Teleqraf.com-un “Aşıq ədəbiyyatında azyaşlı qızların aşırı vəsf olunması şüuraltı məsələdir, yoxsa estetik tələb?” sorğusunda yazarların səsləndirdiyi fikirlərin doğurduğu ajiotaj davam edir.
Uzun illər İTV-də “Ozan məclisi” verilişinin aparıcısı olan Qorxmaz Tofiqoğlu onu narahat edən məqamları Teleqraf.com-a açıqlayıb. Qorxmaz müəllimin fikirlərini təqdim edirik:
“Öncə qeyd etmək istəyirəm ki, aşıq sənəti bizim milli sənətimizdir. Bizim musiqi ilə tanışlığımızdır. Doğrudur, kimsə laylalar, bayatılar, şamanların avazlı ritualları icra edərkən oxuduqlarını arqument olaraq təqdim edə bilər. Amma bunlar hamısı ilkin dövrlərdə olub. Bu millətin peşəkar səviyyədə yaratdığı milli sənət məhz saz sənəti olub. Ona görə də bizim hər birimiz bu sənətin təəssübkeşi olmalıyıq. Çünki özümüzə aid olanları qorumaq boynumuzun borcudur. Bir qism gənc yazarların aşıq sənəti haqda qeyri-etik danışması uzun illər aşıq sənətinin fəaliyyətində, təbliğində xidməti olan birisi kimi məni hədsiz dərəcədə narahat edir, hətta hiddətləndirir. Yazarlardan biri deyi, “aşıq sənəti küçə poeziyasıdır”. Mən də həmin gənc yazara deyirəm: “Küçə poeziyası axtaran adamlar elə özləri küçəyə meylli adamlardır. Yaxşını axtaranlar aliliyə doğru gedənlərdir!”
Digər yazar deyir: “Dədə Qorqudun freydist oxunuşu çox maraqlı olardı”. Mən də həmin yazara deyirəm: “Unutmayın ki, Dədə Qorqud bu millətin ulu babasıdır, Freydin yox! Freyd Dədə Qorqudu izah edəcək səviyyədə deyil. Dədə Qorqud olanda Freyd yox idi. Və Şərqdə fəlsəfə olanda Qərb fəlsəfənin adını belə eşitməmişdi”.
Digər yazar deyir, aşıq ədəbiyyatını məhv edənlərin başında aşıq Ələsgər dayanır. Mən də deyirəm, bilin. Aşıq Ələsgərin şəxsiyyəti, yaradıcılığı ilə aşıq sənətimiz bütöv olur. Aşıq Ələsgərə toxunan öz soyuna, kökünə həqarətlə baxan bir insandır. Füzuli divan ədəbiyyatında kimdirsə, aşıq Ələsgər də heca şeirimizdə o kəsdir. O adamlara dil uzadanlar bu millətin mənəviyyatına üz çevirmiş adamlardır!”
Xatırladaq ki, Aqşin Yenisey sorğuya cavab olaraq "Aşıq ədəbiyyatını üç-beş aşıq məhv eləyib ki, onların da başında Aşıq Ələsgər gəlir" - demişdi.
Qismət də təftişçi mövqeyindən çıxış edərək “Bu, maraqlı və cəsarətli sualdır. Çünki mədəniyyətimizin kodları haqqında radikal, sınanmamış metodların tətbiqinə təkan verir. Freydist bir baxış: Xalq ədəbiyyatında insest, pedofiliya. Məsələn, əsas kitablarımızdan olan Dədə Qorqudun freydist oxunuşu çox maraqlı olardı" - bildirmişdi.
Könül Arif isə "bu, zənnimcə, köhnə aşıqların azyaşlılara fövqəladə həvəslərindən qaynaqlanır. Müasir anlamda isə bunun adı pedofiliyadır" - deyib.
Nərmin