“Azərbaycan Gürcüstan üçün çox vacib tərəfdaş və çox mehriban münasibətlərimiz olan qonşu ölkədir”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalında yayımlanan “Gündəlik Xronika” verilişində deyib.
Onun sözlərinə görə, dövlətlər arasındakı dostluq münasibətləri xalqlar arasındakı dostluğa əsaslanır.
“İki ölkənin ümumi maraqları regionun tərəqqisinə yönəldilməlidir. Bölgənin rolunu daha yaxşı təmsil etməliyik ki, hər iki ölkə beynəlxalq arenada öz maraqlarını layiqincə təqdim edə bilsin”, - XİN başçısı söyləyib.
M.Boçorişvili qeyd edib ki, Gürcüstan üçün seçkilərdən və yeni hökumətin təsdiqlənməsindən sonra baş nazirin ilk səfərinin qonşu ölkələrə səfər etməsi vacib idi: “Biz, belə demək olarsa, turneyə Azərbaycandan başladıq. Bakıda ən yüksək səviyyədə çox mühüm görüşlər keçirildi”.