Ermənistanın dörd ölkə ilə sərhəddir, bu sərhədlərin ikisi bağlıdır. Söhbət Türkiyə və Azərbaycanla olan sərhədlərimizdən gedir. Bizim daha iki sərhədimiz Gürcüstan və İranla var. Əlbəttə, bu iki sərhəd bizim üçün çox önəmlidir, onlarla əməkdaşlıq edirik, Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-də səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Son illər biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik. İndi də Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirəsi gedir, həmin müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik və hələ də yekun razılığa gəlməli olduğumuz iki bənd qalır. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq. Azərbaycanla ikitərəfli formatda işləyirik, amma davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılmasında beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı.
Türkiyə ilə kifayət qədər fəal dialoqumuz var. Son illərdə Türkiyə prezidenti ilə bir neçə görüş keçirmişəm, Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmişəm, bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşük və birinci mərhələdə sərhədlərimizi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaqla bağlı konkret razılaşmamız var. Ümid edirik ki, bu anlaşmanın ən qısa zamanda həyata keçirilməsinə nail olacağıq. Bu istiqamətdə işləyirik”, - Baş nazir qeyd edib.
Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini yekunlaşdırıb imzaladıqdan və Türkiyə ilə münasibətlərini normallaşdırdıqdan sonra regionda müsbət sıçrayış olacaq:
“Bu, nəinki regional vəziyyəti tamamilə dəyişəcək, həm də, hesab edirəm ki, beynəlxalq duruma nəzərəçarpacaq və əhəmiyyətli təsir göstərəcək”.