30 Noyabr 2017 09:40
6 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

”Heç kəs gizli ermənidən yaxşı türk ola bilməz!”

“Müsəlman ermənilər” platformasından

Tipik erməni paranoyası:Türklər hətta İncilin ən müqəddəs dəyərinə, erməni xalqının əsas rəmzlərindən olan Ararat dağına da əl uzatmış, onun adını dəyişib “Ağrı” qoymuşlar!”

Y.Güloyan

…məsələn, Lüsine Saakyan tədqiqatlarında onu da vurğulayır ki, “XVIII əsrdə həmşinlilərin islamlaşdırılmasından sonra onların müsəlman qrupu bölgədə qalmış, xristianlığını qoruya bilən hissəsi isə XVIII əsrin sonunda və XIX əsrin əvvəllərində Rusiyaya və “Şərqi Ermənistana” (Azərbaycan əraziləri nəzərdə tutulur – A.Q.) köç etmişdir”. Türkiyənin liberal təmayüllü qəzetlərinə verdiyi müsahibələrdə öz missiyasını Birinci Dünya müharibəsi illərində ərəbləri Osmanlı dövlətinə qarşı qiyama qaldıran Britaniya diplomatı və kəşfiyyatçısı Edvard Laurensin (Thomas Edward Lawrence) fəaliyyəti ilə eyniləşdirən L.Saakyan jurnalist Evrim Kepeneyin “Onlar arasında özlərini “türk” və ya sadəcə “həmşinli” kimi tanıyan yoxdurmu» sualına belə cavab vermişdir: “Özlərini “türk” olaraq qəbul edən, kökləri haqqında hətta öz aralarında belə danışmaqdan çəkinən və böyük ehtimalla özlərini gizli olaraq “homşetsi” (həmşinli) adlandıranlar var”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

Əvvəli burada

2011-ci il aprel ayının 23-də qondarma «erməni soyqırımı»nın bütün dünyada qeyd olunması və tanıdılması məqsədilə Ermənistanda yaradılmış dövlət komissiyasının ilk iclasında bu iddiadan irəli gələn ərazi və təzminat tələblərinin ödənilməsində bütün mümkün vasitələrdən, o cümlədən dini mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq ermənilərin hər birinin imkanlarından istifadə olunması barədə qərar qəbul edilmişdi. Faktiki olaraq, məhz həmin il aktivləşdirilən «Kimliyə dönüş» planı (proqramı) üzrə Türkiyə, Rusiya, İran və Yaxın Şərq ölkələrindəki müsəlman ermənilərə «etnik özünüdərk hissinin qaytarılmasına», siyasi potensiallarının Ermənistanın və regionda maraqları olan fövqəldövlətlərin geosiyasi mənafelərinin ödənilməsinə istiqamətləndirilməsi prosesinə başlanılmışdır.

Həmin ərəfədə Türkiyə və Ermənistan arasında münasibətlərdə yaxınlaşmaya yönəlik səylər də bu planın icrası üçün əlverişli şərait yaratmışdı. 2008ci ilin «futbol diplomatiyası», 2009-cu il oktyabr ayının 10-da Sürix şəhərində hər iki dövlətin xarici işlər nazirləri – Əhməd Davudoğlu və Eduard Nalbandyanın «Türkiyə Respublikası və Ermənistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair» Protokolu imzalanmaları, eləcə də Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı ölkədə aparılan liberal islahatlar çərçivəsində «demokratik açılım» siyasəti «Kimliyə dönüş» proqramının icrasına imkanlar açmışdı. Lakin bütün bunlara baxmayaraq, həm Ermənistan, həm də Türkiyə və xarici ölkələrdəki radikal erməni təşkilatları bu islahatlara şübhə ilə yanaşır, rəsmi Ankaranın qondarma «erməni soyqırımı»nı tanımadan Türkiyə və Ermənistan arasında hər hansı bir yaxınlaşmanı «erməni məsələsi»nə ciddi təhdid kimi dəyərləndirirdilər. 2013-cü ildə «Aqos» qəzetinin müxbiri Vahan Keşişyan erməni radikalizmindəki şübhə və nevroz vəziyyəti belə ifadə etmişdi: «Türkiyə açılım siyasətinə güc verdikcə bir açılım da ermənilərin payını düşdü. Açılım siyasəti «qonşularla «0» problem» siyasəti ilə bir araya gəlib məlum protokollorın imzalanmasına səbəb oldu. Digər tərəfdən, hökumət ermənilərə münasibətdə yumşaqlıq göstərərək onlara bəzi yeni azadlıqlar verdi… Ancaq bir sual cavabsız qaldı: Bu açılım əsasən kimlərə ünvanlanıb? Türkiyəyə, türklərə, ermənilərin keçmişinə, Ermənistana, Türkiyənin indiki, yoxsa əvvəlki ermənilərinə?»

Bu fikirlər Erməni İnqilab Federasiyası – Daşnaksütyunun beynəlxalq bürosunun nümayəndəsi Kiro Manoyanın «demokratik islahatlar» və Türkiyə-Ermənistan yaxınlaşmasının perspektivinə dair şərhlərindən, demək olar ki, fərqlənmir. K.Manoyan yenə də «Aqos» qəzetində dərc olunmuş geniş müsahibəsində Türkiyədə «erməni məsələsi»ni arxa plana keçirə bilən islahat və yaxınlaşmaların perspektivsizliyini belə dəyərləndirmişdir: «Əslində, «futbol diplomayası» adını daşıyan bu proses və imzalanmış protokollar ABŞ-ın planıdır. Bu, ilk növbədə Ermənistandan Türkiyədən torpaq (qondarma «Qərbi Ermənistan» əraziləri nəzərdə tutulur – A.Q.) tələb etməməsi və bunu beynəlxalq ictimaiyyətə bəyan etməsi üçün idi. Amerikanın isə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair fərqli məqsədləri vardı. Baxın, AKP kamalizmi yıxdı və bununla da bir çox şey dəyişdi. Lakin dövlətin ağlı dəyişməz qaldı. Türkiyə qarşısında müstəqil Ermənistanı görməyə hazır deyil… Türkiyə boynubükük, zavallı Ermənistan görmək istəyir. Əks halda nə edəcəyini bilmir. Türkiyənin Ermənistan siyasəti yoxdur. Bir Qarabağ məsələsi var, Azərbaycan da onun başının ətini yeyir. «Bir millət, iki dövlət» gözəl bəhanədir, amma səbəb deyildir».

Türkiyədəki «kriptoermənilər», «zorən müsəlmanlaşmış ermənilər» mövzusu vaxtaşırı ictimai dövriyyəyə buraxılmasa da, onun siyasiləşdirilməsində və «həlli vacib olan etnosiyasi problem» kimi ölkə hüdudlarından kənara çıxarılmasında erməni əsilli yazıçı-hüquqşünas Fethiye Çetinin (Heranuş Gadaryan) 2004-cü ildə nəşr etdirdiyi «Anneannem» («Mənim nənəm») kitabı əsl detonator rolunu oynamışdır. Türkiyədə «1915-ci il hadisələrindən sonra etnik ermənilərin kütləvi assimilyasiyasına və məcburi qaydada islam dinini qəbul etmələrinə» həsr olunmuş kitab «Aqos» qəzetinin maliyyə dəstəyi ilə çap olunmuş və qısa vaxt ərzində dünyanın müxtəlif dillərinə tərcümə edilmiş, Ermənistanda isə iki dəfə işıq üzü görmüşdür. Kitabın İrəvanda keçirilmiş təqdimat mərasimində müəllif də iştirak etmişdir. Qeyd edək ki, F.Çetin vaxtilə Hrant Dinkin hüquqlarının müdafiəçisi olmuş, hazırda isə onun ailəsinin və Hrant Dink Vəqfinin vəkili kimi fəaliyyətini davam etdirir. Fethiye/Hiranuş Çetin Ermənistanda «Anneannem» kitabının təqdimatında olarkən noravank.am saytına verdiyi müsahibədə «zorən islamlaşdırılmış ermənilər problemini» şərh etməyə çalışmış və Ermənistanın «Kimliyə dönüş» planının müəllifləri, qondarma «Qərbi Ermənistan Milli Şurası»nın antitürk və anti-Türkiyə mövqeyi ilə fərqli düşüncə sahibi olmadığını bir daha göstərmişdir. O da «bu ölkədə ermənilərin müxtəlif təzyiqlərlə islam dininə tapınmasını» vurğulayaraq, «islamlaşdırmanın» guya vaxtilə kütləvi xarakter daşımasını, bəzən isə «bütöv erməni kəndlərinin dinlərini dəyişməyə məcbur edildiyini və müsəlman ermənilərin hazırda mənəvi təzyiq içində yaşadıqlarını» iddia etmişdir. F.Çətin demişdir: «Ermənilərin yaşamaq instinkti onları bu addımı atmağa məcbur etmişdir. Bu qruplar əsasən ələviliyi üstün tutmuşlar… Bir çox ailə bu gün türk və müsəlman ad və soyadlarını daşısa da, gizli də olsa, öz adət və ənənələrini qoruyub-saxlaya bilmişdir. Onlara «kriptoermənilər» deyirlər. Məlum olmuşdur ki, bu insanlar erməniliklərini saxlamaq üçün yalnız öz qan qohumları və ya icmaları daxilində ailə qururlar».

Bununla da Türkiyədə «Kimliyə dönüş» prosesinin rəsmi startı verilmişdir. Bu ölkədəki istifadəçilərin sosial şəbəkədə yaydıqları məlumata görə, 2000-ci illərin əvvəllərindən etibarən həmşinlilərin sıx məskunlaşdıqları Qara dəniz bölgəsinə (Rizə, Artvin, Samsun, Ordu, Trabzon, Girəsun) Ermənistandan «etnoqraf», «tarixçi» və «jurnalist» adları altında gələn emissarların fəaliyyətləri daha da intensivləşmişdir. Bəzi hallarda xüsusi qruplar şəklində həmin bölgələrə daxil olan emissarlar həmşinlilərin və «müsəlman ermənilərin» yaşadıqları Qara dəniz regionunun «tarixi Ermənistan» əraziləri olması barədə açıq təbliğat aparmaqdadırlar. Təsadüfi deyildir ki, Türkiyədəki həmşinli dərnəkləri 2015-ci ildə Ermənistanın və erməni diasporasının bölgədəki gizli separatçılıq fəaliyyətinə kəskin etirazlarını bildirmiş və bunu yaxın gələcəkdə Ermənistanın Qara dəniz regionundan torpaq tələb etmə ehtimalları ilə əlaqələndirmişlər. Onların yaydıqları birgə bəyanatda bildirilirdi ki, Ermənistan dövləti bu məqsədlə bölgədə özlərini etnik türk kimi identifikasiya edən gənclər arasında «ermənilərin etnik və dini birliyinin» vacibliyinə dair təbliğat aparır, bu mövzuda konfranslar təşkil edir, bölgəyə xüsusi təşviqat qrupları göndərir, ən müxtəlif vasitələrlə həmşinli ziyalıları ələ almağa çalışır.

Ermənistanda «müsəlman ermənilər», o cümlədən həmşinlilər məsələləri üzrə əsasən İrəvan Dövlət Universiteti, Erməni Araşdırmaları İnstitutu və Qərbi Ermənistanın Problemləri Mərkəzi ixtisaslaşmışdır. İrəvan Dövlət Uiniversitetinin dosenti, 2008-ci ildən etibarən Erməni Araşdırmaları İnstitutunun Erməni-Osmanlı münasibətləri şöbəsinin müdiri, türkoloq Lüsine Saakyan nəinki bu «problemin» əsas tədqiqatçılarından, eləcə də Türkiyə ərazisində missionerlik fəaliyyəti göstərən aktiv təbliğatçılarından biri kimi tanınır. L.Saakyanın Türkiyə və İrəvanda çap olunmuş «Həmşin yer adları» kitabında təkcə Türkiyədəki deyil, Azərbaycan və Gürcüstandakı toponimlər də «erməni mənşəli» kimi təqdim edilmiş, bu ərazilər «ermənilərin tarixi torpaqları» kimi göstərilmişdir. Məsələn, Lüsine Saakyan tədqiqatlarında onu da vurğulayır ki, «XVIII əsrdə həmşinlilərin islamlaşdırılmasından sonra onların müsəlman qrupu bölgədə qalmış, xristianlığını qoruya bilən hissəsi isə XVIII əsrin sonunda və XIX əsrin əvvəllərində Rusiyaya və «Şərqi Ermənistana» (Azərbaycan əraziləri nəzərdə tutulur – A.Q.) köç etmişdir». Türkiyənin liberal təmayüllü qəzetlərinə verdiyi müsahibələrdə öz missiyasını Birinci Dünya müharibəsi illərində ərəbləri Osmanlı dövlətinə qarşı qiyama qaldıran Britaniya diplomatı və kəşfiyyatçısı Edvard Laurensin (Thomas Edward Lawrence) fəaliyyəti ilə eyniləşdirən L.Saakyan jurnalist Evrim Kepeneyin «Onlar arasında özlərini «türk» və ya sadəcə «həmşinli» kimi tanıyan yoxdurmu?» sualına belə cavab vermişdir: «Özlərini «türk» olaraq qəbul edən, kökləri haqqında hətta öz aralarında belə danışmaqdan çəkinən və böyük ehtimalla özlərini gizli olaraq «homşetsi» (həmşinli) adlandıranlar var».

Maraqlı bir detal. L.Saakyan həmşinlilərin «erməni» kimi tanıdılmasında Türkiyə ərazisindəki «etnoqrafik ekspedisiyalar» zamanı topladığı «linqvistik materiallara» əsaslanır. Onun sözlərinə əsasən, həmşinlilərin etnik erməni olmalarını sübuta yetirən fakt onların danışıq zamanı «təqribən 500 erməni sözünu» işlətmələridir. Belə olan təqdirdə, L.Saakyan məntiqi bir suala da birmənalı cavab verməlidir. Vaxtilə tanınmış linqvist və türkoloq Raçiya Açaryan «Erməni dilində türk sözləri» kitabında müasir erməni dilində 4200-dən çox türk sözünün işlədilməsini etiraf etmişdi. Bu fakta və L.Saakyanın məntiqinə əsaslansaq, erməniləri də «türk kökənli xalq» adlandırmaq daha məqsədəuyğun deyilmi? Onun həmkarı, «həmşin folklorunu öyrənmək» adı ilə İrəvandan bölgəyə gəlmiş Aram Movsisyanın guya böyük çətinliklə toplaya bildiyi «etnik həmşin türkülərini» sonralar Hopa və Akçakoca həmşinlilərinə, hətta onların yaşlı nümayəndələrinə dinlətsələr də, həmin mahnıların bir kəlməsini belə başa düşə bilməmişdilər.

Lüsine Saakyanın Türkiyə ərazisində «etnoqrafik» ekspedisiyalarına, «assimilyasiya olunmuş müsəlman ermənilər» haqqında film çəkilişinə bu ölkədəki bəzi siyasi partiyalar və Avropa İttifaqının maliyyələşdirdiyi liberal təmayüllü yerli qeyri-hökumət təşkilatları xüsusi dəstək verirlər. Türkiyədə L.Saakyanı himayə edən qruplar arasında Cümhuriyyət Xalq Partiyasının (CHP) da adı çəkilməkdədir. Bu qayğını isə həmin partiyanın lideri Kamal Kılıncdaroğlunun «etnik təəssübkeşliyi» – anası Yemuş Kılıncdaroğlunun guya müsəlman (ələvi) erməni olması ilə əlaqələndirirlər. L.Saakyanın qondarma «erməni soyqırımı»nın yüz illiyinə həsr olunmuş «Amşenlər (həmşinlilər) gələcək və keçmişin yol ayrıcında» filmi Ermənistan hökuməti və erməni diasporası vasitəsilə xarici ölkələrdə, o cümlədən Rusiya, Fransa və ABŞ-da geniş təbliğ edilmiş, 2015-ci ildə isə Nyu-Yorkda keçirilmiş beynəlxalq sənədli filmlər festivalında Armin Veqner (alman yazıçı-fotoqrafı, «erməni soyqırımı»nın təbliğatçılarından biri) adına mükafata layiq görülmüşdür.

«Qərbi Ermənistan Milli Şurası» ilə birlikdə Türkiyə, Azərbaycan və Gürcüstana ərazi iddiaları irəli sürən digər təşkilat Ermənistanda fəaliyyət göstərən Qərbi Ermənistan Problemləri Araşdırma Mərkəzidir. Təbliğat işini «Köklərə qayıdış: Qərbi Ermənistana və erməniliyə dönüş!» devizi altında qurmuş həmin mərkəzin tərəfdaşları arasında Lüsine Saakyan, Aram Movsisyan, Hovan Simonyan, Mixail Ağacanyan, Sergey Vardanyan və s. kimi Ermənistan tədqiqatçıları ilə yanaşı, Türkiyədə «islamlaşdırılmış ermənilər» mövzusunu gündəmdə saxlamağa çalışan Fethiye Çetin, Taner Akçam, Hikmet Akçiçek, Yervant Baret Manok, Mahir Özkan, Vamık Volkan, Tamar Nalcı, Boqos Levon Zekiyan, Evrim Kepenek, Erol Ketençi, Halil Berktay, Murat Belge kimi erməni mənşəli «soyqırımşünaslar» da vardır. İrəvanda fəaliyyət göstərən Mərkəzin direktoru Haykazun Alvrstyanın 2015-2016-cı illərdə Türkiyədəki ermənilərin «zorən assimilyasiyasından» bəhs edən «Türkiyə Cümhuriyyətində dönmə ermənilər məsələsi» (Türkiye Cumhuriyet’inde mühtedi Ermenilerin sorunları) kitabı erməni və türk dillərində İstanbulda da geniş tirajla nəşr olunmuşdur.156 Mərkəzin əməkdaşı Melina Anumyan isə 2016-cı ilin dekabr ayında Türkiyənin Artvin, Ərzurum, Sivas, Ərdəhan, Ərzincan, Bayburt, Gümüşhanə, Qars, Van, İstanbul, Rizə, Trabzon, Samsun bölgələrinə, Gürcüstana (Marneuli rayonuna) səfərə çıxmış, burada yaşayan ələvi və xristian qaraçıların etnoqrafik qrupu olan lomların da «1915-ci ildə etnik mənşələrini zorən dəyişmiş ermənilər» olduqlarını sübuta yetirmək üçün vaxtaşırı Şərqi Anadoluya «etnoqrafik ekspedisiyalar» təşkil etmişdir.

Rusiyada yaşayan ermənilərin nəşri olan «Yerkramas» qəzetinə verdiyi müsahibədə hazırda Türkiyədə «erməni məsələsi»nin effektivliyinin artırılması üçün əlverişli şəraitin yaradılmasını xüsusilə diqqətə çəkən H.Alvrstyanın sözlərinə görə, son 15-20 il ərzində bu ölkənin siyasi həyatında baş verən dəyişikliklər, Qərbin rəsmi Ankaranın qarşısına qoyduğu tələblər milli və dini azlıqların hüquqlarının ödənilməsini, qondarma «erməni soyqırımı»nın tanınması mövzusunu yenidən gündəmə gətirmişdir. Lakin, onun fikrincə, Ermənistan bu məsələdə yanlış taktika seçmişdir. Belə ki, Türkiyənin soyqırımını tanımağa məcbur edilməsi gündəlikdə duran əsas məsələ olmamalı, əksinə maddi təzminat və torpaq tələbləri daha sərt şəkildə önə çəkilməlidir. Erməni jurnalisti Qayane Sarqsyanın Türkiyədə yaranmış vəziyyətin «Qərbi Ermənistan»da yaşayan «islamlaşdırılmış ermənilər» və kriptoermənilərlə əlaqələrin qurulmasına təsiri barədə sualını H.Alvrstyan belə cavablandırmışdır: «İndiki şəraitdə fəaliyyətimizi həm çətinləşdirən, həm də asanlaşdıran məqamlar vardır. Niyə? Çünki hazırda Türkiyədə vətəndaş müharibəsi gedir, kürdlər öz müstəqillikləri uğrunda mübarizə aparırlar. Nəticədə, Türkiyənin çoxsaylı problemləri üzə çıxır, ümumi vəziyyətin daha aydın və bütöv mənzərəsi yaranır. Bu ölkədə hakimiyyətin saxta vəd və bəyanatlarına söykənən «yarımçıq demokratiya» illüziyası da dağılmaq üzrədir… İslamlaşdırılmış ermənilərin də öz problemləri var. Onlar bu problemlərin bəziləri haqqında açıq danışır, digərləri isə zaman keçdikcə gündəmə gələcəkdir. Bu isə Türkiyədə ictimai, siyasi və etnik vəziyyətin hansı axarla inkişaf edəcəyindən asılıdır».

(Ardı var)


Müəllif: Teleqraf.com