“Qara təcrübəli futbolçularımızdandır, komandamıza kömək edir. Onu futbola qaytardığımıza görə peşman deyilik. Yeri gəldikcə öz təcrübəmizi bölüşürük”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIX turunun “Zirə” ilə səfər oyununda Qara Qarayevin emosional davranışı barədə danışarkən deyib.
44 yaşlı mütəxəssis Qarayevin rəqib futbolçular və baş məşqçi Rəşad Sadıqovla yaşadığı gərginliyə də münasibət bildirib: “Futbolda belə hallar nə ilkdir, nə də son olacaq. Futbol emosional oyundur, meydanda bu cür gərginlik olur. Ancaq matç bitdikdən sonra hər şey elə baş verdiyi yerdə də qalır. Meydanda olanları şişirtmək olmaz. Bu cür gərginlik yalnız Qaranın başına gəlməyib”.
Baxşıyev son 3 oyunda uduzan “Araz-Naxçıvan”ın “qara zolaq”da olmasını isə belə şərh edib: “Futbolda elə qanun yoxdur ki, mütləq qələbə qazanmalısan. Bəli, mövsümün ilk yarısında məğlubiyyətsiz oyunlar seriyası yaxalamışdıq. Son 3 oyunda xal qazana bilmədik. Əlbəttə, məğlubiyyətlərdən nəticə çıxarmalı, toparlanmalı, növbəti oyunlara hazırlaşmalıyıq. Təhlillər edir, səhvlərimizi görürük. Fasilə yeni başa çatıb, qarşıda 17 tur var. Çempionatın ən maraqlı hissəsi başlayıb. Komandada hansısa enişin olduğunu demək düzgün deyil. Nəticə baxımından istədiyimizi qazana bilməsək də, oyun planında rəqiblərimizdən zəif təsir bağışlamamışıq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə”yə səfərdə 1:0 məğlub olan “Araz-Naxçıvan” turnir cədvəlinin ikinci pillədə yer alıb. Ardıcıl 4 oyundur qələbə qazanana bilməyən “qırmızı-ağlar”ın 39 xalı var.