21 Oktyabr 2016 13:33
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tibb sahəsində kadr hazırlığı yüksək səviyyədədir. Tibb Universitetinin məzunları bu gün dünyanın bir sıra ölkələrində peşəkar həkim kimi çalışırlar. Universitetin Türkiyənin tibb üzrə ali məktəbləri ilə müqaviləsi var. Türkiyə tərəfi III kursdan etibarən bizim əlaçı tələbələri gəlib özləri seçərək aparırlar. Həmin tələbələr təhsilini Türkiyədə davam etdirir və mütəxəssis kimi ölkəmizə qayıdırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, Tibb Universitetinin prorektoru Rafiq Məmmədhəsənov deyib.

Deputat əlavə edib ki, səhiyyənin inkişafı üçün qəbul olunan dövlət proqramları olduqca əhəmiyyətlidir: “Səhiyyənin inkişafı məsələsində qəbul edilən dövlət proqramlarının xüsusi əhəmiyyəti var. Azərbaycanda səhiyyənin inkişafı ilə əlaqədar 11 dövlət proqramı qəbul olunub. Şəkərli diabet, onkoloji, talassemiya və s. xəstəliklərə düçar olmuş insanlara dövlət tərəfindən xüsusi qayğı göstərilir. Eləcə də, ana və uşaqların mühafizəsinə yönəlmiş ciddi tədbirlər görülür. Böyrək çatışmazlığından əziyyət çəkənlərə dövlət hesabına dializ köçürülür. Bununla əlaqədar həm Bakı şəhərində, həm də zonalarda müvafiq mərkəzlər var. Elə məsələlər var ki, başqa ölkələr Azərbaycanın təcrübəsindən istifadə edirlər. Məsələn, şəkərli diabet xəstələrinə dövlət qayğısı ilə əlaqədar qanunumuzu Rusiya model qanun kimi götürüb”.

Deputat daha sonra parlamentin Səhiyyə komitəsində hazırlanan qanun layihələri barədə danışıb:
“İndiyə qədər parlamentdə əhalinin sağlamlığının qorunmasına xidmət edən bir sıra qanunlar qəbul edilib. Hazırda da yeni qanun layihələri üzərində iş gedir. Mən onların bir neçəsinin adını çəkə bilərəm. Yeni layihələrdən biri psixoloji yardım haqqında qanun layihəsidir. Bu məsələ aktualdır. Bilirsiniz ki, depresiyyalar, ailə münaqişələri, kollektivdə işçi ilə münasibətlərin tənzimlənməsi və digər məsələlər bütün dünyada diqqətləri psixoloji yardımın önəminə çəkir. Psixoloji yardıma müraciət edənlərin sayının artımı isə bu sahədə diplomsuz mütəxəssilərin olması, qeyri-leqal çalışanların çoxalması kimi problemlərin üzə çıxmasına gətirib çıxarır. Bu səbəbdən psixoloji yardımla bağlı hüquqi bazanın yaradılmasına ehtiyac var.

Yeni hazırlanan qanun layihəsində psixoloji yardımın hansı çərçivədə, harada göstərilməsi, dövlət və özəl sektorda bu xidməti göstərmək üçün sertifikatın kimdən alınması, icazə verən orqanın adının müəyyənləşdirilməsi və digər məsələlərin hüquqi baza ilə tənzimlənməsi nəzərdə tutulub. Bundan başqa, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də hazırlanır ki, bu da aktual məsələdir”.

İcbari tibbi sığorta sisteminə keçidlə bağlı danışan deputat bildirib ki, bu system bir çox ölkələrdə tətbiq olunur: “Hesab edirəm ki, bu sistemin Azərbaycanda da tətbiq olunması labüddür, zəruridir. Artıq hökumət tərəfindən bu yöndə ciddi işlər gedir. Yəqin ki, yaxın zamanlarda ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Bu sistemin uğurla tətbiq olunacağına inanırıq. Bu sistemin tətbiqi həm vətəndaşlar üçün xeyirlidir, həm də səhiyyənin inkişafına əhəmiyyətli təsir göstərəcək”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər