…Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun materiallarına əsasən, separatçı abxazlar və Gürcüstan hökuməti arasında hərbi münaqişə (1992-1993-cü illər) baş verən kimi “Krunk” və “Maştots” təşkilatları dərhal “mədəni-maarifçilik” təyinatlarını bir kənara qoyub və onların bazasında erməni silahlı qruplaşmaları yaradılıb. Məsələn, Qaqra şəhərində fəaliyyət göstərən “Maştots” təşkilatı xristian həmşinliləri səfərbərliyə alaraq, Abxaziyanın şərq istiqamətində döyüşmək üçün Baqramyan batalyonunu (komandiri – Qalust Trapizonyan) – gürcülərə qarşı xüsusi qəddarlığı ilə seçilən hərbi hissəni formalaşdırıb. “Krunk” təşkilatının yaratdığı döyüş bölmələri isə (komandiri Albert Topalyan) muxtar respublikanın qərbində Gürcüstan silahlı qüvvələrinə müqavimət göstərib. Onların əli ilə Abxaziyada etnik gürcülərdən ibarət minlərlə dinc sakin xüsusi amansızlıqla qətlə yetirilib. İnstitutun məlumatlarında Abxaziya-Gürcüstan münaqişəsinin 1992-1993-cü il mərhələsində 242 erməninin (həmşinli) öldürüldüyü qeyd olunur.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:
Abxaziyada erməni-həmşinli kartı
“Tarix baş verənləri bir də təkrar etməyə məcburdur. Çünki ona qulaq asan olmur”
Lorens Piter
Qeyd edildiyi kimi, ermənilərin qondarma «Qərbi Ermənistan» iştahaları təkcə Türkiyə və Azərbaycan torpaqları ilə kifayətlənmir. Məlum olduğu kimi, erməni arzuları Gürcüstanın strateji ərazisi olan Cavaxetiya bölgəsini də əhatə edir. Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli münasibətlərin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi həm Ermənistanda, həm də regionda geosiyasi maraqları olan dövlətlərdə ciddi narahatlıq doğurmaqdadır. Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan rəsmi İrəvanın keçirdiyi təlaş hissinin səbəblərini belə ifadə etmişdir: «Türkiyə, Gürcüstan və Azərbaycan arasında hərbi əməkdaşlığın formalaşması ilk növbədə Ermənistanın təhlükəsizliyinə qarşı yönəldilmiş təhdiddir. Bu formatın yaradılmasında məqsəd Ermənistanı ətraf aləmdən tədric etməkdir». Odur ki, Ermənistan Respublikası və erməni diasporası son dövrlərdə Cavaxetiya bölgəsindəki ermənilər içərisində də etnik separatizm meyillərinin gücləndirilməsinə, onların siyasi təşkilatlanmasına diqqəti xeyli artmışdır. Təbii ki, Gürcüstan ərazisinin parçalanması planlarında, eləcə də «Cavaxk məsələsi»nin gündəmdə saxlanılmasında fövqəldövlətlərin də iştirakı və yardımları istisna olunmur. Heç kimə sirr deyildir ki, Gürcüstanın «Qarabağ hadisələri»ndən ibrət dərsi götürməməsi, Abxaziyada separatizmin hərbi qarşıdurma səviyyəsinə çatdırılması, «müstəqil Abxaziya Respublikası»nın yaradılması bu tandemin məntiqi nəticələrindən biridir.
Bu gün Ermənistanın strateji planlarında tanınmayan «Abxaziya Respublikası» önəmli yer tutmaqdadır. Məhz rəsmi İrəvanın səyləri ilə qondarma «Dağlıq Qarabağ Respublikası» və Abxaziyanın separatçı rejimləri arasında müttəfiqlik əlaqələri genişləndirilir və ortaq mənafelər formalaşdırılır. Lakin həmin prosesdə məhz tanınmayan «Abxaziya Respublikası» üçün təhlükəli tendensiya – bu qondarma qurumun ermənilərin siyasi və iqtisadi nəzarəti altına keçməsinin və tədricən erməniləşdirilməsinin əlamətləri qabarıq şəkildə müşahidə olunmaqdadır. Abxaziyanın «erməni» əhalisinin əsas hissəsinin xristian (qriqorian) həmşinlilərdən ibarət olmasını, buradakı rejim tərəfindən daşınmaz əmlakın alınmasında Rusiya vətəndaşları üçün məhdudiyyətlərin aradan qaldırılmasını Ermənistan böyük fürsət kimi dəyərləndirmişdir. Moskvadakı amşen (həmşinli) diaspora təşkilatlarının lobbiçilik səyləri ilə ermənilər Abxaziyadakı ikili vətəndaşlıq hüququndan istifadə edərək, burada vaxtilə gürcülərə məxsus olan, hazırda isə satışa çıxarılan daşınmaz əmlakı, mənzilləri və evləri alır, müəssisələr, ticarət və iaşə obyektləri açır, Rusiyada yaşayan ermənilərin və həmşinlilərin «tarixi vətənə qayıdışını» həvəsləndirirlər. Göründüyü kimi, bu planla kitabın əvvəlki fəsillərində bəhs edilən «Kimliyə dönüş» və «Qarabağa qayıdış» proqramları arasında heç bir fərqi yoxdur. Belə ki, yaxın illərdə Abxaziyada «müstəqil erməni dövlətinin» yaradılması uğrunda siyasi mübarizənin, ciddi erməni-abxaz qarşıdurmasının başlanmasının şahidi olacağıq. Təsadüfi deyildir ki, hazırda adıbəlli «Krunk» təşkilatı Abxaziya hökumətini ermənilərin «mədəni-siyasi hüquqlarını pozmaqda ittiham edərək, qondarma «müstəqil dövlətin» ərazisində erməni muxtariyyətinin yaradılmasına dair tələblər irəli sürmüşdür. Beləliklə, ermənilərin ərazi iddialarının yeni dalğasının startı verilmişdir.
Beləliklə, ermənilərin Abxaziyaya kütləvi axını sayəsində perspektivdə Ermənistan Respublikasından və qondarma «Dağlıq Qarabağ Respublikası»ndan sonra burada üçüncü «erməni dövlətinin» yaradılması nəzərdə tutulur. Növbədə «Qərbi Ermənistanın bir hissəsi» hesab etdikləri «Cavakx Respublikası», gələcəkdə isə Şimali Qafqazda ermənilərin və xristian həmşinlilərin sıx məskunlaşdığı Adıgey Respublikası gəlir. İrəvandakı Qafqaz İnstitutunun direktoru, əslən Bakı ermənisi olan Aleksandr İskandaryan bildirir ki, Ermənistan öz ümidlərini rəsmi Kremlin «gözləmə mövqeyindən» nə vaxtsa əl çəkəcəyinə və onun strateji maraqlarında keçmiş SSRİ respublikalarının ərazilərindəki tanınmayan qurumların əhəmiyyətini real dəyərləndirəcəyinə bağlayır. Onun qənaətinə əsasən, Cənubi Osetiya və Abxaziya kimi Ermənistan və «DQR» də Rusiya Federasiyasına həmsərhəd deyildir. Odur ki, Ermənistan Moskvanın «Dağlıq Qarabağ Respublikası»nı tanımasını gözləməməli, təşəbbüsü ələ almalı və özü bu addımı atmalıdır. Belə ki, «Gürcüstan coğrafi baxımdan Ermənistanı Rusiyadan ayırır. Rusiyadan gələn bütün kommunikasiya xətləri isə bu ölkədən keçir. Gürcüstanın bir dövlət olaraq zəifləməsi və Rusiyanın Cənubi Qafqaz regionunda yeni rolu vəziyyətin dəyişdirilməsinə əlavə imkanlar açacaqdır».
Tarix üç dəfə təkrar olunur: Əvvəlcə faciə şəklində, qalan iki dəfə isə bu faciəni anlamayanlar üçün ibrət dərsi kimi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələlərində Gürcüstan neytral mövqe tutmuş və bu addımını hər iki dövlətlə dostluq münasibətlərində olması, Gürcüstanda çoxsaylı Azərbaycan türkü və erməni diasporalarının yaşaması ilə əlaqələndirmişdir. Lakin bu mövqe gözlənilən sonluqla nəticələnmiş, Gürcüstan növbəti «Dağlıq Qarabağ hadisələri» – əvvəlcə Cavaxetiyada erməni separatizminin baş qaldırması, bir müddət sonra isə Abxaziyanın öz dövlət müstəqilliyini elan edərək ayrılması ilə üzləşməli olmuşdu. Ermənistan isə Abxaziya hadisələrində xüsusi fəallıq göstərmiş, Baqramyan batalyonu və «Dağlıq Qarabağ Respublikası»nın hərbi dəstələrini oraya yeridərək yerli gürcü əhaliyə qarşı kütləvi terror aktlarının törədilməsində, bu insanların daimi yaşayış yerlərindən zor gücünə çıxarılmasında yaxından iştirak etmişdir. Üstəlik, Ermənistan BMT Baş Assambleyasının iclasında gürcü qaçqınlarının Abxaziyaya qayıtmalarının əleyhinə səs vermişdir…
Rusiya və Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumata görə, 2017-ci il may ayının 22-də Ermənistanın Rusiya Federasiyasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vardan Toqanyan Moskvada açıq fəaliyyət göstərən, Gürcüstanda isə separatçı birlik kimi tanınan «Rusiyada Cavaxk diasporası» (əslində, Gürcüstan erməniləri) təşkilatının prezidenti Ağasi Arabyanla görüşmüşdür. Səfirliyin təşəbbüsü ilə baş tutmuş həmin görüşdə Vardan Toqanyan erməni etnomədəni identikliyinin Rusiyada qorunması və inkişaf etdirilməsi, etnik konsolidasiyanın əldə olunması, «Rusiyadakı erməniliyin» qarşısına qoyulan vəzifələrin icrası istiqamətində «Cavaxk diasporasının» fəaliyyətini yüksək qiymətləndirmişdir. Görüşdə həmçinin «Gürcüstan-Ermənistan münasibətlərində yaranmış problemlər» və Rusiyadakı Cavaxk diasporasının rəsmi Tbilisiyə təsir imkanları geniş müzakirə olunmuşdur.
Əlbəttə, Gürcüstanda cərəyan edən proseslərə rəsmi İrəvanın ciddi maraq göstərməsinin səbəbi bu dövlətin Türkiyə və Azərbaycanla əməkdaşlığını özünə təhdid kimi dəyələndirməsidir. A.Arabyanın sözlərinə əsasən, Gürcüstan ərazisindən keçən «türk dəhlizi» – dəmir yolu, neft və qaz magistralları Ermənistanı ətraf aləmdən izolyasiya etməklə rəsmi Tbilisi və İrəvan arasında münasibətlərin perspektivliyini arxa plana keçirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatında vaxtaşırı keçirilən birgə hərbi təlimlər də Ermənistanı «adekvat» addımlar atmaq üzərində düşünməyə sövq etmişdir. V.Toqanyan Ermənistan da daxil olmaqla bir sıra dövlətlərin etirazına baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara hazır vəziyyətdə olduğunu vurğulamışdır. Belə ki, bu magistral təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət büdcələri üçün əlavə maliyyə mənbəyi deyil, həm də hər üç ölkəni digər dövlətlərin iqtisadi və kommunikasiya asılılığından əhəmiyyətli dərəcədə qurtaracaqdır. Aqasi Arabyan bildirmişdir: «Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismarı Ermənistanın həm iqtisadi və siyasi, həm də etnodemoqrafiya baxımından təcrid edilməsinə yönəldilmişdir. Ermənilərin sıx yaşadıqları Cavaxk bölgəsindən keçən dəmir yolu magistralı son nəticədə erməni dövlətinin ətrafında «türk həlqəsini» yaradacaqdır».
Rusiya ərazisində açıq fəaliyyət göstərən separatçı təşkilatın rəhbəri ilə Ermənistan Respublikasının rəsmi nümayəndəsinin «işgüzar əlaqələr» qurması digər şübhəli və qaranlıq məqamlardan və təhdid ehtimallarından xəbər verir. Lakin bu, Ağasi Arabyanın Ermənistan səfirləri ilə ilk görüşü deyildir. Hələ 2011-ci il iyul ayının 13-də yenə də səfirliyin – bu dəfə sabiq səfir Oleq Yesayanın təşəbbüsü ilə A.Arabyanla danışıqlar aparılmışdır. Həmin görüşdə də erməni diplomatları «Rusiya Cavaxk diasporası» təşkilatına uğurlar arzulamış, Gürcüstanın Cavaxetiya bölgəsində ermənilərin yaşayış şəraiti, mədəni hüquqlarının qorunmasının vacibliyi, onların Rusiyaya miqrasiyası nəticəsində ermənilərin həmin bölgədə demoqrafik göstəricilərinin pisləşməsi, hətta mədəni muxtariyyət tələblərinin cavabsız qalması və s. məsələlər müzakirə edilmişdir. Görüşün sonunda «Cavax» ermənilərinin tarixi vətənləri ilə əlaqələrinin genişləndirilməsi, ümumerməni və ümumermənistan xarakterli tədbirlərdə iştirakının zəruriliyinə toxunulmuş, səfirliyin isə öz növbəsində separatçı təşkilata hərtərəfli yardım göstərəcəyi qeyd edilmişdir. Mahiyyət etibarilə bu görüşlər Ermənistanın qonşu Gürcüstanda erməni separatizmini rəsmi dövlət siyasəti səviyyəsində dəstəklədiyini bir daha sübut edir.
A.Arabyanın kimliyinə gəldikdə isə vaxtilə Axaltsixe rayon kino qovşağının direktoru işləyən bu şəxs separatçılıq fəaliyyətinə Cavaxetiya bölgəsinin Gürcüstandan qoparılması və «Qərbi Ermənistan» torpaqları kimi «tarixi vətənə» – Ermənistana birləşdirilməsi məqsədilə təşkil etdiyi aksiyalarla başlamışdır. 1990-cı il aprel ayının 24-də Axaltsixe rayonunun mərkəzində ermənilərin keçirdiyi mitinq və kütləvi ixtişaşlardan sonra o, Rusiyaya sığınmış və hazırda Gürcüstanda «persona non-qrata» elan olmuş, ölkəyə girişi qadağan edilmişdir.
O ki qaldı ermənilərin və onların xaricdəki himayədarlarının «Qərbi Ermənistan ərazilərinin qaytarılmasına» və orada «Qərbi Ermənistan Respublikasının qurulmasına dair iddialarının «gerçəklik» və ya «xam xəyal» olmasına həm Azərbaycanda, həm də Gürcüstanda baş vermiş hadisələr bunun real təhdid olduğunu təsdiqləməkdədir. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində, Gürcüstanın Abzaziya Muxtar Respublikasında «treninq» keçmiş Ermənistan topladığı təcrübəni eyni ssenari, eyni ideoloji metodlar və eyni strategiya əsasında Türkiyədə də reallaşdırmağa başlamışdır. Perspektiv üçün isə Ermənistana Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji müttəfiqlik əlaqələrinin zəiflədilməsi lazımdır.
Abxaziyada həmşinlilər XIX əsrin 30-cu illərində kütləvi şəkildə məskunlaşmağa başlamışlar. XX əsrin əvvələrində – 1915-ci il hadisələrindən sonra isə həmşinli köçkünlərin sırasına Türkiyədəki etnik ermənilər də qoşulmuşlar. Vianor Paçuliya «Qədim, lakin əbədi Abxaziya» kitabında yazır ki, 1866-cı ildə Türkiyədən gəlmiş ermənilərin bir hissəsi Qara dəniz sahilindəki Tsandrişpa ərazisinə köçmüş və bir il sonra – 1867-ci ildə burada Pilenkovo qəsəbəsini salmışlar. Məskunlaşma SSRİ dövründə də davam etmişdi. 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində minlərlə erməni ailəsi yaranmış xaosdan istifadə edərək, heç bir qeydiyyata düşmədən buraya köçmüşdür.
SSRİ-nin süqutundan, Gürcüstanın öz dövlət müstəqilliyini bərpa etdikdən dərhal sonra Dağlıq Qarabağdakı separatçılıq proseslərinin analoqu eyni ssenari üzrə və eyni himayədarların iştirakı ilə Gürcüstanda da baş vermiş, Abxaziya Muxtar Respublikası dövlət müstəqilliyini elan etmiş və bu qarşıdurma 1992-ci ildə silahlı münaqişəyə çevrilmişdi. 1993-cü ildə abxaz separatçıları xarici dövlətlərdən, o cümlədən Ermənistandan göndərilən hərbi yardımlar – canlı qüvvə, silah və sursat nəticəsində muxtar respublikanın bütün ərazisinə nəzarəti tam əlinə ala bilmiş, buradakı gürcü əhalisi kütləvi şəkildə qovulmuş, əmlakları talanmış, minlərlə insan vəhşicəsinə qətlə yetirilmişdi. Əvəzində isə onların yaşadıqları məntəqələrə ermənilərin yeni köçü başlamışdı.
Ermənilər Abxaziyada iki mərhələdən ibarət separatçılıq fəaliyyətlərinə hələ ötən əsrin 80-ci illərində – Qarabağ ətrafında baş verən hadisələrlə eyni vaxtda, burada da «Krunk» və «Maştots» təşkilatları yaratmaqla təbliğat işi ilə başlamışlar. Birinci mərhələ Dağlıq Qarabağda baş vermiş proseslərin analoqudur və Abxaziyanın münaqişə yolu ilə Gürcüstandan ayrılmasını nəzərdə tutmuşdu. Azərbaycanda olduğu kimi bu təşkilatların da əsasnamələrində onların «Abxaziyada yaşayan ermənilərin etnik mədəniyyətlərinin qorunması və inkişafı», «xalqlar arasında dostluğun möhkəmləndirilməsi» və «xeyriyyəçilik» zərurəti məqsədilə təsis edildiyi qeyd edilmişdir. Burada da hər iki «ictimai təşkilatın» təsisçiləri və fəal üzvləri sırasına yerli dövlət və hökumət orqanlarının məsul işçiləri, jurnalistlər, istefada olan hərbçilər, alimlər, Gürcüstan, Ermənistan və Abxaziya ali sovetlərinin deputatları cəlb olunmuşdular. Bilavasitə Ermənistandan və erməni diasporasından təlimat alan yerli «Krunk» və «Maştots» təşkilatları vaxtilə Azərbaycanda sınaqdan çıxarılan, hazırda Türkiyədə tətbiq edilən metodologiya əsasında buradakı ermənilər və həmşinlilər arasında Abxaziyanın tarixən «qədim Ermənistan ərazilərinin tərkibində olması», vaxtilə Gürcüstan dövlətinin muxtar respublikada yaşayan ermənilərin və həmşinlilərin mədəni-siyasi hüquqlarını kobud şəkildə pozmasını geniş təbliğ olunur və hələlik abxaz xalqının öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizəsində həmrəylik göstərilməsini tövsiyə edirlər.
Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun materiallarına əsasən, separatçı abxazlar və Gürcüstan hökuməti arasında hərbi münaqişə (1992-1993-cü illər) baş verən kimi «Krunk» və «Maştots» təşkilatları dərhal «mədəni-maarifçilik» təyinatlarını bir kənara qoymuş və onların bazasında erməni silahlı qruplaşmaları yaradılmışdır. Məsələn, Qaqra şəhərində fəaliyyət göstərən «Maştots» təşkilatı xristian həmşinliləri səfərbərliyə alaraq, Abxaziyanın şərq istiqamətində döyüşmək üçün Baqramyan batalyonunu (komandiri – Qalust Trapizonyan) – gürcülərə qarşı xüsusi qəddarlığı ilə seçilən hərbi hissəni formalaşdırmışdır. «Krunk» təşkilatının yaratdığı döyüş bölmələri isə (komandiri Albert Topalyan) muxtar respublikanın qərbində Gürcüstan silahlı qüvvələrinə müqavimət göstərmişdir. Onların əli ilə Abxaziyada etnik gürcülərdən ibarət minlərlə dinc sakin xüsusi amansızlıqla qətlə yetirilmişdir. İnstitutun məlumatlarında Abxaziya-Gürcüstan münaqişəsinin 1992-1993-cü il mərhələsində 242 erməninin (həmşinli) öldürüldüyü qeyd olunur.
Həmin hadisələrin iştirakçıları və şahidləri Baqramyan batalyonunun vəhşilikləri barədə bunları deyirlər: Lavrenti Amşentsinin (Abxaziya həmşinlisi) qeydlərindən: «Baqramyan batalyonu əsasən xristian həmşinlilərdən (amşenlərdən) təşkil edilmişdi və onların sayı 1500 nəfərə çatırdı. Buraya ezam edilmiş Qarabağ «özünümüdafiə dəstələrinin» komandirləri onlara hərbi təlim keçmiş, döyüş təcrübələrini öyrətmişlər».
Şota Tetvadze və Otar Tetvadzenin «Gürcüstanda ermənilər» kitabından: «Baqramyan batalyonu Kodor dərəsində gürcülərin Amtkeli, Çampali, Kvemo Lata, Zemo Lata və digər kəndlərini dağıdaraq yerlə bir etmişdir. Qulripşidə törədilən ağlagəlməz cinayət faktlarının – qətl, vandalizm, sadizm aktlarının 90-95%-nin məsuliyyəti Baqramyan batalyonunun və bu yaşayış məntəqəsində yaşayan ermənilərin üzərinə düşür. Bu batalyonun güclənməsində erməni diasporası mühüm rol oynamışdır… Daxil olan məlumatlara əsasən, abxaz separatçıları, muzdlular və Abxaziyada yaşayan ermənilər yalnız milli mənsubiyyətlərinə (gürcü olduqlarına) görə 7000 nəfərədək gürcünü asmış, güllələmiş və diri-diri yandırmışlar. Onların arasında 50 tibb işçisi, 200 müəllim, 100 incəsənət xadimi var idi. Yüzlərlə gürcü şikəst edilmişdi. Gürcülərə məxsus yüzlərlə ev yandırılmış, 300 min nəfər əhali vətənindən qovulmuşdu… Leselidze kəndində 50 gürcüyə işgəncələr verilmiş və sonra onlar elektrik dirəklərindən asılmışdılar. Ermənilər stadionda gürcülərin kəsilmiş başları ilə futbol oynamış, insanların bədən üzvlərini kəsmiş və sonra onları güllələmişlər…».
Abxaziya Muxtar Respublikası Ali Sovetinin keçmiş sədri Temur Mjaviyanın dediklərindən: «Albert Topalyanın başçılıq etdiyi «Krunk» təşkilatının nizamnaməsi gürcülərə və Gürcüstana qarşı tezislərlə dolu idi… Bizə daxil olan məlumata görə, separatçıların tərkibində 1500 erməni hərbi əməliyyatlarda iştirak etmişdi. Onlardan 140 nəfəri öldürülmüş, 11 nəfərə «Abxaziya qəhrəmanı» adı verilmiş, 5 erməni isə medallar almışdır… «Krunk» təşkilatının guya xeyriyyəçiliklə məşğul olması əsl məqsədlərini gizlətmək üçün örtükdən savayı bir şey deyildir. Halbuki «Krunk» yarandığı vaxtdan etibarən separatçılıq fəaliyyətinə başlamışdı…».
Bondo Arveladze, ermənişünas alim: «Bəzi ermənilər bu gün Baqramyan batalyonuna bəraət qazandırmağa çalışır, guya abxazlar onları gürcülərə qarşı döyüşmək üçün hərbi dəstə yaratmağa məcbur etmişlər. Ermənilər Abxaziyaya XIX əsrin birinci yarısında köç etmişlər. Gürcülər onlara tüfəng tuşlamamış, əksinə onlara yer vermiş, çörəklərini, sularını, torpaqlarını bölüşmüşlər... Əgər Ermənistan hökuməti baqramyançıların cinayət əməllərinə düzgün qiymət verməzsə, gürcü-erməni qardaşlığı riyakarlıqdan başqa bir şey olmayacaqdır».
(Ardı var)