20 Yanvar 2023 09:14
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı ilin 20 yanvarında baş verənlər iki aspektdən qiymətləndirilməlidir. Çünki o dövr ümumsovet tərkibində yaşayan respublikalarda da bir milli demokratik azadlıq hərəkatı başlamışdı. Amma Azərbayacan üçün bu spesifiklik erməni təcavüzü dinamikasında olurdu. Eyni zamanda bu yalnız XX əsrin sonunda baş verən bir hadisə deyildi. Yüz ildən çoxdur ki, dəfələrlə, hər mərhələdə, fürsətdə şərait və beynəlxalq konjektura yarandıqda ermənilər özlərinin hüquqi, tarixi baxımından əsassız olan torpaq iddialarını həyata keçirmək niyətini ortaya qoyublar. Bunun üçün onlar yerli əhalini məhv etmək, toponimləri dəyişdirmək, bütün tarixi, dini abidələri yer üzündən silmək yolu ilə özlərinin Azərbaycan torpaqlarında qurulmuş dövlətinin ərazisini daha da genişləndirmək niyyətini gerçəkləşdirməyə çalışıblar.

Bunu Teleqraf.com-a Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.

O qeyd edib ki, Qorbaçovun "yenidənqurma” siyasəti apardığı vaxtda ermənilər də hazırlıq görürdülər:

“Bu baxımdan Qərbi Azərbaycandan, yəni Ermənsitan SSRİ-dən azərbaycanlıların son nəfərinə qədər kütləvi şəkildə qovulması baş verdi. Bu deportasiya heç də sivil yolla baş verməmişdi. Məcburi köçürmə zamanı azərbaycanlılara orada qanlı divan tutulmuşdu. Bununla da Ermənistan mono-etnik bir dövlətə çevrildi. Bunun ardınca isə onlar iddia etdikləri Qarabağ ərazisində də azərbaycanlılara qarşı amansız qətliamlar törətdilər. Bütün bu faktlar onu deməyə əsas verir ki, 1990-cı ilin 20 yanvarına gedən yol azərbaycanlıların sovet mərkəzi hakimiyyəti qarşısında ermənilərin təcüvüzkar siyasətinə qarşı haqlı, obyektiv mövqe ortaya qoymasını tələb edən hərəkat idi. Amma Azərbaycan xalqı sovet mərkəzi hakimiyyətindən bunu görmədi. Bunun əksinə olaraq birtərəfli qaydada ermənilərin maraqları müstəvisində tədbirlər həyata keçirilirdi”.

Tarixçi alim hesab edir ki, o zaman keçmiş Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların sıxışdırılıb çıxarılması ilə nəticələnən addımlar atıldı:

“Yəni, o vaxtki Azərbaycan hakimiyyətinin strukturları orada tamamilə fəaliyyətsiz idi. Bundan sonra Milli Azadlıq Hərəkatı mərkəzi hakimiyyət qarşısında daha sərt tələblər qoymağa başladı. Hətta keçmiş SSRİ daxilində Azərbaycanın siyasi, iqtisadi, süverenliyinin artırılması yönündə tələblər qoyulmuşdu. Bunlar da qanunvericlik orqanı səviyyəsində qəbul edilmiş aktlar idi. Yəni, Azərbaycan xalqı o dövr üçün mərkəzi hakimiyyətdən ədalət tələb edir. Bu ədaləti təmin etmək üçün meydana toplamış xalq tərəfindən nümayiş və dinc aksiyalar həyata keçirilirdi. Ona görə də, 1990-ci ilin 20 yanvarı ərəfəsində əslində məhz bu hadisələr baş vermişdi. Meydanlarda, küçələrdə olan Azərbaycan xalqı o vaxtki mərkəzi hakimiyyətdən haqqını tələb edirdi. Xalq heç vaxt inanmırdı ki, vətəndaşı olduğun dövlətin ordusu ona qanlı divan tuta bilər”.

Fəlsəfə doktoru bildirib ki, SSRİ qurulan ərəfədə, 1918-ci ilin martında da Azərbaycan xalqına qarşı bu cür qanlı ssenarilər həyata keçirilib:

“Onlar məhz bir bəhanə əldə edib güc yolu ilə hakimiyyəti ələ almağa çalışıblar. 1990-cı ildə sovet dövləti əslində bəhanə ilə ordusunu Azərbaycan daxil edib xalqı güc yolu ilə hakimiyyətə tabe etdirib öz iradəsini qəbul etdirmək istəyirdi. Bu təxribatlar oldu. SSRİ miqyasında daxili qoşunlar, desant qüvvələri, eyni zamanda hava hücumundan müdafiə korpusunun kontingenti, yüksək çinli hərbiçilər Azərbaycana cəlb olunaraq burada böyük bir cəbbə açılmışdı. Amma burada erməni talanı həyata keçirib özləri üçün bir bəhanə axtarıb ordunu Azərbaycana daxil etmək istəyi var idi. Sadəcə olaraq Azərbaycan xalqının iradəsi ilə bunun qarşısı alındı. Ona görə də, 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə keçmiş sovet rəhbəri Qorbaçov özünün iradəsi ilə Azərbaycan xalqına qanlı divanı tutmaq üçün ordunun yeridilməsi haqqında göstəriş verib”.

Firdovsiyyə Əhmədovaya görə, 1990-ci ilin 20 yanvar hadisəsi əslində bir dönüş tarixi oldu:

“Çünki o vaxta qədər SSRİ hakimiyyətindən hansısa ədaləti gözləyən xalq üçn o gündən etibarən artıq birmənalı şəkildə siyasi müstəqilliyi, süverenliyin əldə olunması artıq labüd idi. Ona görə də, 1990-ci ilin 20 yanvar tarixinə Azərbaycanın siyasi müstəqilliyini labüd edən bir tarix kimi baxmalıyıq. Həmin gün şəhid olan xalqımızın övladlarını da istiqlal qurbanları kimi xatirələrini daim yüksək tutmalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı