Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb.
DİM-dən Teleqraf.com-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, eləcə də buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti hər il imtahanlar başa çatdıqdan sonra qiymətləndirilir. Bu zaman aşağıdakı parametrlər əsasında araşdırma aparılır: imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və sair.
2016-cı ildə keçirilən test imtahanlarına nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 13966 nəfərdən ibarət olub.
Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 8853, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına 5012, orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 3676 nəzarətçi cəlb edilib.
Bu il qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 854 nəzarətçi-müəllimə təşəkkür elan edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 121 nəzarətçi bazadan xaric edilib.
Qeyd edək ki, indiyə qədər DİM tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2713 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 273 müəllim fəxri fərmanla təltif edilib.
İlhamə ƏBÜLFƏT