29 Yanvar 2018 12:33
7 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hamının bir neçə oxşarının olduğu deyilir. Məşhur insanların oxşarı olmaq isə həmin insanlar üçün ayrıca özəllikdir.

Teleqraf.com Azərbaycanda və Türkiyədə məşhur aktyor Burak Özçivitin azərbaycanlı oxşarı ilə müsahibəni təqdim edir.

- Özünüzü təqdim edərdiz?

- Bəkir Bəkirzadə, əslən Sabirabad rayonundanam. 1993-cü il martın 17-si anadan olmuşam. 5 yaşımdan, demək olar ki, Bakıda yaşayıram. 9 il futbolla məşğul olmuşam. Bakının “İnter” klubunun azyaşlılardan ibarət komandasında oynamışam. Orta məktəbi bitirdikdən sonra 2011-ci il “Mədəniyyət və İncəsənət Universiteti”nin aktyorluq fakültəsinə qəbul olmuşdum. Ancaq oxumaqla futbol üst-üstə düşmədiyinə görə, oxumadım. Futbolun xəstəsiyəm. Hazırda da həftədə bir dəfə də olsa, idman xarakterli oynayıram, amma indi heç bir yerdə işləmirəm. Sonuncu dəfə sürücü kimi fəaliyyət göstərirdim. Qəzaya düşdüm, maşınım əlimdən çıxdı.

- Burak Özçivitə oxşadığınızı nə vaxt bildiniz?

- Mən əvvəllər bir işdə işləyirdim. Onda hələ Türkiyədə yayımlanan “Qara sevda” serialı təzə çıxmışdı. Hər dəfə işə gedəndə oradakı xanımlar məni görəndə deyirdi ki, serialın baş qəhrəmanı Kamala oxşayıram. Həmin aktyorun kimliyi özümə də maraqlı gəldi. İnternetdə araşdırıb, baxdım. Əvvəlcə onun haqqında oxudum. Gördüm maraqlı insandır. Sonra serialına baxmağa başladım. Baxdıqca hərəkətlərini, görünüşünü bəyənirdim və onu özümə kumir seçdim. Ümumiyyətlə, çox istedadlı aktyordur. Onun çəkildiyi bütün serial və filmlərə baxmışam, amma sonuncu “Qardaşım mənim 2” filminə baxmaq hələ mənə qismət olmayıb.

- Daha çox oxşamaq üçün fiziki görünüşünüzdə hansı dəyişikliklər etmisiz?

- Düzdür, saqqalda dəyişiklik olmadı, amma saçda dəyişiklik etdim. Başqa heç bir dəyişiklik etməmişəm. Bilirəm ki, bəzi adamlar xüsusilə oxşamaq üçün hətta plastik əməliyyatlar da keçirir. Mən saçdan başqa heç nə etməmişəm. Mən iynədən qorxan adamam. 6 aydır dişim ağrıyır, həkimə getmirəm. Necə gedib əməliyyat edə bilərəm. Heç ona mənim maddi durumum da imkan vermir. Saçımı keçəl qırxsam da, yenə oxşayacam. “Qara sevda” serialı ərəfəsində səhhətimdə qəribə problemlər yaranmışdı. Saç-saqqalım tökülməyə başladı. Müalicə də almadım. Həkimə də getmədim. Papaqda-şərfdə gəzirdim. İndi özümə gəlmişəm. Saçım- saqqalım görürsüz ki, indi çoxdu. Heç bilmədim ki, nə səbəbə elə olmuşdum.

- Burakın azərbaycanlı oxşarının olduğundan, yəni sizdən xəbəri var?

- Bilmirəm. Oxuduğuma görə, o belə şeyləri bəyənmir. Sadəcə olaraq özümə də maraqlıdır, məni görsə hansı reaksiyanı verər. Müsbət qarşılayacağına da əmin deyiləm.

- Şəhərdə gəzəndə reaksiyalar necə olur?

- Ümumiyyətlə, mən çox sakit təbiətli və bir o qədər də sakitliyi sevən insanam. Çox insan olan yerlərə getmirəm. Amma belə, arada gəzməyə gedəndə, əsas da ticarət mərkəzlərində olanda ətrafdakı diqqətlər məni sıxır. Axırıncı dəfə qardaşımla “Gənclik Mall”da çay içməyə oturmuşduq. Oradakı insanların mənə diqqətindən, baxışlarından çayımı rahat içə bilmədim.

- İnstaqramda fotolarınıza gələn rəylərdə bəzi insanlar sizə “süni görünürsüz, özünüzə oxşamağa çalışın” tipli rəylər yazmışdı. Belə rəylərə cavabınız necə olur?

- Oxşamaqla, oxşatmaq arasında çox böyük fərq var. Yəni hazırda Burakın saçları qısadır. Onun keçəl, təkcə bığ saxladığı vaxt da olub. Birinci çəkildiyi seriallarda heç saqqalı da yox idi. Mən bayaq da dediyim kimi, saçımı da kəsdirsəm, nə etsəm, həmin reaksiyalar, məncə, yenə olacaq. Oxşatmaq başqa şeydir. O ki qaldı İnstaqramda yazılan rəylərə, mən heç onları silmirəm də. Həmin adamlara nə cavab verə bilərəm ki? Yazıb, yazıb da. Burak özünün axırıncı vətənpərvərlik paylaşımında əsgər formasında şəkil qoyub. Şəklə “əsgərliyə getməmisən, forma geyib şəkil çəkdirisən”, “süni görünürsən” tipli şərhlər yazdılar. Axırda da Burak məcbur qalıb, rəylər bölümünü bağladı.

- Sevgi mesajları necə, alırsız?

- Dəhşətli dərəcədə çox olur. Mən İnstaqram hesabımı təzə açmışam. O vaxta qədər Buraka oxşamağım mənə önəmli deyildi. Mesaj bölümünə gələn mesajların sayı hesabı yoxdur. Baxa bilmirəm deyə silirəm. Bilirəm də ki, baxsam, uzanacaq. Ona görə heç vaxtımı elə şeylərə sərf etmək istəmirəm. Onsuz da tez-tez canlı yayım açıram. Heç ehtiyac olmur ki, direktə baxım.

- Oxşarlığınızdan istifadə edib, hansısa işinizi aşırdığınız olub?

- Düzünü deyim, olub. Çoxlu hədiyyələr almışam. Hansısa restoran və mağazalarda pul vermədən xidmətdən istifadə etmişəm. Yəni məndən hesabı ödəməyimi istəməyiblər.

- Film və reklama çəkilmək üçün təkliflər almısız?

- “Qara sevda” vaxtı mənə çox təkliflər gəldi. 3 film, 2 klip və 1 reklama çəlikməyə təklif aldım, amma heç birinə də getmədim.

- Niyə?

- Çünki həmin ərəfədə işimdən daha çox qazanırdım və vaxtım da yox idi.

- İndi işsizsiz. Yenə elə təkliflər olsa, dəyərləndirərsiz?

- Əlbəttə, mütləq, amma komediya filmi yox. Mənim xarakterim elədir ki, süni şəkildə kimisə güldürə bilmərəm. Ciddi janrda dram, romantika, mafiya filmləri olsa razılıq verərəm.

- Burakın türkiyəli oxşarına qarşı reaksiyası elə də xoş deyil. Necə düşünürsüz, bu sizə qarşı da belə olardı?

- Rəhmətlik Hüseyin Dərya tələbələrinə hər şeyi öyrədirdi deyə, onu qınayırdılar. Onun yaxşı bir sözü vardı ki, “o böyüyəcək filankəs olacaq, amma heç vaxt Hüseyn Dərya olmayacaq”. Yəni hər kimsə də Buraka oxşamağa çalışsa da, oxşasa da o, Burak deyil.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum Bəkir Bəkirzadə adını tanıtmaqdır. Hansı sənətlə tanınmağının fərqi yoxdur. Sadəcə, gözəl tanınsın. Adımdan çox xoşum gəlir. Yaddaşlarda qalsın. İnsan dünyaya elə-belə gəlməyib. Nəsə etməlidir.

- Burakın Bakıda olan təqdimatlarına qatılmısız?

- Yox olmamışam və heç istəməmişəm də. Çunki çox tünlük olur. Mənim də başım elə səs-küyü götürmür. Adi İnstqramda 10 dəqiqə canlı yayım edirəm, sonra başımın ağrısından dərman içirəm. Qapalı insanam, sakitliyi sevirəm. Lap təqdimata getsəydim də, əminəm ki, 5 dəqiqə orada qalmayacaqdım.

- Burakın səfərlərində xanım pərəstişkarlarının reaksiyaları günlərlə sosial şəbəkədə müzakirə mövzusu oldu. Bunu necə dəyərləndirirsiz?

- Məncə, reaksiyalar hələ az idi. Fikir verdinizsə, Burak Azərbaycanla bağlı bütün paylaşımlarını sildi. Çünki gözlədiyi kimi reaksiyaları almadı. Qarşılanmağından tutmuş, pərəstişkarların reaksiyalarınadək. O, hansı ölkəyə gedirsə, oradakı təqdimatda çox böyük izdiham olur. Qızların da elə reaksiya göstərməyi normaldır. Məsələn, mən Ronaldinyonun xəstəsiyəm. O, Bakıya gələndə mən işimlə bağlı, təəssüf ki, gedə bilmədim. Amma getsəydim, mən də onu qucaqlayardım, şəkil çəkdirərdim. Çünki futbolu illərlə mənə sevdirən adamdır.

- Xanımlardan söz düşmüşkən, subaysız? Necə xanımlar sizin diqqət mərkəzinizdədir?
- Sarışın, gözlərinin rəngi fərqli xanımları çox sevirəm. Özüm əsmərəm deyə əsmər xanımlar diqqətimi çəkmir.

- Müsahibə üçün təşəkkür edirəm.

- Siz çox sağolun. İşlərinizdə uğurlar.

Qeyd edək ki, Türkiyədə və Azərbaycanda yetəri qədər məşhur olan aktyor Burak Özçivit 1984-cü il dekabrın 24-ü Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. Mərmərə Universiteti Gözəl Sənətlər Fakültəsi Fotoqrafçılıq ixtisasında oxuyub. 2003-cü ilin “Best Model of Turkey” yarışmasına qatılıb və "gələcək vəd edən" model seçilib. İlk aktyorluq təcrübəsini 2006-cı ildə "Mənfi 18" adlı serialında gənc komissar Muradı canlandırıb. Daha sonralar “Məcburi ər”(“Zoraki Koca”) və "Xəyanət" seriallarında rol alıb. 2008-ci ilin yaz aylarında isə “Baba ocağı” adlı serialda Güvən adlı xarakteri canlandırıb. Bir necə serialdan sonra 2013- 2014-cü illər arasında Rəşad Nuri Güntəkinin eyni adlı əsərindən üçüncü dəfə uyğunlaşdırılan "Çalıquşu" serialının baş rol ifaçısı olub. 2015-ci ildə "Eşq sənə bənzər", 2016-cı ildə "Qardaşım mənim" adlı filmdə rol alıb. Karyerasının zirvəsiniə siə "Qara sevda" adlı serialda canlandırdığı Kamal obrazı ilə çatıb.

Bir çox film və serialda tərəf müqabili olan Fəxriyyə Evcən ilə 2015-ci ildə başlayan sevgi münasibətləri 2017-ci il iyunun 29-unda evliliklə nəticələnib.


Müəllif: Elçin Murad, Şəfiqə Nazimqızı

Oxşar xəbərlər