aparmaq idi. Biz indiyə qədər bu fikir mübadiləsində iştirak edən AXCP nümayəndələrindən bir fikir eşitməmişik. Ona görə də, digər şəxslərin açıqlama verməsi öz işləridir.

- Ancaq Müsavata yaxın media xəbər tirajlamışdı ki, Arif Hacılı müavini Tofiq Yaqublunu AXCP ilə danışıqlar aparmaq üçün görəvləndirib…
- Biz bundan imtina etmirik ki! Tofiq Yaqublu görəvləndirilib. Bildiyim qədər Tofiq bəy də çay süfrəsi arxasında AXCP-dən olan bəzi şəxslərlə ilkin müzakirələr aparıb. İlkin söhbətlərdə iştirak edən cəbhəçilərdən söhbətin nədən ibarət olduğunu deyən və ya buna etiraz edən varmı? Mən bildiyim qədər yoxdur. Ona görə də, bəzi adamlar açıqlama verməkdə, öz işlərini görməkdə davam etsinlər.

- Necə düşünürsünüz, Müsavat və AXCP funksionerləri arasında görüşlər davam etməlidirmi?

- Mən bildiyim qədər hələlik görüşlərin davam etdirilməsi haqqında razılıq var, nəinki dayandırılması.

- Hazırda Müsavat Partiyası konkret olaraq hansı təşkilatlarla əməkdaşlıq edir?

- Müsavat Partiyası hazırda Respublikaçı Alternativ Hərəkatı və NİDA Gənclər Təşkilatı ilə əməkdaşlıq edir. Biz bəzi məsələlərdə funksional əməkdaşlıq edirik. Digər partiyalarla da funksional əməkdaşlığa hazırıq.

Nemət


Müəllif:

Oxşar xəbərlər