16 İyun 2018 21:40
2 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Kult.az-a istinadən mərhum şairə Nurəngiz Günün 2000-ci ildə xalq artisti Fuad Poladov haqda yazdığı yazını mərhum sənətkarımızın vəfatının 40-cı günündə təqdim edir:

Yazıya kiçik pəncərə. Oğlancığaza dedim ki: “Ququş, get gülçüdən çiçəkləri gözəl olan bir səbət al, götür gəl. Bilirsən, onu mən səssiz-küysüz, sadə insan, dəruni sənətkar Fuad Poladov üçün düşündüm. Napoleonu oynayır e! Zarafat deyil, İmperatoru! Nicat deyir ki, (qardaşım oğludur, məndən əvvəl tamaşaya baxıb artıq) bu dəfə dünyaya Napoleon doğulsam, mənimtək əzazili elə gözəl bir bəşər övladı kimi tanıtdığı üçün ona səltənətimin ən parlaq ordenini verəcəyəm. Mən də dedim ki, bağışla, onda sən İmperator yox, metallomun müdiri kimi gələcəksən dünyaya, təzədən... Neyniyir o orden-mordeni? Ona qanad lazımdır, həyat gərəkdir. Fərəhlə yaşamağa ən çox onun haqqı var”.

Mənim odlu danışığıma Ququşun tükü də tərpəşmədi. Ləng-ləng soruşdu ki: “Hansı artistdi ye o? Oxuyan? Bu günlərdə villa alan?” “Dürtmə dünyanı gözümə... Yaxşısı budur cum, tez qayıt”.

Müsibətdi bu oğlan da. Buyur döz, həyətin o başınnan bağırır ki: “Həə tanıdıım! Tapdım e, o arıq artist... hə?”

HƏMPƏ DÜNYA QALIR ARXADA

Öndə teatrdır, əski dünya. Qədim ətir... Bir azdan unudacağam səni, qəvi rüzgar! Gecikmiş güllər də gəlib çıxdı... Vəssalam, mən «Napoleon» tamaşasına baxıram, bir qonaq xanım və Müjganım ilə... Əhsən sənə, arıq... artist! Əhsən, bütün niyabəti, vurnuxma, təlaş, həyat fəlakətini cəmi iki saatlığa unutdura bilən Napoleon!

Əzəmətli hərb cəngi vurulur. Tamaşa təslim etmişdir. Bütün fikrim haçansa özümçün «tədqiq» etdiyim - dədəsi Ayaççolu (Korsika), nənəsi xalis Bastiliya tərəkəməsi olan, bacısı Karolinanı türk Murada ərə verib, onu marşal, sonra isə Neapol kralı (1808) elan etmiş bu Nəhəngin - əslən bir türk nəşfindən törədiyi deyilən Napoleonun danışıq ədalarına, səs-söz tellərinə cəmlənmişdi. Görəsən müəllif cüzi də olsa buna toxunmuşdurmu? Birdən nəvəm pıçıldayır:

- Napoleon pirojnası bunun adınadı?

- Sus, - dedim, - Napoleon bunu bilsəydi, özünü asardı.

- Niyə, nənə?

- Çünki gerçək simalar xırda işlərlə şöhrət alveri etmirlər. Daha sual vermə.

Ah, yazıq hökmdar!.. Napoleon, nə Napoleon! Başdan-ayağa təsəlli! Demə, «yırtıcı» da incə duyğulara, çıxılmaz tərəddüdlərə, insani Qüdrətə - iç döyüşü, laməkan kədərə, İnsaf və vicdana təzim edə bilərmiş və elə o da sevə bilmək səadətinə... sahib bir «qul» imiş. Və sən demə, bu burjua, bu parlaq işıq, 36 yaşlı dəbdəbəli imperator həm də az qala burnufırtıqlı uşaq, şəxsi həyatı itmiş fırtınalı bir «bədbəxt», bəlkə də özünün özünə təslim olduğu müdhiş bir hərif, bir maymaqdır. O, ardıcıl hərblərinin içində belə iztirab daşıyıçısı, Vicdandır! Onun fitri tutumu təkçə «Siyasət» daşımır, bu tutumda - Allah qorxusu - İdrak mövcud isə, o əlbəttə ki, Qalibdir.

İndi gəl, Artist, eyni müstəvidəki «Əzrayılla» «Cəbrayılın» burun-burun duelinə yiyə dur, anlat bunu görüm tamaşaçına, parlat bu zor xisləti, çətin adamı yoxsul, kasad zəmanə səhnəsindən (miskin dekor, zəif illüminatorlar... hökmdarın nimdaş şah libası, həmşəripalana oxşayan saraydan).

İndi gəl, Sənətkar, sənə heç bir mühüm stimul, Mötədil... diqqət-nəzər, isti təmas olmadan, yığcam sənət parasına, sənət aləmindəki Qamətini qoru, hərdən də xatirə arxivində darıxmağında olan «Xalq artisti» konfetinin... əhəmiyyət fərqinə dal, düşün, sonra da günaşırı Napoleon ol! Və qartal ürəyindən Əndəlüz şərabınacan nuş etmiş olan, əyyamının qüvvətli cəngavərinin coşğun, rəngli simasını yarat, sən ey Abır, əsrarı dərin, susqun Sənətkar, ey arıq... Artist-Fuad!

Napoleonun Allah küncü. Budur, çırpınır Sərgərdə! Çırpınır Sənətkar! 3-cü yüzilliyin arxasındakı Skeletin vicdanını yaşadır. Ucaldır Bonopartı, saflaşdırır, gözəlləşdirir onu, bütün hüceyrə-sinir, iç zikkəsiylə!

MÜBARƏK MÜKAFATIN - ALLAH TƏBRİKİN, SƏNƏTKAR!

Nədir bu? Nədir Fuad? Axı sən bir o qədər də sadə olmayan bu Mücərrədi, Böyük inqilabların Böyük Fransasının Böyük Sərkərdəsini, yurdunun dəlisi, öz ikinci dünyasının cünununu, sən bu Zəkanı, sən onu - bu Qalib Məğlubu, Qəddar və Qadiri, Azadəni, sən bu heyrətamiz Zarafatı - bu ağır vəhdəti, ümdəsi Nəhəngi - əyninə necə geyindin, bu yükü necə daşıdın?! Çox acı düşüncədir (Həm də düz iki mövsümdür ki, tamaşa hərəkətdədir. Lakin Rus Səhnəsindəki «qərib» Fuadımızdan və «Napoleon» adlı tamaşadan xəbərsizmiş sən demə, Önəmlər. Heyf!..)

Fuad Poladovla həmin iyun axşamı, tamaşadan sonrakı iki ayaqüstü söhbətin səhnəciyini təqdim edirəm.

BİRİNCİ TƏQDİM:

Mən, yenə nəvəm və Beyrutdan gəlmiş ərəb mənşəli, amma türkçə də danışan, təəssüf ki, rus dili müəllimi (heç zad bilmirdi), hə, həmin o bayaq adını çəkmədiyim Medina Yusra ilə yuxarı, Sənətkarın qrim otağına qalxırıq. Pıçıltıya qapını açan Fuada hövüllənirik. Təsəvvür edin ki, iraq olsun, dənizdə çapalayıb, boğulmaqdan xilas olmuş can kimidir...

- Bu nədi, bu nədi, şəhid olmusan ki, sən!

- Ha, ha, ha! Səni xoş gördük! Sən hansı planetdəsən balam?

- Öz planetünnən danış. Xüdpəsənd əyalət!.. Gör səni nə hala salıb. Oynama daha o rolu. Yazığun gəlmir özüvə?

- Ay Nura, bilmirəm niyə belədi, bu tamaşadan sonra hər dəfə belə vəziyyətdə oluram.

- Caan... Ölüb-dirilirsən də. Canı yaneydi elə, o Napoleonun xatakar... anasının. Osman pırtdadıb, fransız bələyəndə, belə çətin olur da işlər.

Yumoru göydə tutan Fuad uğunur, Medina əzilir:

- Olurmu? Bonapart türkmü olmuş?

- Özü də rus dili müəllimi.

Deyəsən fikir anlaşılır... Gülüşürük. Neyçünsə, birdən Fuadın atası, mənim isə zoologiya müəllimim olmuş Ağarəhim müəllimi soruşuram:

- Ağa müəllimim yaxşıdır? Ayy, nə qədər quş adı bilirdi! Deyirdi noolsun ki, qu quşu gözəldir, xoşum gəlmir onnan, forsdudu. Naz-qoz, beşmekan... Qazdu da, padumayeş. Bunlardan insana ən yaxın qumrudur. Bilin, uşaqlar, qumrulardır quşların ən kulturnusu... deyirdi... Həə, bu kədər sonradan məndə şeirə çevrildi... «Qumrular... qüssəli uçur...»

- Atam çoxdan rəhmətə gedib - boynundakı yaş dəsmalı asılqana asıb başqasını götürür. Doğrusu, pərt düşürəm, həm də təsir edir...

- Neynəmək olar. Sən var ol, insana yaxın sevimli müəllimimin balası, məhləmizin kulturnu qumrusu. Göyə niyə baxırsan? Səni deyirəm e.

- Doğrudan? Ha, ha, ha... Müjgan, bəs səni hansı quşa bənzədir nənə?

- Hamısına. Ən çox deyir ki, sən mənim qumrumsan. Ağa müəllimin də şəkli var evimizdə, çiynində qumrular. Nənə özü çəkib.

- Sağ ol, Nura. - kövrəlir...

Nəsə belə. Çox qələt elədim qalxdım yuxarı. Allah bağışlasın, bir də şəklinin üzərinə «Kultura ağacı» yazdığım çərçivədəki o qumrulu... ruh ki, balasının əhvalını dübarə qarışdırdım...

İKİNCİ TƏQDİM:

Teardan çıxmışıq. Maşındayıq. “Baksovet” (“İçərişəhər”) metrosunun yanından keçəndə Ququşa deyirəm:

- Saxla burda.

Növbəti müsibət... Medina «0! moroojno!» görübmüş və «piroojna» da istəyirmiş (yaxşı ki, rusça çox bilmir). Enirik. Başım çantamın içindədir. Bu vaxt Müjgan var səsiylə bağırır:

- Nənə, nənə! Napoleon avtobusa minir!

Başımı qaldırıram:

- Fuad!!! Niyə belə?.. Düş aşağı bu saat, öz çarxımız... var da! Həm də söhbət də edərik yol boyu.

- Nə danışırsan! Bu tünlük... içində bir gün də olsa, çalxalanmasam, adamlar çıxar yadımnan, ha, ha, ha... Xudafis! Zəngləşərik.

Doğrusu, toxunur mənzərə... Onu bilirəm ki, çoxlu «Cənab!» sözü eşidirəm:

- Şofer, cənab! Cənab şofer! Saxla, saxla avtobusunu. O Napoleondur! Əmi...

- Yaxşı, bəsdi, quzu, səsin yorulur...

Qəribədir, elə bil Himalay dağlarına, Qar adamın ölkəsinə qərib yola salırıq. Üçümüz də səkidə tərpənməz durub, bir neçə an qüssəli-qüssəli əl edirik Fuada.

Avtobus o yana, biz bu yana yollanırıq. Sükutdur. Medina əzilir, üyüdür:

- Ya, bu ne biçim iş? Adamın arabası yokmu yəəni?

- ...

Medina heç cür sakitləşmir:

- Nədən ona araba bırakmadılar? Canım, o bir dahi.

- Yaxşı, yandırıb-yaxma, o arabanı «hurilərə» peşkəş ediyor “hündüranə” kişilər!...

Və elə bu. Evə çatdıq. İndi düşünürəm: bəxtəvər ruhunun başına, ay Bonapart! Əgər ruhunun əlləri olsaydı, onları tutub yana-yana pıçıldayardım: Ay əziz 250 illik sürsümük, kəmik yığını! Sənin kimi zalımın ən sıcaq, sısqa incəliklərini adamlara heç bilirsən kim anlatdı ipək kimi? Adamları səndən çox sevən, payı-piyada Ağa oğlu İnsan Fuad... Və deyəsən, sənin karetalı ədalarından bir santım uca Sənətkar!

İntəhası, sən xəbərsiz oldun... İmperator!

Onunçun da... «Qumrular... qüssəli uçurlar»...

20 iyun 2000-ci il

Nurəngiz Gün


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər