00:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"dan transfer olunan futbolçu Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubunda təqdimat mərasimi olub.

Teleqraf.com xəbər verir ki, tədbir "Ninyo-do-Urubu" stadionunda gerçəkləşib. Klubun futbol direktoru Joze Botodan 23 nömrəli formanı alan 29 yaşlı hücumçu arzusunu gerçəkləşdirdiyini bildirib.

"Burada olmaqdan çox şad və istəkliyəm. "Flamenqo"nun adından böyük motivasiya yoxdur", deyən Juninyo ötən mövsüm də Braziliyaya qayıtmaq üçün təkliflər aldığını açıqlayıb.

Lakin o, həmin vaxt vətəninə dönmək istəmədiyini söyləyib: "Mən münasib anı gözləyirdim. İndi isə "Flamenqo"nun mənimlə maraqlandığını bildikdə və təklif aldıqda çox düşünmədim. Çünki "Flamenqo"da oynamaq hər bir futbolçunun arzusudur. Mən buna həyatımın böyük çağırışı kimi yanaşıram. Hələ uşaqlıqdan "Flamenqo"nun adını eşidirdim. Azərbaycanda da bu klub barədə yüksək fikirdədirlər. Ən vacib məqamlardan biri də budur ki, özüm də braziliyalıyam. Baş məşqçi Felipe Luis mənə zəng etdikdə, inanmadım. Onun səviyyəsində oyunçu olmağı hamı arzulayır. Telefon danışığımızdan da çox məmnun oldum. Üstəlik, baş məşqçimizin oyun modelinə uyğun gəlirəm. Komandaya kömək etmək üçün buradayam. İnanıram ki, kollektivə çox yaxşı uyğunlaşacağam. "Flamenqo"nun heyətində Braziliya çempionu olmaq istəyirəm".

Juninyo əsasən, rəqib qapısı qarşısında mərkəzdə yer almağı üstün tutduğunu, əsas keyfiyyətlərinin isə sürət və rəqib müdafiəçilərə təzyiq olduğunu vurğulayıb. O, "Flamenqo"da əsas çətinliyin təqvimlə əlaqədar olduğunu söyləyib: "Futbol hər yerdə 11-in 11-ə oyundur. "Qarabağ" daim avrokuboklarda iştirak edir və bu da təsadüfi deyil. Bu turnirdə bütün rəqiblər güclü idi. Mən buna hazıram. Braziliyada da güclü komandalara qarşı oynayacağıq".

Təcrübəli forvard Azərbaycan barədə yüksək fikirlər səsləndirib: "Bu ölkəni siz tanımaya bilərsiniz. Amma çox gözəl ölkədir, getməyi məsləhət görürəm. Yaxşı yeməkləri var. Dostlarım üçün darıxacağam".

Qeyd edək ki, Olavio Juninyo "Qarabağ"dan "Flamenqo"ya 5 milyon avroya keçib. O, Braziliya klubu ilə 2028-ci ilin iyununadək müqavilə bağlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər