10:55
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə baş verən yol qəzasında xəsarət almış azyaşlı qız Bakıda vəfat edib.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

“Yanvarın 18-də İmişli rayonunun Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22 yanvar 2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb” - deyə məlumatda bildirilib.

TƏBİB-dən qeyd olunub ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdi: “Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmişdi. Pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı”.

Bununla da İmişlidə qəzada ölənlərin sayı 3 nəfərə çatıb. Onların hamısı azyaşlı qızlardır.

Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu ərazisində “Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və “BMW” markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 azyaşlı qız həlak olmuşdu.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı həbs olunub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər