“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda boşanma və selektiv abortların səbəblərini, bunların nəticələrini araşdırmaq və təhlillər aparmaq məqsədilə boşanmalar və selektiv abortlarla bağlı sorğu anketləri hazırlayıb”.
Bu barədə Teleqraf.com-a açıqlamasında Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Komitə rəsmisi bildirib ki, sorğuda məqsəd boşanma və selektiv abortlarla bağlı ictimai rəyin öyrənilməsidir: “Bildiyiniz kimi, ailə institutunun möhkəmləndirməsi istiqamətində Dövlət Komitəsi paytaxtda və regionlarda bir sıra maarifləndirici tədbirlər həyata keçirir. Sorğuların keçirilməsi də həmin tədbirlərin davamıdır. İnsanların rəyi öyrəniləcək və müvafiq istiqamətlər üzrə tədbirlər görüləcək”.
Aynur Veysəlovanın sözlərinə görə, bu sorğulardan sonra layihə və təkliflər hazırlanacaq: “Anketdə ailədaxili münasibətlər necə tənzimlənməli, rəsmi nikah müqaviləsi, rəsmi nikah, selektiv aborta münasibət və digər məsələlər öz əksini tapıb. Sorğu oktyabr ayından dekabr ayının əvvəlinə kimi davam edəcək”.
Baş məsləhətçinin sözlərinə görə, son illər abortların ümumi sayında ciddi artım yoxdur: “2014-cu ildə 27220 nəfər, 2015-cu ildə isə 27452 nəfər abort etdirib. Bu illərdə ciddi bir artım yoxdur. 2014-ci ildə 15-17 yaş arasında abortların sayı 88, ötən ilsə 50 nəfər olub. Gördüyünüz kimi əvvəlki illə müqayisədə azalma var”.
İlhamə ƏBÜLFƏT