Lənkəran rayonunun Daşdatük kəndində kütləvi zəhərlənməyə səbəb olan sudan götürülmüş nümunələrin nəticəsi məlum olub.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Teleqraf.com-a açıqlamasında bildirib ki, su mənbələrindən, eyni zamanda zəhərlənən insanlardan nəcis nümunələri götürülüb: “Aparılan laborator müayinəsinin nəticələrinə əsasən bulağa çəkilmiş ikinci su xəttinin suyunda salmonellosis xəstəliyinin törədicisi olan salmonella bakteriyaları aşkarlanıb. Elə sakinlər də salmonella bakteriyaları ilə çirklənmiş sudan istifadə etməklə zəhərləniblər”.
İmran Abdulllayev qeyd edib ki, Daşdatük kəndinin su təchizatını təmin edən bulağın qoşulduğu yer bataqlıq ərazisidir: “Bu da təhlükəli sudur. Kəndin sakinləri bilmədən oradakı sudan istifadə ediblər. İlkin ehtimalarımıza görə, əhali arasında salmonella xəstəliyi ola bilər”.
Qeyd edək ki, Lənkəran rayonunun Daşdatük kəndində sudan kütləvi zəhərlənmə baş verib. Zəhərlənənlər arasında uşaqlar daha çoxdur.
İlhamə ƏBÜLFƏT