Amerikalı jurnalist Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin ingilisdilli qruplarının tələbələrinə mühazirə oxuyub.
BDU-dan Teleqraf.com-a bildirilib ki, Cən Qudvinin tələbələrlə görüşündən məmnunluğunu ifadə edən dekan müavini, dosent Könül Niftəliyeva onun fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, hazırda “Nyu York Times” qəzetinin əməkdaşı olan amerikalı jurnalist uzun illərdir ki, araşdırmaçı kimi fəaliyyət göstərir. Araşdırmaçı-jurnalist 10-dan artıq İslam ölkəsində işləyib, müharibə, gender bərabərliyi, uşaq hüquqları ilə bağlı çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir.
Sonra BDU-nun beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev ingilisdilli qrupların müəllimləri Vəfa İsgəndərova və Anzulə Əmirovanın təşəbbüsü ilə baş tutan görüşün tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq təcrübəsini bölüşdüyü üçün amerikalı jurnalistə minnətdarlığını bildirib.
Bir neçə universitetdə mühazirələr oxuduğunu bildirən qonaq dəvətə görə təşəkkür edib. O, jurnalistika, onun müsbət və mənfi tərəfləri, özünün bu sahədə fəaliyyəti barədə ətraflı məlumat verib, çoxillik təcrübəsini bölüşüb. Azərbaycanda ilk dəfə olduğunu deyən Cən Qudvin Bakının onda xoş təəssürat oyatdığını, bu barədə işlədiyi qəzetdə məqalə dərc edəcəyini bildirib və tələbələrin suallarını cavablandırıb.