30 Dekabr 2024 16:29
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiyanın mövqeyini sərt tənqid etməsi Kremlə tutarlı cavab idi.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın olayla bağlı faktları gizlətməyə çalışdığını bildirib:

“Prezident İlham Əliyevin Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiyanın mövqeyini sərt tənqid etməsi Kremlə tutarlı cavab oldu. İlham Əliyev Rusiya hakimiyyətinin üç gün səssiz qalması və təyyarənin qəzaya uğramasını “təbii səbəblər”lə əlaqələndirməsindən narazılığını ortaya qoydu. Dövlət başçısı Rusiyanın izi itirməyə çalışdığına dair konkret suallar səsləndirdi.

İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Azərbaycan Dövlət Televiziyasına (AZTV) verdiyi müsahibəsində Rusiya rəsmi strukturlarını sərt təndiq etdi. Bu o deməkdir ki, Kreml sahibinin telefonda səsləndirdiyi üzrü yarımçıq olub. Çünki Putin Rusiyanın cavabdeh olduğunu etiraf etməyib. İlham Əliyev isə müsahibəsində Rusiyanın üzrxahlığından sonra etiraf və kompensasiyanın ödənilməsinin vacibliyini bildirib.

Rusiyanın siyasi və ekspert dairlərində etiraf və kompensasiya mövzularında müzakirə getmir, İlham Əliyevin açıqlamalarını görməzlikdən gəlməyə çalışırlar. Kreml icazə vermir. Əksinə, Kremlin nəzarətindəki televiziya kanalları və bloqerlər baş verən hadisəyə görə nəyə görəsə Ukraynanı günahkar sayırlar, guya Ukrayna dronları qəsdən sərnişin təyyarəsinin uçuşuna mane olublar. Bunun özü də cinayətin izini itirməyə və cavabdehlikdən boyun qaçırmağa yönəlik təşəbbüslərdir”.

Elxan Şahinoğlu xatırladıb ki, Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Çeçenistana göndərib:

“Bastrıkin Qroznıda əməliyyat müşavirəsi keçirib. Putin anlamamış deyil ki, İlham Əliyevin təyyarə qəzasıyla bağlı haqlı tələbləri yerinə yetirilməsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək. Ancaq Putin Əliyevin tələblərini yerinə yetirsə belə, vurulan təyyarəyə niyə Qroznı və yaxınlığındakı hava limanlarından birinə enməsinə icazə verilməməsi sualı heç vaxt gündəmdən düşməyəcək.

Kremlin “pilotlar özləri Aktau istiqamətini seçiblər” versiyasını səsləndirməkdə davam etməsi Azərbaycan və beynəlxalq aləmdə qəbul edilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər