“Dünyəvi ali təhsili olmayan şəxslərin 18 yaşında ilahi fəlsəfə ilə tanış olması bir qədər tezdir”.
Teleqraf.com-un xəbərinə görə, bu fikri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən plenar iclasında dini ekstremizmə qarşı paket qanun layihələrinin müzakirəsi zamanı etdiyi çıxışında deyib.
H.Babaoğlu bildirib ki, dünyəvi ali təhsili olanların xaricdə və ölkəmizdə ali dini təhsil alması daha məqsədəuyğundur. Onun fikrincə, məsələ ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etmək olar.
“Bəlkə qanunlara dəyişikliklər edək ki, ali təhsili olan şəxs xaricdə və ölkədə ali dini təhsil ala bilər. Çünki həmin insanlar əvvəlcə dünyəvi fəlsəfə ilə tanış olsunlar ki, hansısa dini radikal qüvvələr onların şüuru ilə manipulyasiya etməsin və hansısa ideologiyanın təsiri altına sala bilməsin”, – deyə millət vəkili vurğulayıb.
Səxavət