20 Fevral 2018 16:05
121 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bax, Leninqraddan qayıtdığım iki aydan çoxdur. Bu vaxtacan faktiki olaraq heç nə eləməmişəm. Cəmi bir verilişdir, o da “Hekayə axşamı”. Filmlə əlaqədar işlərimsə lap fənadır. Bu, artıq təşkil edilmiş mərdimazarlığa bənzəyir.

Aydın məsələdir ki, kinoda təzə fəaliyyətə başlayan hər bir adam çətinliklərlə mütləq qarşılaşır. Ancaq kino istehsalının özünün törətdiyi əngəllər insanların qurduğu süni maneələrlə əvəzlənəndə, vallah, intihar etmək fikrinə düşürsən. Xoşbəxtlikdən mən tıxsız balıq deyiləm. Hərçənd elə bir məqam gəlir ki, hər şeyə tüpürüb getmək istəyirsən. Amma gərək bu həddə çıxmayasan.

Geriyə çəkildinmi, həməncə uduzacaqsan. Uduzmağı isə mən sevmirəm. Eybi yox, yaşayarıq, mübarizə apararıq və görərik kim kimi... Gücümüz necə də hədər sərf olunur, ilahi...”

Bunlar xalq artisti, adı Azərbaycan televiziyası tarixinə düşən, neçə-neçə tamaşalar, filmlər müəllifi Ramiz Həsənoğlunun 1975-ci il sentyabrın 15-də gündəliyinə yazdığı qeydlərdəndir. Gündəlik yazmaq vərdişini o, qiyabi təhsil aldığı Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasında öyrənəcək, həyatının müxtəlif dönəmlərini – sevincli, kədərli yaşantılarını qələmə alacaq. Bəzən yazmaqdan vaz keçib, susacaq da... Amma sonra yenə, yenə, yenə yazacaq...

İnsan başına gələnləri, olub-bitənləri, gələcək planlarını yazır, onun həyatını yazan isə Allahdır.

Allahın Ramiz Həsənoğlu üçün ayırdığı həyat payında nələr yoxdur, nələr...

“Onlar nadir cütlük idi”

- Anam Ətayə Əliyeva... Sənəti ilə ailəsi arasında harmoniya tapan xoşbəxt qadın. Buna nail olmaq elə də asan görünməsin. Amma o bunu bacarmışdı.

- Mənə hərdən elə gəlir ki, bu harmoniyanı tapmaq mümkün deyil.

- Atamla anam nadir cütlük idi. Ömürlərinin sonunacan bir yerdə və yalnız bir dəfə izdivacda olublar. Ona görə demirəm ki, bu, mütləq belə olmalıdır, aktyor ailələri əksər vaxt möhkəm olmur. Onlar isə 51 il birgə yaşadılar.

- Maraqlıdır, birgə həyat hekayələri nə vaxt başlayıb, necə tanış olublar?

- Anam Aşqabadda anadan olub. 1934-cü ildə 14 yaşında Bakıya gəlib. Ailəsi onu Bakıya Tibb İnstitutuna daxil olmaq üçün göndərmişdi, o isə sənədlərini Teatr Texnikumuna verdi. Bu sənətə uşaqlıqdan həvəsi var idi. Texnikumda Hamlet Qurbanovun anası Gülxar Həsənova ilə dostlaşır. Onun vasitəsiylə atamla – Həsən Mirzəyevlə tanış olur. Həmin ərəfələrdə Gülxar xanım Ağadadaş Qurbanovla görüşürdü. Atam da Ağadadaşla dost idi. Anamı Gülxar xanımın yanında görən atam ona vurulur. Gülxar xanımdan xahiş edir ki, onları tanış etsin. Anam danışırdı ki, bir gün Gülxar dedi, gedək Əli Bayramov adına kluba, orda məşqim var, sən də baxarsan. Getdik, bizi əlində tar olan oğlan qarşıladı. Çox gözəl idi... Gülxar bizi tanış etdi, sonralar görüşməyə başladıq.

Anam 16 yaşında atamla ailə qurur. O yaşda rəsmi izdivaca icazə verilmədiyindən, atam sənəddə anamın yaşını dörd yaş böyük yazdırır. Evlənirlər, amma bu dəfə də başqa bir problemlə qarşılaşırlar. Atamın ailəsi onu dağlı qızı ilə nişanlamışdı və toy tədarüklərini də yollamışdılar. Bu səbəbdən evdə narazılıq olur. Atamgil məcbur qalır, Bakıdan gedib, İrəvanda məskunlaşdılar. Anam işlədiyi Akademik Milli Dram Teatrından ayrılıb İrəvan Teatrında aktrisa, atam isə aktyor və quruluş hissə müdiri vəzifəsində işə başlayır.

Atam Həsən Mirzəyev gözəl aktyor idi, İrəvan Teatrının səhnəsində müxtəlif səpkili, o cümlədən “Otello”da Kassio, “Aydın”da Dövlət bəy kimi rollar oynayıb. Yaraşıqlıydı, cavan aktrisalar atama vurğun idilər.

1938-ci ildə bacım Tamilla dünyaya gələndə anamgil Bakıya qayıdır, atamgilin ailəsi ilə münasibətlər düzəlir, amma yenə burda çox qalmayıb, İrəvana dönürlər. Mən orada dünyaya göz açmışam.

1948-ci ildə İrəvan Teatrını bağlayıb, aktyorları başqa teatrlara göndərdilər. Anamgilin payına Gəncə Teatrı düşdü. Vəziyyət yaxşı deyildi, teatrda aylarla maaş verilmirdi. Ailəni isə dolandırmaq lazım idi. Atam ilk təhsilini Neft Texnikumunda mühəndis ixtisası üzrə aldığına görə zavodda işə düzəlmək çətin olmadı.

Yadımdadır, Gəncədə yaşayanda teatrın kollektivi tez-tez kəndlərə, rayonlara qastrol səfərlərinə gedirdi. Biz də valideynlərimizə qoşulub kəndləri gəzir, tamaşalara baxırdıq – belə böyüdük... Məndə yaxşı nə varsa, Gəncədə yaşadığım illərdən qalıb. Dostlarım təəccüblənirlər ki, folklora və muğama bu cür bələdəm. Yəqin Gəncə başqa böyük şəhərlərdən torpağa, həqiqətə daha yaxındır. Gözəl nə varsa, rişəsi torpaqdadır.

7-8 yaşımda “Koroğlu” eposunu əzbər öyrənmişdim. Anam heyrətə gəlirdi və bu barədə hamıya danışırdı.

- Ramiz müəllim, Ətayə xanımı “Azdrama”ya Adil İsgəndərov dəvət edib, doğrudurmu?

- Bəli, elədir. 1955-cı ildə “Atayevlər ailəsi” əsəri Gəncə Teatrında səhnələşdirilir, premyera günü Bakıdan gələn nümayəndə heyətinin tərkibində Adil İsgəndərov da varmış. Bir haşiyə çıxım, 1938-ci ildə valideynlərim Bakıya gələndə anam bir müddət Akademik Milli Dram Teatrında işlədi. İkinci dəfə ərizə yazıb işdən ayrılanda bu, Adil İsgəndərova pis təsir etdi. Dedi, bu dəfə də ərizə yazıb getsən, daha gəlmə. Ona görə anam nə vaxtsa Akademik Teatra qayıdacağına ümid etmirdi.

Taleyə baxın ki, Adil İsgəndərov “Atayevlər ailəsi”ndə anamın oyununu çox bəyənir, onu kənara çəkir: “Qadam, sən qayıtmaq istəyirsən?”– deyə soruşub. Anam da cavabında “Sizinlə kim işləmək istəməz ki...” deyib. O səbəbdən 1956-cı ildə Bakıya qayıtdıq, anam teatrda aktrisa, atam quruluşçu hissə müdiri işlədi.

- Atam, məndən iki yaş böyük qardaşım Rauf və mən. Qardaşım da rejissordur, hazırda Kanadada yaşayır.

- Siz necə Azərbaycandan köçüb, başqa məmləkətdə yaşayardınızmı?

- Mən bir az taxtası ağır adamam.

“Diktorluq müsabiqəsindən keçə bilmədim”

- Azərbaycan televiziyasında çəkdirdiyim ilk şəklimdir: 1966-cı ilin oktyabr ayı. İşə təzə başladığım günlər idi, televiziyanın həyətindəydim, birdən məni kimsə səslədi. Döndüm ki, operator Postuşkovdu, dedi, necə durmusan, elə də bax. Ortaya belə bir şəkil çıxdı.

Mənə elə gəlir, o vaxt kinorejissorlar bu şəkli görsəydilər, bəlkə də kinoya çəkərdilər.

Üzümdəki Gəncədən qalan il yarasıdır. Gəncədə məşhur yaradır. Uşaqkən çinarların altında oynayanda cücülər dişləyirdi, o da üzdə dərin yara açırdı. Gərək həmin dəqiqə onu yandıraydın. Hərçənd yandırmışdılar, dözməyib qopartdığımdan bu yara həmişəlik mənimlə qaldı.

Yadımdadır, bu yaraya görə televiziyada diktorluq müsabiqəsindən keçə bilməmişdim. Məni “Sənaye verilişləri” redaksiyasına rejissor köməkçisi, bir il sonra Ənvər Məmmədxanlının bacısı Həbibə Məmmədxanlının yanına – “Ədəbi-dram verilişləri” redaksiyasına göndərdilər. Həbibə xanım çox gözəl, işıqlı insan idi. Tamaşaya hazırladığım bir çox əsərləri onun tövsiyəsi ilə edirdim.

Rejissor sənətinin sirlərini isə o vaxt televiziyada çalışan Arif Babayev, Ağaəli Dadaşov, Rauf Kazımovskidən öyrənirdim.

- İlk işlərimdən biri... 1969-cu ildə Aqşin Babayevin “Bir parça həyat əsəri”ni ekranlaşdırırdıq, onun məşq prosesində çəkilən fotodur. Baş rolları Əminə Yusifqızı ilə Müxlis Cənizadə oynayırdı.

- Yaman baxışlarınız var.

- Ədabazlıq edirdim. Cavan oğlanıydım...

“Dedi, Ramiz mənə dəymə, Zərnigarı çək”

- Anarın “Sizi deyib gəlmişəm” əsərinin ilk variantını mən televiziyada çəkmişəm. Əsərin əvvəlki adı “Qəm pəncərəsi” idi, amma bunu o vaxtlar Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri Qurban Yusifzadə bəyənməmişdi, deyirdi, insanı pessimist notlara kökləyir. Məsləhəti bu idi ki, adı dəyişək. Anar da dəyişib “Dindirir əsr bizi” elədi.

Bu gözəl şəkil də 1975-ci ildə həmin teletamaşasının çəkilişindən sonra lentə alınıb. Arxada İlham Əhmədov, Rafiq Əzimov, Yaşar Nuri, Anar, Həsən Turabov, Şəfiqə Məmmədova, Nahid Hacızadə, Həbibə Məmmədxanlı, öndə isə Eldar Abasbəyli, Şahin Əlibəyli və mənəm.

- Deyəsən axı, bu tamaşa da saxlanmayıb...

- O zaman videofond yaradılmamışdı. 3 ildən sonra 1978-ci ildə videofond təsis edildi və həmin il çəkdiyim “Ötən ilin son gecəsi” filmi saxlanmaq üçün fonda göndərilən ilk tamaşa oldu.

- Səhv etmirəmsə, “Ötən ilin son gecəsi”ndə Həmidə roluna ananızı çəkmək istəmisiz...

- İstəyirdim. Amma atam xəstələndi, ona qulluq etdiyinə görə anamın vaxtı olmurdu. Dedi, Ramiz, mənə dəymə, Zərnigarı çək. Mən də sözündən çıxmadım. Çəkiliş üçün anam hətta öz paltarını da Zərnigar xanıma verdi.

“Yollar görüşəndə” tamaşasına başlayanda yenə anamı çəkmək istədim, bu dəfə Gülxar Həsənovanı təklif etdi. Onunla yalnız “Topal Teymur”da işləmək qismət oldu.

Sənətlə bağlı olan anamla çox açıq söhbətlərimiz olurdu, tez-tez onunla məsləhətləşirdim. Həmişə deyirdi, zəif aktyorla işin olmasın, uduzarsan. Aktyorun ən yaxşısını seç.

Mənə elə gəlir, bir rejissor kimi valideynlərimin diqqətini “Ötən ilin son gecəsi” tamaşası ilə çəkməyə başladım. Atam mənimlə çox öyünərdi. Hərdən zarafatla ”Ləvənd oğlu ləvənd, mənə də bir rol ver, gör necə oynayaram”, – deyərdi.

Yeri gəlmişkən, vaxtilə Arif Babayev atamı “Uşaqlığın son gecəsi” filminə çəkmək istəyəndə razılıq verməmişdi. Filmdə həmin rolu Yusif Vəliyev yaradıb.

- 1976- cı ildə “Nurlu talelər” sənədli filminin son çəkiliş gününün şəklidi.

Bura Səadət sarayının qarşısıdır. Ruhəngiz Qasımova filmin səs rejissoru idi, dostluğumuzun təzə-təzə başladığı dönəmlərdi. Sonralar onun üç əsərinə – “Yollar görüşəndə”, “Ömrün yollarında”, “Qonşu qonşu olsa”ya televiziyada, bir əsərinə isə teatrda quruluş verdim.

“İlk namizədim Mehdi Məmmədov idi”

- Bu isə “Topal Teymur” teletamaşasının çəkilişi zamanı lentə alınıb. Teymur obrazına ilk namizədim Mehdi Məmmədov idi. Amma Mehdi müəllimin nüfuzu, imici ona bu təklifi etməkdən məni çəkindirdi.

İkinci namizədim Məmmədrza Şeyxzamanov idi, hərçənd onun simasındakı nur, xeyirxahlıq Teymur roluna uyğun gəlmirdi. Sonra Həsən Turabov, Hamlet Xanızadə, Fazil Bayramov rola namizəd göstərildi. Nəhayət, Hamlet Xanızadənin üzərində dayandım.

Tamaşanın çəkilişləri ərəfəsində Hamlet teatrda Mehdi Məmmədovun quruluşunda hazırlanan “İblis”də İblisi canlandırırdı. Bizim tamaşadan xəbər tutan Mehdi müəllim çox qayğılanmışdı. Hamletdən “Sən iki böyük əsərdə oynayırsan. Bunun məsuliyyətini başa düşürsən?” – deyə soruşmuşdu. Bilmirəm Hamlet cavabında nə demişdi, amma mənə elə gəlir ki, o bu ağır yükün altından üzüağ çıxdı.

- İkicə günə çəkdiyim “Günahsız Abdulla” teletamaşasının iştirakçıları ilə belə bir xatirə şəkli çəkdirmişdik.

- Səhv etmirəmsə, bu sizin o vaxtacan əcnəbi müəllifin əsərinə ilk müraciətiniz idi.

- Elədir, bu tamaşanın ideyası 1981-ci ildə Riqada keçirilən teletamaşa festivalında yarandı. Mən o festivala “Ötən ili son gecəsi”ni aparmışdım. İşimi bəyənən gürcülər mənə birgə tamaşa hazırlamağı təklif etdilər. Layihənin müəllifi Tomaz Qoderzişvilinin fikri bu idi ki, bizimkilər gürcü dramaturqunun pyesini gürcü aktyorları ilə birgə Tiflisdə hazırlasınlar və özləri də oxşar işlə Bakıya gəlsinlər. Onda Tomaz mənə Cavaxaşvilinin “Günahsız Abdulla” povestini oxumağımı tövsiyə etdi. Mən əsəri bəyəndim, di gəl, gürcülər sözlərinin üzərində durmadılar. Ona görə özüm 1984-cü ildə bu əsərə Azərbaycan Televiziyasında quruluş verməyə qərara aldım.

Ramiz Mirzəyev necə Ramiz Həsənoğlu oldu?

- “Ordan-burdan”... Azərbaycan sərhədlərini aşan, Sovet İttifaqının mərkəzi televiziyasının 1-ci kanalı ilə yayımlanan ilk teletamaşa...

- Həm də çox məşəqqətlər hesabına başa gələn tamaşa... Azərbaycan televiziyasının tarixində ilk dəfə iştirakçılardan və balet qrupundan ötrü 40-a yaxın kostyum tikdirilmişdi, mebellər, əlbisələr alınmışdı. Çəkiliş zamanı dekorlar 13 dəfə dəyişdirildi.

Əvvəlcə Əlibəy rolunu Telman Adıgözəlova, Həmidi isə Fəxrəddin Manafova tapşırmışdım. Amma istədiyimi onlardan ala bilmədim, ona görə Yaşar Nuri-Rəfael Dadaşov tandeminin üzərində dayandım.

Salman bəy roluna isə Hamlet Qurbanovu çağırmışdım, məşq prosesində yanıldığımı hiss edib, Siyavuş Aslanı dəvət etdim. Çəkilişlərin ən qızğın zamanında Siyavuş böyrəklərindən xəstələndi, xəstəxanada yatmalı oldu. Çox pis vəziyyətə düşdüm. Birdən ağlıma Cahangir Novruzov gəldi, o zaman Şəki Teatrının rejissoru idi. Dəvətimi qəbul edib gəldi, Salman bəyi canlandırdı.

Bu tamaşa həm də “Ramiz Mirzəyev” soyadı ilə efirə verilən sonuncu teletamaşa oldu. Çünki 1987-ci ildə atam dünyasını dəyişəndən sonra Mirzəyev soyadını “Həsənoğlu” ilə əvəzlədim.

- Bu şəkil “Yaşıl eynəkli adam” tamaşasının çəkilişindən öncə lentə alınıb. Hacıbəy Tevtonski rolunda Hacı İsmayılov, Vaqif Səmədoğlu, Tariyel Vəliyev və mən.

Vaxt az, iş çox, ona görə iş prosesinə Tariyel müəllim də cəlb olunmuşdu. O daha çox aktyorlarla işləyirdi. Tamaşanı 25 günə təhvil verdik. İşıq sürəti ilə... O vaxt üçün bu, çox qısa zaman kəsiyi idi. Doğrusu, tamaşa belə yaddaşlarda qalıb, seviləcəyini düşünmürdük. O zaman əsas vəzifəmiz işi vaxtında təhvil vermək, qrafikdən geri qalmamaq idi.

- İndi illər öncə çəkdiyiniz tamaşalarınıza baxırsınızmı? Nə hislər keçirirsiniz?

- Vaxtım, həvəsim olanda baxıram. Məsələn, Yeni ildə “Ac həriflər”i nümayiş etdirirdilər. Hiss etdim ki, tamaşa məndən uzaqlaşıb. Ekranda tamaşa gedir, mən onun kadrarxasını yadıma salıram. Oturub çox maraqla baxdım. Çox bəyəndim...

- Doğurdanmı, televiziya tamaşası dövrü bitdi?

- Yəqin ki... Əgər tələb yoxdursa... Bilirsiniz, tələb televiziyanı idarə edənlərdə yoxdur, amma tamaşaçı soruşur, istəyir. Qalırsan ortada, bilmirsən nə deyəsən. Mən rəssam deyiləm ki, istədiyim ideyanı rəsmə çevirim. Mən rejissoram, bütün sənətləri özündə birləşdirən sahənin adamıyam. Sifariş yoxdursa, mən nə edə bilərəm?

- İndi televiziya üçün tamaşaları seriallar əvəz edir.

- Bilmirəm, əvəz edirmi?

- Cavanşir Quliyevin mahnılarından ibarət “Bura vətəndir” adlı konsertin çəkilişləri zamanı lentə alınıb. Brilyant Dadaşova ilk bu verilişdə efirə çıxdı.

- 1986-ci ildə Şəkidə çəkilən şəkil: Eldəniz Quliyev, Xamis Muradov, Cahangir Novruzov, Ramiz Rövşən və ortadakı balaca-mən... Ora kino günlərinə getmişdik.

- Boyunuza “Ac həriflər”dəki ironiyanızı xatırladım. Hələ də bununla bağlı kompleksiniz var?

- Daha yox. Əvvəllər məni küçədə görəndə “Dedya Styopa” deyib, cırnadırdılar. Bilirsiniz də, Dedya Styopa Sergey Mixalkovun məşhur poemasında boyu 2 metr olan baş qəhrəmandır.

- 1996-cı ildir, yeni ilə hazırlaşırıq. Şərif Qurbanəliyev, Ramiz Əzizbəyli – başına parik qoyub və Azər Axşam. Onda Azər məşhur deyildi.

- 1996-cı ilin Yeni il çəkilişlərindən yadigar qalan gözəl şəkil... “Pantomimo” teatrının aktyorları Qurban Məsimov, Elman Rəfiyev, Pərviz Məmmədrzayev bu maska ilə ilk dəfə həmin verilişdə efirə çıxdılar. Şəkli də mənə onlar bağışlamışdılar. Elman fotonun arxasına “Ramiz müəllim, siz də qabaqda gedən ola bilərsiniz”, cümləsini yazmışdı. Çox gülməli idi.

Yeni il verilişlərini, adətən, Vasif Babayev və Nazim Zeynalov çəkirdi. Bir-iki dəfə mən çəkmişəm. Çox ağır işdir.

- Anarla birgə “Cavid ömrü” filminin çəkilişləri dönəmində İçərişəhərdə, Mişkinaz xanımgilin filmdəki evinin önündə çəkdirmişik.

- Anar müəllim bütün çəkilişlərə gəlirdi?

- Vaxtı olanda gəlirdi, maraqlanırdı. Doğma mövzular olduğundan güman ki, ürəyindən onları çəkmək istəyi keçməmiş olmazdı.

“Fuad roldan imtina etdi, səbəbini illər sonra dedi”

- Bu şəkil “Nigarançılıq” tamaşasındandır. Eldəniz Zeynalovun son rollarından biri... Həmin ərəfələrdə qolunu sındırmışdı, biz elə də çəkdik.

- Onda Eldəniz müəllimin küskün dönəmləri idi, hətta deyirdilər, təklifləri qəbul etmir.

- Hansı aktyor çəkilmək istəmir? Eldəniz istedadlı aktyor idi, rol da ona maraqlı gəldi. Adətən, mənim aktyorlarla elə bir problemim olmayıb. Bir-iki nümunəni çıxmaq şərtilə...

“Topal Teymur”u hazırlayanda Orxan obrazını Fuad Poladova təklif etmişdim. Fuad nədənsə çox mədəni şəkildə təklifimdən imtina etdi. İllər sonra bunun səbəbini açıqladı, sən demə, könlündən Yıldırım Bəyazidi oynamaq keçirmiş. Amma Bəyazid rolunda Hamlet Qurbanovun oyununu çox bəyəndiyini, seçimimizin düz olduğunu etiraf etmişdi.

İllər keçdi, əvəzini çıxdıq, Fuad “Fatehlərin divanın”da o cür gözəl rol oynadı. İndi səhhətində problemlər var, Allah ona kömək eləsin, tez sağalsın.

- Rejissor-aktyor münasibətlərində sizin üçün ən vacib detal, yaxud detallar hansılardır?

- Etik münasibətləri gözləyən adamam. Həmişə bu mövqedə olan aktyorlarla işləməyə üstünlük vermişəm. Bəlkə də bu aktyor ailəsində doğulub-böyüməyimdən qaynaqlanır.

Konfliktli aktyorlarla işləmirəm. Aktyorun nazını çəkmək lazımdır, amma kapriz göstərməyə başlayanda onunla gərək vidalaşasan.

- Özünüzü necə, kaprizli hesab edirsiniz?

- Mən kaprizli adam deyiləm, amma iş prosesində çox tələbkaram. Bunları bir-birindən fərqləndirmək lazımdır. İşin keyfiyyəti naminə tələbkarlıq nümayiş etdirən adama şıltaq adam demək olmaz.

- Məşqə gecikən adamları isə sevmirsiniz...

- Təbii. Hər birimiz bir ömür yaşayırıq, o səbəbdən niyə kimsə gecikərək mənim ömrümdən oğurlasın? Yaxud əksinə... Axı, biz iş prosesindəyik...

- Bayaq dəvət etdiyiniz bəzi aktyorlarla bağlı çəkiliş prosesində fikrinizin dəyişdiyini dediniz. Bildiyim qədər, belə bir hal “Cavid ömrü” filmində də baş verib.

- Ad çəkməyəcəm, çünki həmin adamın qəlbinin qırılmasını istəmirəm. “Cavid ömrü” filmində baş rola başqa aktyoru çəkirdim. Amma iş prosesinin ortasında səhvimi anladım...

- Cəlil Məmmədquluzadənin ev muzeyində çəkilən bu şəkildə Anarla məhz bu mövzunu müzakirə edirdik. Həmin çəkilişlərdə qəti qərara gəldik ki, alınmır.

Onda Anarla birlikdə Rasim Balayevin yanına getdik, Cavid rolu üçün razılığını aldıq.

- 1985-ci ilin şəklidir. Cavanşir Quliyevlə Bakı bulvarında gəzib, söhbət edirdik.

- Bu şəkil rəhmətlik Vaqif Səmədoğlu ilə Milli Məclisin qarşısında söhbət edən vaxt çəkilib. Telefonla çəkilsə də keyfiyyətli alınıb...

- Ramiz müəllim, Anarın, Vaqif Səmədoğlunun əsərlərini tamaşaya hazırlamısınız, Ramiz Rövşənin şeirlərindən, Cavanşir Quliyevin mahnılarından bəhrələnmisiniz. Sirr deyil ki, hər biri ilə dostluğunuz var. Onların həyatınızdakı önəmini necə ifadə edərdiniz?

- Bu və ya digər dərəcədə mənim belə şəkil almağımda onların hər birinin önəmli rolu var. Hər biri ilə zənginləşmişəm. Dostluq etdiyim adamların içində ən yaxınını seçsək, şübhəsiz, bu, Cavanşir olacaq. Hərçənd Anar da mənə əziz adamdır, Ramiz də. Sadəcə ən qocamanı Cavanşirdir.

Öz evlərindəcə görüşür və ona vurulur...

- Düz 49 il öncə – 1969-cu ildə Səadət sarayında baş tutan nikahımızdan yadigar foto. 8 il öncə dünyasını dəyişdi...

Ramiz müəllimdən Svetlana xanımla tanışlığını soruşuram, dərin sükuta dalır, susur. Onun üçün danışmağın ağır olduğunu hiss edirəm. İkinci dəfə soruşmuram, amma ümid edirəm Aydın Talıbzadənin qələmindən çıxan və Ramiz Həsənoğluna həsr olunan “Ustad və ayna” kitabından bir hissəni oxucularla bölüşdüyümə görə məndən inciməz.

“1967-ci ildə Ramiz qonşu qızın rəfiqəsi Svetlana Qorbaçova ilə öz evlərindəcə görüşür və ona vurulur. Sən demə, Svetlana rəfiqəsi Allanın ad gününə qonaq çağırılıbmış; Alla isə əvvəlcədən icazə istəyibmiş ki, məclisi Ətayə xanımgildə düzəltsin. Vallah, bir roman. Müəllifi tanrının özüdür. Həqiqətən, “YOLLAR GÖRÜŞƏNDƏ” biz nəkarəyik? Bu dəfə iki nəfərin “ulduzunu barışdırmaqdan” ötrü Allah Allanı vəsilə eləyibmiş...

Svetlana onda məmləkətin məşhur idmançılarından biri idi, Bakının “Avtomobilçi” həndbol komandasının əsas heyətinin üzvü idi, SSRİ çempionatının gümüş və bürünc medallarının sahibi idi. Yəni boyca da, nüfuzca da Ramizdən geri qalmırdı.

1969-cu il iyunun 28-də Svetlana Qorbaçova olur Mirzəyeva soyadlı bir qadın”.

- Əkiz qızlarım: Nərgiz və İlona.

- Hansı qızınız aktrisa olmaq istəyib, amma Ətayə xanım buna razılıq verməyib?

- Böyük qızım İradə. Aktrisalığa çox həvəsi vardı, gəldim anamın yanına, dedim, nəvən aktrisa olmaq istəyir. Anam icazə vermədi. Deyirdi, aktrisanın yaradıcı həyatı şansdan asılıdır. O qədər istedadlı aktyorlar var ki, istedadlarını üzə çıxartmağa şərait olmayıb.

- Amma deyirlər, istedad həmişə özünə yol açır.

- Təcrübə göstərir ki, həmişə elə olmur.

Amma qızım dediyindən dönmədi, rejissorluq fakültəsinə daxil olub, Tofiq İsmayılovun tələbəsi oldu. Bir gün rəqs kollektivi ilə birgə getdiyi İstanbulda gələcək həyat yoldaşı ilə tanışlaşdı, ailə qurub Türkiyəyə köçdü.

“Zamanın sürəti məni kədərləndirir”

- Həyatımı işıqlandıran yeddi nəvəm var: üç oğlan, dörd qız. Bu şəkillərdə nəvələrimin bir qismidir – Ayan, Umeyra, Məryəm, Əli.

- Ramiz müəllim, onlar babalarının Azərbaycan sənəti naminə gördüyü işləri dərk edirlərmi?

- Yox. Onlar başqa reallıqda yaşayırlar. Zaman dəyişir. Siz özünüzün böyüdüyünüz mühiti indikilərlə müqayisə etməyin.

- Bəs bu dəyişən mühitdə sizi nə təəccübləndirir, nə kədərləndirir?

- Zamanın tez keçməsi məni kədərləndirir. Cavan olanda bunu hiss etmirsən, yaşa dolduqca daha çox fərqinə varırsan.

Çalışıram elə bir həyat tərzi sürüm ki, heç kəsə yük olmayım. Çevik olum və nəzərdə tutduğum işləri vaxtında başa çatdırım.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər