1 Avqust 2017 14:08
3 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Prezidentin sərəncamı ilə Azərbaycanın tanınmış kino və teatr aktrisası Ayan Mirqasımova xalq artisti fəxri adına layiq görüldü.

Teleqraf.com xalq artisti Ayan Mirqasımova ilə müsahibəni təqdim edir.

- Ayan xanım, əvvəla, sizi təbrik edirik. Xəbəri bir tamaşaçı kimi eşidəndə biz sevindik, bəs siz hansı hislər keçirdiz?

- Əlbəttə ki, mən də bu xəbərə çox sevindim, qürurlandım, özümlə, sənətimlə, ailəmlə, millətimlə bir daha fəxr etdim. Mənim üçün belə bir ada layiq görülmək böyük şərəfdir, qürurvericidir. Prezidentimizə minnətdaram, bizi heç vaxt yaddan çıxarmır. Ümumiyyətlə, Azərbaycanda bizə, yəni sənət adamlarına, mədəniyyətə, incəsənətə hər zaman diqqət və qayğı göstərilib. Nə deyə bilərəm? Çox xoşbəxtəm... Var olsun Azərbaycan mədəniyyəti!

- Gözlənilməz oldumu?

- Çox gözlənilməz oldu. Əvvəlcə internetdə çıxan informasiyanı oxuduq. Hələ xəbərin həyəcanından ayılmamış dostlarım, yaxınlarım bir-bir məni zəng vurub təbrik etməyə başladılar. Sevinc və həyəcandan danışa bilmirdim. Heç inanmırdım ki, nə vaxtsa belə bir hadisə baş verə bilər. Mən nə vaxtsa bunu yaşayacağımı ağlıma da gətirmirdim...

- Sənətə gəlməyinizdə atanız Oqtay Mirqasımovun böyük rolu olduğunu bilirik. Təbii ki, rejissor qızı olmağınız sizə kömək və həm dəstək rolunu oynayıb. Bəs ailənizin digər üzvlərinin necə, onların da dəstəyini görmüsünüzmü?

- Mən 9 yaşımdan çəkiliş meydançalarında olmuşam. Kinoda stajım az deyil. Buna görə, əlbəttə, atama hər zaman minnətdar olacam. Atamdan başqa anam da hər zaman məni dəstəkləyib. Anamın ən böyük arzusu məni aktrisa görmək idi. Buna görə də mən ailəmə, mənə inanan bütün dostlarıma minnətdarlığımı bildirirəm. Təkcə yaxınlarıma yox, məni filmlərə, baş rollara dəvət edən bütün rejissorlara borcluyam.

- Film demişkən... Sizə uğur gətirən filmlərdən danışaq.

- Mən Gülbəniz Əzimzadənin 3 filmində çəkilmişəm. Hər üçü uğurlu alınıb. Hüseyn Mehdiyevin çəkdiyi “Özgə vaxt” filmi də karyeramın uğur sirlərindəndir. Orda ifa etdiyim Leyla rolu bir çox festivallarda mənə mükafatlar gətirdi. Ümumiyyətlə, məni filmlərinə çəkən Rasim Ocaqov, Fikrət Əliyev, Elxan Qasımov, Eldar Quliyev və digər rejissorların hamısını bu gün minnətdarlıqla xatırlayıram. Onlar mənə güvəndilər, filmlərinin baş rollarını məhz mənə həvalə etdilər.

Həmçinin xarici rejissorlardan Yefim Abramov da eynən mənə güvəndi, “Araqarışdıran” filmində baş rolu verdi. Daha sonra Rusiyanın məşhur rejissoru Vyaçeslav Nikiforov məni öz teleserialına dəvət elədi.

Əlbəttə, atam Oqtay Mirqasımov məni qızı olduğum üçün yox, məhz mənə inandığı üçün baş rollara çəkdi. Onun müəllifi olduğu filmlər festivala qatılarkən, o festivallardan mən heç vaxt əliboş gəlməmişəm.

- Atanızla eyni filmdə işləyəndə münasibətiniz necə olur?

- Biz çəkilişlərdə ata-bala olduğumuzu unuduruq. Sadəcə, bir-birinə hörmət edən və var gücü ilə çalışan rejissor və aktrisa oluruq. Peşəmiz bunu tələb edir... Başqa cür mümkün də deyil.

- Qeyd etdiz ki, 9 yaşından çəkiliş meydançalarında olmusuz. Necə oldu ki, bir məktəblini filmə çəkmək qərarına gəldilər?

- İlk filmim Gülbəniz Əzimzadənin 1980-cı ildə çəkdiyi “Təkcə adanı özünlə apara bilməzsən...” filmi idi. Onda 10 yaşım vardı. Bu filmdə baş qəhrəman balerina olmalı idi. Mən də o zaman Xoreoqrafiya məktəbinin birinci sinfində oxuyurdum. Filmi çəkənlər məktəbimizə baş rol üçün uyğun bir uşaq axtarmağa gəlmişdilər. Şans da elə o zamandan üzümə gülməyə başladı. Ciddi kastinq və kino-sınaq keçirildi. Nə hikmətdirsə, onlar məni seçdilər.

Baş roluna çəkildiyim bu film bir çox beynəlxalq festivalların qran-pri mükafatına layiq görüldü. Yadımdadır, jürinin üzvlərindən biri Rusiyanın məşhur rejissor və aktyoru Roman Bıkov idi. O, filmimizi çox yüksək qiymətləndirdi. Mənə tapşırılan işin öhdəsindən gəldim. Elə o vaxtdan özümə söz verdim ki, aktrisa olacağam. Bu, mənim uğur yolum oldu.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər