10:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Tramp Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb. Qərarın əsas səbəbləri kimi COVID-19 pandemiyası və digər xəstəliklərin səhv idarə edilməsi, eləcə də ÜST-ə üzvlük haqqının ədalətsiz bölüşdürülməsi göstərilib. Tramp bildirib ki, təxminən 350 milyon əhalisi olan ABŞ ÜST-ə 500 milyon dollar, əhalisi 1,4 milyarddan çox olan Çin isə təxminən 39 milyon dollar ödəyir.

ÜST-lə bağlı gözlənilən durumu Teleqraf.com-a şərh edən tibb professoru Adil Qeybullanın fikrincə, ABŞ-nin tərk etməsi təşkilatın çökməsiylə nəticələnəcək:

“Bu məsələ uzun zamandır gündəmdədir. Donald Tramp iqtisadçıdır, məsələyə iqtisadi baxımdan düzgün yanaşır. ABŞ bir çox proseslərdə, təşkilatların fəaliyyətində əvəzsiz donor kimi çıxış edir. Tramp isə bunun əleyhinədir. Sirr deyil ki, ÜST COVİD-19 pandemiyasında koordinasiya funksiyasını yetərincə həyata keçirə bilmədi. Bu qədər vəsait müqabilində assosativ əlaqələr indiyə qədər düzgün qurulmayıb. Hesab edirəm ki, ABŞ rəhbərinin iddiaları tamamən yerindədir.

ABŞ-nin ÜST-dən çıxması bu təşkilatın faktiki çökməsi deməkdir. Hansısa situasiya yarandığı təqdirdə ÜST öz funksiyalarına yerinə yetirə bilməyəcək. ÜST daha çox dünyanın mötəbər profilaktika və xəstəliklərin müalicəsinə nəzarət mərkəzlərinin təsiri altındadır. Onların verdiyi qərarlar əsasında işləyir. Bu əlaqələrin özləri də maliyyə tələb edir. Onun fəaliyyəti üçün ciddi maliyyə lazımdır. Afrikada bəzi ölkələrdə böyük layihələr həyata keçirilir. Bunlar böyük maliyyə tələb edir.

Avropa Birliyi və Çin təşkilata yetəri qədər dəstək verməzsə, onun fəaliyyəti sönmüş olacaq. Maliyyələşməyə ədalətsiz yanaşma aradan qaldırılmalıdır. Nəzərə alaq ki, infeksiyaların böyük əksəriyyəti Çindən yayılır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ABŞ-nin təşkilatdan çıxmaq qərarından təəssüfləndiyini açıqlayıb. Bildirilib ki, ABŞ-nin bu qərara yenidən baxacağına ümid bəsləyirlər: “Biz dünyada milyonlarla insanın sağlamlığı və rifahı naminə ABŞ-ÜST tərəfdaşlığını qorumaq üçün konstruktiv dialoqu səbirsizliklə gözləyirik".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər