Göygöl Milli Parkının direktoruna şiddətli töhmət verilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Göygöl Milli Parkında ziyarətçilərin ərazidə təmizliyə riayət etməməsi faktları ilə bağlı həyata keçirilən təxirəsalınmaz tədbirlər, o cümlədən aparılan kütləvi maarifləndirmə işləri və tətbiq edilən ciddi qaydalar nəticəsində artıq belə neqativ hallar aradan qaldırılıb. Parkın ərazisində çoxlu sayda zibil qutuları yerləşdirilib, turistlərin park ərazisinə gətirdiyi qidaların istifadəsi üçün xüsusi özünəxidmət köşkləri yaradılıb. Halbuki Milli Parklarda zibil qutularının yalnız giriş hissədə və inzibati binanın yaxınlığında qoyulması praktikası var. Çünki Milli Parklarda turistlərin tullantıları özü ilə daşıması şərtdir və buna əməl olunması vacib sayılır.
Lakin görülən tədbirlərə, aparılan təbliğat işlərinə və bu mövzuda dəfələrlə keçirilən ictimai müzakirələrə baxmayaraq, təəssüf ki, yenə də Göygöl Milli Parkının bəzi yerlərində ziyarətçilər tərəfindən atılmış tullantılara rast gəlinir. Qoyulan qadağalara baxmayaraq, əhali arasında daha çox müqəddəs yer kimi tanınan Maralgöl ərazisinə ziyarətçilər hansısa yollarla müxtəlif ərzaq və içkilər keçirir, sonra boş şüşələr ətrafa və hətta gölə atılır.
Bu günlərdə sosial şəbəkədə Maralgöl ərazisinin vətəndaşlar tərəfindən müxtəlif məişət tullantıları ilə çirkləndirilməsindən, ziyarətçilərin qaydalara əməl etməməsindən bəhs olunub və belələri qınanılıb. Göygöl Milli Parkında turistlər üçün yaradılan şərait, infrastruktur, Maralgölə avtobusların təşkili təqdir edilib. Buna baxmayaraq Nazirlik tərəfindən bu cür halların milli park əməkdaşlarınının öz xidməti vəzifələrinə laqeyd yanaşmalarının göstəricisi, vaxtında sərt tədbirlərin görülməməsi, nəzarət funksiyalarının lazımınca yerinə yetirilməməsi və milli park rəhbərliyinin öz vəzifələrini lazımi şəkildə icra edə bilməməsi kimi qiymətləndirilib.
Göygöl Milli Parkına gələn ziyarətçilərin Maralgöl ərazisini məişət tullantıları ilə çirkləndirməsinin qarşısını almadığına, lazımi qaydada nəzarət yaratmadığına və Milli Park əməkdaşlarının öz xidməti vəzifələrinə daha ciddi və məsuliyyətlə yanaşmalarını təmin etmədiyinə görə Göygöl Milli Parkının direktoruna şiddətli töhmət, Nazirliyin milli parklara nəzarət edən departamentinin rəhbərinə isə töhmət, belə halların qarşısının alınması və təkrar olunmaması məqsədi ilə müvafiq qurumlara göstərişlər verilib.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə tapşırılıb ki, milli parkların fəaliyyəti üzərində nəzarət sistemini təkmilləşdirsin, təbiət ərazilərini çirkləndirən, rejimi pozan şəxslərin vaxtında aşkar olunması və adlarının daxili qaydaları pozanlar üçün nəzərdə tutulan “Qara Siyahı”ya salınaraq parka buraxılmaması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən cərimələnməsi üçün təcili tədbirlər görsün. Qeyd edək ki, Göygöl Milli Parkına 2016-cı ilin ötən ayları ərzində, 6 yaşınadək uşaqlar da daxil olmaqla, yüz minədək ziyarətçi gəlib.