Məşhur Polşa-Amerika musiqiçisi və müəllimi Roman Totenberqin 35 il əvvəl oğurlanmış Stradivari skripkası ABŞ-da tapılıb.
Musiqi aləti skripkaçının qızına qaytarılacaq.
Məşhur italyan sənətkar Antonio Stradivari tərəfindən 1734-cü ildə düzəldilmiş skripka R.Totenberqin 1980-ci ildə Amerikanın Kembric şəhərində (Massaçusets ştatı) musiqi məktəbində verdiyi konsertdən sonra iş otağından yoxa çıxıb. Alətin itməsində müəllim skripkanın ətrafında fırlanan gənc musiqiçi Filip Consondan şübhələnib. Lakin ittihamı irəli sürmək üçün sanballı dəlil tapılmayıb.
Conson 2011-ci ildə vəfat edib. Skripka qıfılla bağlı xüsusi qutuda onun keçmiş həyat yoldaşına qaıb. Həyat yoldaşı neçə il kilidin kodunu tapmağa cəhd etsə də, yalnız bu il istədiyinə nail olub.
Consonun keçmiş həyat yoldaşı dərhal musiqi alətini əşya qiymətləndirənin yanına aparıb. O, aləti tanıyaraq oğurlanmış sənət əsərlərinin axtarışı ilə məşğul olan Federal Təhqiqatlar Bürosuna məlumat verib.
Boston Universitetinin professoru Roman Totenberq 2012-ci ildə 101 yaşında vəfat edib. Musiqiçinin üç qızından biri Nina Totenbeqin sözlərinə görə, o, oğurlanmış skripka barəsində nadir hallarda xatırlayırdı. "Onun üçün oğurluq bir ailə üzvünün ölümü kimi şey idi", - deyə qızı bildirib.
"Associated Press" agentliyinin məlumatına görə, Roman Totenberqin qızı Stradivari skripkasını satmaq niyyətindədir. Bununla yanaşı, onlar bu musiqi alətinin kiminsə kolleksiyasını zənginləşdirməkdənsə, onu ifa edəcək insanın əlinə düşməsini istəyirlər.