Ötən həftə ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən bir sıra Afrika və Yaxın Şərq ölkələrindən həyata keçirilən reyslər üçün əl baqajında smartfon ölçüsündən böyük qurğuların daşınmasına qadağanın tətbiq edilməsinin səbəblərindən biri terrorçuların “iPad” planşeti adı ilə gizlədilən bombadan istifadə ilə bağlı planlarının olması barədə əldə edilən informasiya olub. Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumatlı mənbəyə istinadən məlumat verib.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, qəzetin məlumatına görə, qadağanın tətbiqinə səbəb terrorçuların təyyarə göyərtəsinə “iPad” formasında partlayıcı maddəni keçirməklə bağlı planları haqqında informasiya daxil olmaqla bir sıra amillər səbəb olub.
“The Guardian” qeyd edir ki, elektron qurğu adı altında gizlədilən bombanın təyyarə salonunda partlaması onun baqaj bölməsində detonsasiyasıdan daha dağıdıcı ola bilər, çünki birinci halda partlayıcı maddəni göyərtəyə keçirən terrorçu onu qapı və ya illüminator yaxınlığında işə salmaq imkanı əldə edəcək.
Xatırladaq ki, ABŞ hakimiyyəti tərəfindən təyyarənin salonunda bir sıra elektron qurğuların daşınmasına tətbiq edilən qadağa ölkəyə səkkiz ölkədə (İordaniya, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Türkiyə, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri) yerləşən aeroportdan gələn reyslərə aiddir. Bununla yanaşı, məhdudiyyət ABŞ-a qeyd olunan ölkələrin aeroportlarından uçuşlar həyata keçirən doqquz aviaşirkətə (Royal Jordanian, Egypt Air, Turkish Airlines, Saudi Arabian Airlines, Kuwait Airways, Royal Air Maroc, Qatar Airways, Emirates, Etihad Airways) şamil olunub.