4 Noyabr 2016 16:21
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün taksi sifariş verdim. Taksi gəldi, maşına əyləşəndə oturacağın yanında mini-bar gördüm. Düzü, maşında bu cür şərait mənə qəribə təsir bağışladı. Taksi sürücüsü bildirdi ki, çərəzdən, sudan istifadə edə bilərəm, hətta istəsəm limonlu və kəklikotulu çay da təklif edər...

Mənsə həmin taksidən reportaj etmək qərarına gəldim.

VİP-xidmət göstərən taksi

"Mersedes" markalı bu maşın gendən sizə adi taksi kimi görünə bilər, amma oturacağa əyləşəndə fərqi dərhal hiss edəcəksiz... Maşında əsl mini-bar yaradılıb. İçəridə divarlar boyu quraşdırılmış rəflərə içki və çərəzlər düzülüb.

5 ildir taksi sürücüsü işləyən 29 yaşlı Hüseyn Hüseynov deyir ki, bu cür xidmət təşkil etmək qərarına 1 il əvvəl gəlib: “Bibim oğlu ilə xeyli fikirləşdik ki, taksidə nə yenilik edək... Axır tapdıq. Bibioğlu usta olduğu üçün maşında bu cür şərait yaratmağa xərcimiz çıxmadı. Avtomaşında mini-barın quraşdırılması bir az vaxt apardı. Rəflərin materialları dəridəndir. Artıq 1 ildir maşında müştəriyə içki, çay və digər nemətlər təklif edirəm”.

Taksinin salonunda monitor quraşdırılıb, müştəri çay istəsə sürücü həmin vaxt 1 stəkan limonlu çay təklif edir. Eyni zamanda çərəzdən, içkilərdən də istifadə mümkündür.

Maşının pəncərəsinin qarşısına "VİP-taksi" elanı da vurulub.

Sürücü iddia edir ki, şəhərdə VİP-xidmət göstərən yeganə taksidir: "Bəzən mənə kənardan baxıb dodaq büzürlər. Elə bilirlər ki, müştəri cəlb eləmək üçün bu üsula əl atıram. Elə ki, maşının salonunu görürlər, fikirlərini dəyişirlər”.

Hüseyn Hüseynovun sözlərinə görə, müştərilər daha çox çərəz və içkilərdən istifadə edirlər: “Taksiyə əyləşən hər bir müştəriyə siqaret, enerji içkiləri, konfet, şirniyyat, viski, çay stolu, çərəz, limon təklif olunur. Onlar yol boyu darıxmasın deyə arxa oturacağa monitor quraşdırmışıq. Kəklikotulu çay dəmləyib termosda maşına qoyuram. Müştəri çay istədikdə özüm süzüb, təqdim edirəm. Bundan heç bir xeyir güdmürəm. Sadəcə fərqlilik üçün edirəm”.

Çayın, çərəzin qiymətinin gedişhaqqına daxil olduğunu deyən sürücünün sözlərinə görə, yalnız siqaret və içkilər pulludur: “Onlardan da əlavə qazanc istəmirəm. Müştəriyə təqdim olunan içki və siqaretlər mağaza qiymətinədir. Müştəri oturduqda istədiyi şeyin ilk olaraq qiyməti soruşurlar. Düşünür ki, mağazadan alıb, onlara baha sataram. İzah edirəm ki, yalnız içki və siqaret pulludur. İstəsəniz çay da təşkil edə bilərəm”.

“Uşaqlı qadınlardan əlhəzər...”

Hüseyn Hüseynov deyir ki, taksiyə minən müştərilər təklif olunanların dadına baxmazdan öncə bu şəraitə heyrətlərini bildirirlər: “Daimi müştərilərim çərəzdən, çaydan rahatlıqla istifadə edirlər. Bəzi müştərilər bir az çəkinirlər... Yəqin çərəzlərin, şirniyyatın pullu olduğunu fikirləşirlər.

Elə müştəri olur ki, taksi sifariş edir, gəlib oturduqda şəraiti görür, qiymətin baha olacağını düşünüb, taksiyə minməkdən imtina edir. Bir dəfə bir dayı gəldi, maşına mindi. Əvvəl mənə, sonra maşına qəribə-qəribə baxdı. Gedəcəyimiz ünvana kimi sanki qorxa-qorxa oturmuşdu. Nəhayət, ona izah etdim ki, qiyməti 5 manata danışmışıq, onu da ödəyib maşından düşərsiniz. Amma 5 manata danışdığımız gedişhaqqını 10 manat ödəyib getdi”.

VİP-taksi sürücüsü deyir ki, hər gün iki dəfə maşını təmizlətdirir: “Taksi elədir ki, ona müxtəlif insanlar minir. Səliqə-səhman üçün gün ərzində iki dəfə təmizlətdirəm. Gündə 50 manat qazanma, 30 manat qazan, amma müştəri səndən razı qalsın.

Bir cəhətimi də deyim. Mən uşaqlı xanımları maşınıma nadir hallarda mindirirəm. Çünki analar taksidə uşaqlarına nəzarət eləmirlər. İndiki uşaqlar da maşallah, bir dəqiqə dinc durmurlar. Ona görə uşaqlı qadından yayınıram”.

Həmsöhbətimiz müştərini ünvana başqa taksilərin qiymətinə aparır: “Mən fərqli qiymətlə işləmirəm. Adi taksi müştərini neçəyə aparırsa, mən də o qiyməti deyirəm. Taksiyə oturan müştərilərin əksəriyyəti vizit-kartımı götürür”.

"Budu, “Ləbləbi” gəldi"

Həmsöhbətim deyir ki, yol polisləri onun VİP-taksisinə zarafat edirlər: “Polis bu cür maşın sürməyimə qadağa qoymayıb. Bir dəfə bir polis maşını arxamca düşdü, məni saxlatdırdı ki, o nədir maşının içində hoqqabazlıq etmisən? Maşınında içən olur? Dedim, müştəriyə baxır. Hər dəfə o polis məni görəndə zarafata salır, deyir, yenə “Ləbləbi” gəldi”.

Hüseyn Hüseynov VİP taksidə maraqlı hadisələrlə də qarşılaşıb: “Düzü, yol gedəndə hər adamı taksiyə götürmürəm. Taksidə maraqlı hadisələr tez-tez olur. Bir dəfə 3 qadın içkili halda taksiyə mindi. Monitoru qoşdum. Qizlardan biri o birisinə dedi ki, bu taksidə içki-filan var, elə burda içək. Maşındakı bütün içkilərin axırına çıxdılar...

Bu maşınla gəlin də gətirmişəm, hətta saxladıb şəkil çəkdirənlər də olur. Xaricilər daha çox şəkil çəkdirirlər”.

Müştərilərin sərbəst şəkildə çərəzdən, şirniyyatdan istifadə etməsini istəyən Hüseyn Hüseynovun sözlərinə görə, o, bunları təklif edirsə, əlavə təmənna güdmür: "Bəzən düşünürlər ki, bu cür xidmətlə çox pul qazanıram. Amma elə deyil. Hər bir taksi sürücüsü nə qədər qazanırsa, mən də təxminən o qədər qazanıram”.

Hüseyn Hüseynov gələcəkdə daha böyük və fərqli ideyanı gerçəkləşdirmək fikrindədir: “Maşınımı almaq istəyənlər olur, amma razılaşmıram. Gələcək planlarım da var. İstəyirəm təzə, böyük maşın alım orada meyvə stolu, müştərilərin oynaması üçün play-station, internetə girmək üçün tabletlər yerləşdirim. Hər halda indiki şəraiti yarada bilmişəmsə, yəqin bu planları da həyata keçirmək çətin olmaz...”

İlhamə ƏBÜLFƏT

FOTO: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər